Məhkəmə qərarları › İş №2(006)-6852/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6852/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6852/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmammədin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********47660 “Samsung Galaxy A50” markalı telefon üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, “İPhone X” markalı telefon üçün 1425 (min dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, 427 (dördyüz iyirmi yeddi) manat dəbbə; 18.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Rowenta Maşa” markalı məhsulu üçün 26.2 (iyirmi altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu hesablanmış və ümumilikdə, 2340.2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.05.2019-cu il, 20.07.2019-cu il və 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********47660 “Samsung Galaxy A50” markalı telefon, “İPhone X” markalı telefon, “Rowenta Maşa” almış və nəticədə 2340,2 (iki min üç yüz qırx manat, iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.05.2019-c il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 800 (səkkiz yüz) manat (16 aya 50 manat 0 manat ilkin ödəniş) İMEİ Kodu **********47660 “Samsung Galaxy” A50 markalı telefon üçün ümumilikdə, 455 (dörd yüz əlli beş) manat olmaqla ondan, 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; 20.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2675 (iki min altı yüz yetmiş beş) manat (15 ay x 178 manat + 5 manat ilkin ödəniş) “İPhone X” markalı telefon üçün ümumilikdə, 1852 (min səkkiz yüz əlli iki) manat olmaqla ondan, 1425 (min dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, 427 (dördyüz iyirmi yeddi) manat dəbbə; 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 40.2 (qırx manat, iyirmi qəpik) manat (6 ay x 6 manat 70 qəpik + 0 manat ilkin Ödəniş) “Rowenta Maşa” üçün ümumilikdə, 33.2 (otuz üç manat, iyirmi qəpikj manat olmaqla ondan, 26.2 (iyirmi altı manat, iyirmi qəpik) manat Ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1714 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 02.05.2019-cu il tarixdə ümumilikdə dəyəri 800 manat təşkil edən İMEİ Kodu **********47660 “Samsung Galaxy A50” markalı telefon, 20.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 2.675 manat təşkil edən İMEİ Kodu **********75076 “İPhone X” markalı telefon və 18.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 40,20 manat təşkil edən “Maşa Rowenta” markalı məhsulun hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 02.05.2019-cu il tarixli müqavilə üzrə 105 manat, 20.07.2019-cu il tarixli müqavilə üzrə isə 427 və 18.12.2019-cu il tarixli müqavilə üzrə 07 manat təşkil edir. 18.12.2019-cu il tarixli bildiriş və təhvil-təslim aktına əsasən, Cavabdeh 01136637 saylı müqaviləyə üzrə tərtib edilmiş bildirişlə tanış olmuş və müqavilə üzrə avadanlıqları tam qüsursuz halda təhvil almışdır. 20.07.2019-cu il tarixli bildiriş və təhvil-təslim aktına əsasən, Cavabdeh 00793837 saylı müqaviləyə üzrə tərtib edilmiş bildirişlə tanış olmuş və müqavilə üzrə avadanlıqları tam qüsursuz halda təhvil almışdır. 02.05.2019-cu il tarixli bildiriş və təhvil-təslim aktına əsasən, Cavabdeh 00639871 saylı müqaviləyə üzrə tərtib edilmiş bildirişlə tanış olmuş və müqavilə üzrə avadanlıqları tam qüsursuz halda təhvil almışdır. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun 11.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən tərəf olduğu 02.05.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 350 manat əsas borc, 105 manat cərimə borcu, 20.07.2019-cu il tarixli müqavilə üzrə 1.425 manat əsas borc, 427 manat cərimə borcu, 18.12.2019-cu il tarixli müqavilə üzrə 26,20 manat əsas borc, 7 manat cərimə borcu, bütün müqavilələr üzrə isə ümumilikdə 2.340,20 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 02.05.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 20.07.2019-cu il tarixli müqavilə üzrə 50 manat, 18.12.2019-cu il tarixli müqavilə üzrə isə 5 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02.05.2019-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 350 manat, cərimə borcu üzrə 10 manat, 20.07.2019-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 1.425 manat, cərimə borcu üzrə 50 manat, 18.12.2019-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 26,20 manat, cərimə borcu üzrə 5 manat, ümumilikdə iddiaçının tərəf olduğu müqavilələr üzrə 1.866,2 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02.05.2019-cu il tarixli müqavilə əsasında yaranmış əsas borc üzrə 350 manat, cərimə borcu üzrə 10 manat, 20.07.2019-cu il tarixli müqavilə əsasında yaranmış əsas borc üzrə 1.425 manat, cərimə borcu üzrə 50 manat, 18.12.2019-cu il tarixli müqavilə əsasında yaranmış əsas borc üzrə 26,2 manat, cərimə borcu üzrə 5 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 1.890,20 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar