Məhkəmə qərarları › İş №2(006)-696/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-696/2021

23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-696/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı «borc müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı «borc müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən rəsmiləşdirilmiş 3M-226 saylı kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehə qalan borcunun məbləğinin 8.925 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, notariusa müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 imzası və notariat təstiqi ilə 3m-226 № ilə qeyd edilmiş kredit müqaviləsi rəsmiləşdirmişlər. Bunun da əsasında notariat qeydi ilə icra işi başlanmışdır. Lakin müqavilədə göstərilən məbləğin bir hissəsi, daha doğrusu 9.650 ABŞ dolları və 2.100 ABŞ dolları vəsait, cəmi 11.750 ABŞ dolları onun tərəfindən cavabdehə qaytarılmışdır. Bundan başqa, cavabdehdən Kapital Bankda 34.000 manat pulu alarkən, 3.000 ABŞ dolları, yəni 5.100 manat pulu dərhal özünə qaytarmışdır. Faktiki olaraq o, 28.900 manat müqavilə üzrə pul almışdır ki, bu puldan da 19.975 manatını cavabdehə qaytarmışdır. Onun bu günə olan borcu cəmi 8.925 manat təşkil edir. 9.650 ABŞ dolları + 2.100 ABŞ dolları + 3.000 ABŞ dolları, yəni 25.075 manatı cavabdehə qaytarmışdır. Müqavilə üzrə qalıq borcu 8.925 manat təşkil etdiyi halda, İcra şöbəsi ondan 34.000 manat əsas borc və 7 % cərimə tələb etdiyi üçün, məhkəməyə bu iddia ərizəsi ilə müraciət etməli olmuşdur ki, «İcra haqqında» Qanuna əsasən icra hərəkətləri məcburi dayandırılsın. Qalıq borcu 8.925 manat müəyyən edilsin. 25.075 manat onun tərəfindən qaytarılsa da, bu məbləğ notariat müqaviləsi üzrə borcdan silinməmişdir, müqavilədə göstərilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 və cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı xx xxxxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 34.000 manat məbləğində borc vermişdir. Kredit müqaviləsi Bakı şəhəri 1 saylı notariat ofisində notarial qaydada təsdiq edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur və müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil. İddiaçı özü də məhkəmə iclasında qeyd etmişdir ki, o, əslində kredit müqaviləsini mübahisələndirmir. Notariusun verdiyi icra qeydini mübahisələndirir. Belə ki, icra qeydi verilərkən onun cavabdehə ödədiyi məbləğlər nəzərə alınmamışdır və icra və probasiya şöbəsi ondan bütün məbləği, həmçinin 7 % haqqı tələb edir. Bu isə, yolverilməzdir. İcra qurumu tərəfindən ona, tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Halbuki, o, könüllü şəkildə kredit müqaviləsi üzrə öhdəliklərini buna qədər də hissə-hissə icra edirdi. Cavabdehdən borc aldığını danmır, kredit müqaviləsini mübahisələndirmir. Sadəcə olaraq, onun kredit müqaviləsi üzrə ödənişləri icra qeydi verilərkən nəzərə alınmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən göründüyü kimi, o, həqiqətən kredit müqaviləsi üzrə borclu olduğu məbləğin bir hissəsini hissə-hissə Cavabdeh2 qaytarmışdır. Lakin, yuxarıda qeyd edildiyi kimi, bu, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyil. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmədi. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı «borc müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə notariusun verdiyi icra qeydini mübahisələndirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı «borc müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar