Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6813/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil, cavabdeh ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km., ünvanda yerləşən İddiaçı ASC-nin mülkiyyətində 16.958,3 kv.m. qeyriyaşayış, 3,72 ha torpaq sahəsi vardır. 1970-ci illərdə inşa edilib istismara verilmiş bu müəssisənin ərazisində 0,0375 ha (375 kv.m.) torpaq sahəsində metaldan quraşdırılmış 6 nömrəli yeməkxana olmuşdur. Yeməkxana Əmlak məsələləri Dövət Komitəsinin İstehsal və Xidmət müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. 90-cı illərin sonunda metaldan quraşdırılmış həmin yeməkxana sökülmüşdür. Sonradan, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli, 396 nömrəli sərəncamı ilə İddiaçı ASC-nin ərazisində və istifadəsindəki mövcud olmayan yeməkxananın altındakı 0,0375 ha torpaq sahəsinin üçüncü şəxs Cavabdeh2 satılması qərara alınmışdır. Xırdalan Bələdiyyəsi ilə Cavabdeh2 arasında tərtib edilmiş 05.12.2006-cı il tarixli aktla (alqı-satqı müqaviləsilə) bu torpaq sahəsi Cavabdeh2 satılmışdır. Mövcud sənədlərin əsasında həmin torpaq sahəsi Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsində **********81 nömrəli reyestrdə ********* nömrəsilə Cavabdeh2 mülkiyyətinə qeydə alınıb, ona 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarış verilmişdir. Torpağı mülkiyyətinə qanunsuz almış Cavabdeh2 08.04.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən bu torpaq sahəsini "xxxx" ASC-də borcun təminatı üçün ipoteka ilə yüklü etmişdir. İddiaçı ASC-nin iddiası əsasında işə baxmış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2011-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, yuxarıda göstərilən əqdlər ləğv edilmişdir. Bu iddia verilərkən mövcud torpaq sahəsinin Cavabdeh1 ASC-də ipoteka ilə yüklü edilməsi barədə məlumat olmamışdır. Yalnız Ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2019-cu il avqustun 22-də verdiyi apellyasiya şikayətindən bu fakt iddiaçıya məlum olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərardadı ilə işə inzibati qaydada baxılması üçün qətnamə ləğv edilmiş və iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadı ilə ipoteka müqaviləsinin etibarsızlığına dair mübahisəyə mülki qaydada baxılması üçün iddia tələbinin bu hissəsi mümkün hesab edilməmiş və aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin məhkəmənin eyni tarixli qərarı ilə iddia tələbləri qalan hissədə təmin edilmişdir. Bundan sonra, iddiaçının vəkili tərəfindən ləğvetmə prosesində olan Cavabdeh1 ASC-yə ipoteka müqaviləsinin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə 2021-ci il aprelin 20-də sorğu verilmişdir. Sonuncu, bu sorğuya cavab verməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi icraya yönəldilmiş və icra edilmişdir. Odur ki, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ləğv edildiyinə görə onun hüquqi nəticəsi ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Deməli, ipotekanın dövlət qeydiyyatına əsas olmuş Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı və ona verilmiş çıxarış etibarsız hesab edildiyinə görə bu çıxarışın əsasında mövcud torpaq sahəsinin ipoteka ilə yüklülüyü barədə müqavilənin dövlət reyestrində qeydiyyatı da özü-özlüyündə etibarsızdır. Bu səbəbdən, ipoteka müqaviləsi və onun dövlət reyestrində qeydiyyatı da etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh2 ilə "xxxx" (sonradan Cavabdeh1 ) ASC-nin arasında bağlanmış Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanda İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli, İP1-141/19-AZN nömrəli ipoteka müqaviləsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.04.2008ci il tarixli, İP1 141/19-AZN saylı ipoteka müqaviləsinə əsasən 08.04.2008-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0375 ha torpaq sahəsi banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 183.750 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 01.12.2009-cu il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, "xxxx" ASC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 16-cı km. ərazidə yerləşən 16958,3 kv.sahə "xxxx" ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1 saylı reyestr kitabının 133 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2- 1(118)-130/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamı, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə 05.12.2006-cı il tarixli aktı, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyestrdə ********* nömrəsi ilə Cavabdeh2un mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MMin 269.1-269.3-cü maddələri). İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamı, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə 05.12.2006cı il tarixli aktı, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyestrdə ********* nömrəsi ilə Cavabdeh2 mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarış ləğv edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ipotekanın dövlət qeydiyyatına əsas olmuş Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı və ona verilmiş çıxarış etibarsız hesab edildiyinə görə bu çıxarışın əsasında mövcud torpaq sahəsinin ipoteka ilə yüklülüyü barədə müqavilənin dövlət reyestrində qeydiyyatı da özü-özlüyündə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 ilə "xxxx" (sonradan Cavabdeh1) ASC arasında bağlanmış Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanda İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli, İP1-141/19-AZN nömrəli ipoteka müqaviləsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə "xxxx" (sonradan Cavabdeh1 ) ASC arasında bağlanmış Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanda İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008ci il tarixli, İP1-141/19-AZN nömrəli ipoteka müqaviləsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6813/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6813/2021
30.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver