Məhkəmə qərarları › İş №2(006)-6928/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6928/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6928/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «ödənişi qəbul etməyə məcbur edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 19 oktyabr 2017-ci il tarixli 07 saylı müqavilə üzrə ondan ödənişi qəbul etməyə Cavabdeh MTK-nı məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2017-ci il tarixli 07 saylı müqaviləyə əsasən cavabdeh ona məxsus Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən daş qarajını 26000 manat dəyərləndirərək söküb əvəzində ona Binəqədi rayonu 18-ci Dağlıq küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının “D” blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 55,8 kv.m. təşkil edən birotqalı mənzili 56 000 manat dəyərləndirərək tikib təhvil verməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə əsasən, o, qarajından əlavə müqavilə bağlanarkən ilkin olaraq 7000 manat ödəmiş, qalan 23 000 manatı isə 40 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bir il ərzində ödənişləri vaxtında etmişdir. Cəmi 16 300 manat borcu qalıb. Lakin “Covid-19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmişdir. Buna görə də 2020-ci iİ sentyabr ayında qalan borcunu ödəməyi üçün cavabdehə müraciət etdikdə ona müqavilənin ləğv olunduğu bildirilib və ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina olunub. Bununla da cavabdeh müqavilə ödhəliklərini icra etməkdən boyun qaçırıb və ona öhdəliyini icra etməyinə mane olub. Digər tərəfdən cavabdeh mənzili də tikib təhvil verməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbinin qeyri-müəyyən olduğunu bildirib, iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsi tərəfindən 06.08.2014-cü il tarixində tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Naxcıvani küçəsi, 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.m təəşkil edən qeyri-yaşayış binası (qaraj) İddiaçı məxsusdur. 19.10.2017-ci il tarixli, 07 nömrəli müqavilənin surətindən görünür ki, payçı- İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 18-ci dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.m təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56.000 təşkil edən pay dəyərinin alınması üçün payçıya məxsus ünvan 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.m təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26.000 manat dəyərləndirərək Cavabdeh MTK ilə əvəzləşdirməyi və əlavə olaraq 30.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən, qalıq borc məbləğini təşkil edən 30.000 manatın ilkin olaraq 7.000 manatının ödənilməsinə, qalıq borc məbləğini təşkil edən 23.000 manatın isə hissə-hissə və bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 40 ay müddətinə ayda 575 manat olmaqla ödənilməsinə dair tərəflər razlığa gəlmişlər. Cavabdeh MTK tərəfindən verilmiş 30.10.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı qalıq borc məbləğini təşkil edən 30.000 manatın ilkin olaraq 7.000 manatını 30.10.2017-ci il tarixdə ödəmiş və qalıq borcu 23.000 manat təşkil edir. 30.10.2017-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 30.12.2017-ci il tarixdən 30.11.2018-ci il tarixədək hər ay 575 manat olmaqla 19.10.2017-ci il tarixli, 07 nömrəli müqavilə üzrə ödəniş etmişdir. İşin mübahisələdirilməyən hallarından göründüyü kimi tərəflər arasında 19.10.2017-ci il tarixli, 07 nömrəli müqavilə bağlanılmış, müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 18-ci dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.m təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsini özünə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə qarşılıqlı razılaşma əsasında 26.000 manat dəyərləndirərək əvəzləşdirməyi və əlavə olaraq 30.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə iddiaçı tərəfindən 30.11.2018-ci il tarixədək cəmi 7000 manat məbləğində ödəniş edildiyi də işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı Cavabdeh MTK-nın 19 oktyabr 2017-ci il tarixli 07 saylı müqavilə üzrə ondan ödənişi qəbul etməyə məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bu Məcəllənin 442-ci maddəsinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır: Həmin Məcəllənin 445.8-ci maddəsinin tələblərinə görə kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi borclunun icranı gecikdirməsi hər bir mülki hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyə bilər və bu gecikdirmə müddəti ərzində icranın mümkünsüzlüyü baş verə bilər. Belə ki, öhdəliyin icrasının gecikdirilməsi kreditorun ona marağının itməsinə səbəb oduğu üçün kreditor həmin icranı qəbul etməkdən imtina edə bilər. Məhkəmə iddiaçı-borclunun 19.10.2017-ci il tarixli, 07 nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini və kreditor-cavabdehin icraya marağını itirdiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MTK-nın bu müqavilə üzrə icranı qəbul etməkdən imtina etmək hüququ tanınmalıdır. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olduğundan tərəflərin əvvəlki vəziyyətə qayıtması məsələsinə məhkəmə tərəfindən münasibət bildirilməsinə zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-yə qarşı «ödənişi qəbul etməyə məcbur edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar