Məhkəmə qərarları › İş №2(006)-676/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-676/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-676/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «avtomobilin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «avtomobilin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan «Kia-Rio» markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilinin Cavabdeh ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında xx.xx.2013-cü il tarixli 113141-1-6709 saylı avtomobil kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 17 % ödəmək şərti ilə ona 15.841 ABŞ dolları məbləğində kredit götürmüşdür və götürdüyü kredit müqaviləsinin təminatı olaraq «Kia-Rio» markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka müqaviləsi ilə yüklü etmişdir. 2016-cı il tarixə kimi, yəni Respublikada Azərbaycan manatının ABŞ dollarına qarşı devalvasiyası kimi krediti vaxtı-vaxtında ödəmişdir. Lakin manatın devalvasiyasından sonra krediti az məbləğdə də olsa ödəmişdir. Buna baxmayaraq, Cavabdeh ASC guya kredit borcunda yaranan 7.201 ABŞ dolları borcun qaytarılmasının təminatı üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tutmanın onun mülkiyyətində olan «Kia-Rio» markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin Azərbaycan Respublikası DİN BDYPİ-nin cərimə meydançasında yerləşdirilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ hesabına kredit məbləğinin ödənilməsi qət edilmişdir. Eyni zamanda, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-8620/2016 saylı qərardadı ilə onun mülkiyyətində olan «Kia-Rio» markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobildən istifadə edilməsi, avtomobilə dair hər hansı hərəkətin edilməsi ona və digər şəxslərə qadağan edilmişdir. 2019-cu ildə X3 Palatası onun kredit borcunu anlayışla qarşılayaraq, manatın devalvasiyası nəticəsində banka ödədiyi artıq məbləği restrukturizasiya edərək manatın dollara olan kursundan artıq ödədiyi pulun – 4.400 manatın qaytarılması qərara alınmış və həmin məbləğin ona qaytarılması üçün Cavabdeh ASC-nin hesabına köçürmüşdür. Lakin bank həmin məbləği ona verməmiş və guya onun banka olan borcuna silmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12658/2019 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsi ləğv edilmiş və Cavabdeh ASC-nin ona qarşı avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinin baxılmamış saxlanılması qərara alınmışdır. Eyni zamanda, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-8620/2016 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-8620/2016 saylı qərardadı ləğv edilmiş və onun mülkiyyətində olan «Kia-Rio» markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs qadağaları götürülmüşdür. Qərardadın icrası Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilmişdir. Lakin, nə BDYPİ, nə də Cavabdeh ASC icra etməmişdir. Bununla əlaqədar o, Cavabdeh ASC-yə müraciət edərək, avtomobilin qaytarılmasını tələb etmişdir, lakin bankın ona ünvanladığı xx.xx.2020-ci il tarixli 1675 saylı məktubda ona bildirilmişdir ki, onun mülkiyyətində olan «Kia-Rio» markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil barədə yekun məhkəmə qətnaməsi qəbul edilmədən, Yasamal rayon İcra şöbəsi tərəfindən qiymətləndirmə keçirilmiş və avtomobili 6.000 manata qiymətləndirilərək hərraca çıxarılmış və həmin qiymətə avtomobil alınmamış, ikinci dəfə 15 % olmaqla qiyməti aşağı salınmış və yenə də alınmamışdır. Növbəti dəfə avtomobilin qiyməti 25 % aşağı salınmış və guya 2017-ci ildə hərracda avtomobil Cavabdeh ASC-yə satılmışdır. Qeyd edir ki, onun avtomobilinin qiymətləndirilməsi, hərracda satılması barədə onda heç bir məlumat olmamış və hərrac mərkəzi ona bu barədə məlumat verməmişdir. Hesab edir ki, bank borcun tutulması barədə Bakı Apellyasiya Məhkəməsində işin başa çatmasını gözləmədən onun avtomobilini Yasamal rayon İcra Şöbəsi vasitəsi ilə Hərrac Mərkəzində satışa çıxarması və sonradan müxtəlif yollarla həmin avtomobilin qiymətini ucuzlaşdıraraq hərracdan aşağı qiymətlə alaraq öz balansına götürməsi qanunsuzdur və ona görə də, onun avtomobilinin bankdan alınaraq ona qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, avtomobil xx xxxxxxx 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 6.000 manat, təkrar hərracda isə 15 % endirimlə 5.100 manat olmaqla hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamışdır. Bank tərəfindən təkrar hərrac qiymətindən 25 % endirimlə 3.825 manata avtomobil bankın balansına götürülmüşdür. Bank tərəfindən avtomobil digər 3-cü şəxsə satılmaqla onların da balansından çıxmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ASCnin İddiaçı qarşı «avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx xxx 2013cü il tarixli 113145-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 7.201 ABŞ dolları 81 sent əsas borc, 815 ABŞ dolları 72 sent faiz, 3 ABŞ dolları cərimə, cəmi 8.020 ABŞ dolları 53 sent (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulması) məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması, iddia tələbinin İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı, «Kia-Rio» markalı, ** VT *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin saxlanılaraq DİN BDYPİ-nin cərimə meydançasına yerləşdirilməsi və açıq hərracda satılması qət edilmişdir. Cavabdeh ASC-nin xx xxxxx 2020-ci il tarixli 1675 saylı məktubundan görünür ki, müvafiq icra şöbəsi və Hərrac evi tərəfindən müştəriyə hərracın keçirilməsi tarixi, yeri və nəticəsi barəsində məlumat verilmişdir. Yasamal rayon İcra şöbəsi tərəfindən ilkin satış qiyməti 6.000 manat olmaqla əmlak realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Müştəriyə məxsus və Cavabdeh ASC-də ipoteka ilə yüklü edilmiş avtomobil xx xxxxxxx 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 6.000 manat olmaqla, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən xx xxxxxx 2017-ci il tarixdə təkrar hərracda 15 % endirimlə 5.100 manat olmaqla hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamışdır. Qanunun 43.7-ci maddəsinə əsasən tələbkar Cavabdeh ASC tərəfindən təkrar hərrac qiymətindən 25 % endirimlə 3.825 manata avtomobil bankın balansına götürülmüşdür. Məhkəməyə hərracın təşkili və yekunları ilə bağlı müvafiq sənədlər təqdim olunmuşdur (hərrac təşkilatının hərracın yekunları barədə protokolu, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə, icra və probasiya şöbəsinə məlumat məktubu və s.). Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmiş və qətnamə avtomobilə tutma yönəldilməsinə dair hissədə icra olunmuşdur. Bundan sonra, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalanmışdır. Bundan sonra, İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli 2(103)-12658/2019 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh ASC-nin İddiaçı qarşı «avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Qərardadda qeyd edilmişdir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad Cavabdeh ASC-yə yenidən iddia iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Cavabdeh ASC-nin xx xxxxx 2020-ci il tarixli 1675 saylı məktubunda həmçinin qeyd edilmişdir ki, fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi üzrə ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı müəyyən edilmişdir və müştərinin adı həmin siyahıya daxil edilmişdir. Restrukturizasiya ilə bağlı müştəriyə məlumat verilmişdir. Məlumat üçün bildirilmişdir ki, restrukturizasiya olunacaq məbləğ 2.101 manat 94 qəpik təşkil etmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Restrukturizasiya şərtləri müştəri tərəfindən qəbul edilmədiyi üçün, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən müvafiq tədbirlər görülür. Göründüyü kimi, avtomobilin İddiaçı qaytarılması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Hazırkı şərtlər daxilində avtomobilin iddiaçıya qaytarılması mümkün olmadığından, iddianın təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «avtomobilin qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «avtomobilin qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar