Məhkəmə qərarları › İş №2(006)-6831/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6831/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6831/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun kredit reyestrindən silinməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun kredit reyestrindən silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin ləğvedicisi “X1 Company” MMC 2014-cü ildə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək iddiaçıdan və digər cavabdehlərdən 52334 manat pulun alınaraq Cavabdeh ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə cavabdehlər məhkəmə proseslərində iştirak edərək onların həmin banka borclarının olmadığını bildirdilər. Tovuz Rayon Məhkəməsində araşdırma zamanı məlum oldu ki, borc kimi pul tələb olunan 14 avqust 2009-cu il tarixli, 463 saylı qrup kredit müqaviləsi nə adları göstərilən cavabdehlər tərəfindən, nə də bankın nümayəndəsi tərəfindən imzalanmamışdır. Bununla da, Tovuz Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli, 2161 saylı qətnaməsi ilə iddia təmin olunmadı. Qətnamə hazırda da qüvvəsindədir. Bununla bağlı iddiaçı məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmənin 15 oktyabr 2018-ci il tarixli cavab məktubunda göstərildi ki, Tovuz Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli qətnaməsindən şikayət verilməmiş və qətnamə 08 dekabr 2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən Tovuz Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən (14 avqust 2009-cu il tarixli, 463 saylı kredit müqaviləsi əsasında) iddiası təmin olunmayan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə iddiaçının adının mərkəzi kredit reyestrindən çıxarılması barədə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X7 iddia tələbinin təmin edilməsinə etiraz edərək bildirdi ki, sistemdə iddiaçının borcu var. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(62)-2161/2014 saylı, 07.11.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin İəğvedicisi «X2 Company» MMC-nin cavabdehlər X5, X3, X6, X8, X9 və İddiaçı qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh ASC-nin ləğvedicisi «X2 Company» MMC-nin məhkəməyə təqdim etdiyi 114 avqust 2009-cu il tarixli 463 saylı qrup kredit müqaviləsi ikitərəfli müqavilədir, müqavilədə hər iki tərəfin imza yeri boş saxlanılmış və tərəflər müqaviləni imzalamamışlar. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh ASC-nin 29.12.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun mənkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Tovuz Rayon Məhkəməsinin 07.11.2014-cü il tarixli, 2(62)-2161/2014 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5, X3, X6, X8, X9 və İddiaçı qarşı iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər-hansı bir öhdəlik qoyulmamışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında hər hansı kredit müqaviləsi bağlanmamış və iddiaçının Bank qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı 14 avqust 2009-cu il tarixli, 463 saylı kredit müqaviləsi ilə bağlı adının mərkəzi kredit reyestrindən çıxarılması barədə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı 14 avqust 2009-cu il tarixli, 463 saylı kredit müqaviləsi ilə bağlı adının mərkəzi kredit reyestrindən çıxarılması barədə öhdəlik qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar