Məhkəmə qərarları › İş №2(006)-672/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-672/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-672/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Nəsimi Rayon Qaz Satışı İdarəsinə qarşı "sayğacın blokdan çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh Nəsimi Rayon Qaz Satışı İdarəsinə qarşı "sayğacın blokdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin Nəsimi rayon Qaz Satışı İdarəsi tərəfindən mənzilinə aid GPG12200354 nömrəli qaz sayğacı (abonent kodu: **********00950) məlum olmayan məktub əsasında xx.xx.2024-cü il tarixində bloklanıb. İddiaçı mənzil sahibi olaraq bunu 02 sentyabr 2024-cü il tarixdə bilmişdir. Elə zənn etmişdir ki, kartın pul balansı qurtarıb. Kartın balansını artırmaq istəyərkən xx.xx.2024-cü il tarixdə məlum olmuşdur ki, kart bloklanıb. İddiaçı 28 May metrosu yaxınlığında olan ASAN Kommunal Mərkəzinə müraciət etmiş, ona bildirmişlər ki, 95 nömrəli mənzilin sayğacı Cavabdeh İB-nin Nəsimi rayon Qaz Satışı İdarəsi tərəfindən mənzildə cihazların müayinəsinə şərait “yaradılmadığı” üçün bloklanıb. İddiaçı Cavabdeh İB-nin baş direktoru Azər Məmmədova xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə barədə ərizə ilə müraciət etmiş, bugünə kimi yazdığı ərizəyə heç bir cavab verilməyib. İddiaçıya aid mənzildə qaz cihazlarının müayinəsi barədə nə hər hansı bir bildiriş, nə də mobil telefonuna elektron formada SMS göndərilməyib. Şikayətindən sonra Qədir və Mirseyid adlı guya özlərini Cavabdeh İB-nin Nəsimi rayon Qaz Satışı İdarəsinin əməkdaşları mənzilə daxil olub müayinə edəndən sonra akt əsasında sayğacı blokdan çıxaracaqlar deyə bildirmişlər. İddiaçı isə onların qaz idarəsinin əməkdaşları olmasını təsdiq edən bir sənəd təqdim etmələrini xahiş etmiş, çünki onların əyinlərində heç bir uniforma olmamışdır. Daha sonra onlara bildirmişdir ki, “sizdən əvvəl avqust ayında üç nəfər şəxs Cavabdeh İB-nin adından mənzilə baxış keçiriblər və bildiriblər ki, abunəçi çox olduğu üçün aktı səhəri gün gətirəcəklər. İndi isə siz gəlmisiniz. Mən haradan bilim ki, siz Cavabdeh İB-nin Nəsimi rayon Qaz Satışı İdarəsinin əməkdaşlarısınız?”. Cavabdeh İB-nin Nəsimi rayon Qaz Satışı İdarəsi AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarında göstərilən qaydalara zidd olaraq heç bir yazılı xəbərdarlıq və ya elektron SMS vasitəsilə abonentə məlumat vermədən vəzifə səlahiyyətlərini aşaraq qanunazidd hərəkətlər etmişlər. Göstərilənlərə əsasən Cavabdeh İB-nin Nəsimi rayon Qaz Satışı İdarəsi tərəfindən bloklanmış GPG12200354 nömrəli qaz sayğacının (abonent kodu: **********00950) blokdan çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə 2024-cü ilin iyul ayında sayğaca texniki baxış keçirilməklə əlaqədar ona cavabdeh tərəfindən rəsmi xəbərdarlıq olunmadığını, yalnız qaz kəsiləndən sonra sayğacın bloklanmasını bildiklərini, dərhal rəsmi qaydada müraciət etdiklərini, qərara əsasən, qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməli olduğunu bildirmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə tərəflərindən 2024-cü ilin iyul ayında mübahisəli mənzilin sayğacına texniki baxış keçirilməsi ilə əlaqədar iddiaçıya rəsmi xəbərdarlıq olunmadığını, akt və ya videoçəkiliş formasında rəsmiləşdirilməsi barədə məlumatı olmadığını, dəfələrlə iddiaçı ilə əlaqə saxlanıldığını, mənzilin qapısının döyüldüyünü, amma iddiaçı tərəfindən sayğaca texniki baxış keçirilməsinə şərait yaradılmadığını, həm məktub, həm də texniki müayinə əsasında sayğaca blok qoyulduğunu, sayğac üzərindən blokun götürüldüyünü, çünki artıq tərəflərindən sayğaca texniki baxış keçirildiyini bildirmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən İddiaçı aid abonent məlumatlarından görünür ki, abonent kodu **********00950 və nömrəsi GPG12200354 olan sayğaca 14-2-2-4/3-11-2788/2024 texniki müayinənin keçirilməsinə şərait yaradılmamışdır. Azadlıq pr., Bina 18, mənzil 95 ünvanında yerləşən sayğaca xx.xx.2024-cü il tarixdə məktub və texniki müayinə əsasında blok edilib. 7.Mülki işin materiallarında olan abonent saldosundan görünür ki, ünvan 3 ünvanında yerləşən və abonent kodu **********00950 olan sayğac İddiaçı adına xx.xx.2012-ci il tarixdə quraşdırılmışdır. 8.Mülki işin materiallarında olan Cavabdehnə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşadığını, 2024-cü ilin sentyabr ayında ona qaz verilmədiyini və yoxladığı zaman kartın xx.xx.2024-cü ildə bloklandığını bildiyini, bloklanma barədə ona heç bir məlumat verilmədiyini, əməkdaşlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğunu bildirərək barələrində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. 9.Mülki işin materiallarından görünür ki, cavabdehin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı yaşadığı ünvanda yerləşən sayğaca baxış keçirilmiş və bununla bağlı ******* nömrəli müayinənin nəticəsinə dair akt tərtib edilərək, tərəflərindən imza edilmişdir. 10.Mülki işin materiallarına əlavə edilən fotoşəkillər. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən və abonent kodu **********00950, iddiaçının adına olan sayğac xx.xx.2024-cü il tarixdə bloklanmış, səbəb kimi iddiaçı tərəfindən cavabdehin əməkdaşlarına sayğaca texniki baxışın keçirilməsinə şərait yaradılmaması göstərilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, bloklanmış qaz sayğacının blokdan çıxarılmasını tələb etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “X5” Azərbaycan Respublikası Qanunu: Müayinə bu Qanunun 6-2-ci maddəsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə bu Qanunun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. Bu qanunun 6-2-ci maddəsininin 1-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Digər qanunvericilik aktları: 13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına əsasən məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 14.Hazırki iş üzrə iddiaçı sayğacına texniki baxış keçirmək üçün ona bu barədə heç bir xəbərdarlıq edilmədən sayğacının cavabdehin əməkdaşları tərəfindən blok edilməsini iddia edərək, sayğacın blokdan çıxarılmasını tələb etsə də, sonuncu məhkəmə baxış iclası zamanı cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçı əvvəl sayğacına texniki baxış keçirmək üçün şərait yaratmadığı üçün sayğacı onlar tərəfindən bloklanmış, lakin sonradan sayğaca texniki baxış keçirildiyi üçün blokdan çıxarılmışdır. Yəni görünən odur ki, iddiaçının iddia tələbi əsassızdır, belə ki, tərəflər arasında yaranan mübahisə artıq öz həllini tapmışdır və hazırki vəziyyətdə heç bir mübahisə mövcud deyildir. Bundan əlavə isə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə 18 mart 2025-ci il tarixdə sözügedən mənzil üzrə yerində baxış keçirilmiş və sayğacın blokda olmaması və mənzilə qazın verilməsi müəyyən edilmişdir. 15.Göründüyü kimi hazırki iş üzrə iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması (sayğacın blokda olmamasından) halı aşkar edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 17.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 18.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 19.Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Nəsimi Rayon Qaz Satışı İdarəsinə qarşı "sayğacın blokdan çıxarılması”na dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar