Məhkəmə qərarları › İş №2(006)-70/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-70/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-70/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" İKB ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh1 "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1-KTKDX-1-0- 22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş 22.02.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və Cavabdeh1 ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1- KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 13.03.1989-cu il tarixdə nikah bağlayaraq, ailə həyatı qurmuşlar. Birgə nikahdan yetkinlik yaşına çatmış X3 adlı övladları var. Nikahda olduqları müddət ərzində birgə təsərrüfat fəaliyyəti apararaq əmlaklar əldə etmişlər, o cümlədən hazırda mübahisələndirilən Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsini. Bu yaxınlarda məlum olmuşdur ki, iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh1 onun və digər ailə üzvlərinin xəbəri belə olmadan, onların birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Məlum olmuşdur ki, Cavabdeh1 "xxxx" İKB ASC-nin 1 saylı filialından 24.02.2016-cı il tarixdə 180.000 manat kredit götürüb, kreditin təminatı kimi birgə nikah zamanı əldə etdiyi Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişlər. Bir daha məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, nə kredit müqaviləsindən, nə də ki, ipoteka müqaviləsindən heç bir məlumatı olmamışdır. Hətta Cavabdeh1 kredit götürdüyü 200.000 manat pul məbləğini nəyə xərclədiyindən belə məlumatı olmamışdır. Hesab edir ki, mübahisələndirilən əmlak ipoteka ilə yüklü edilərkən onun razılığı saxta yolla əldə edilmişdir ki, bu da qanun pozuntusudur. Pozulmuş hüquqlarının başqa cür bərpa edilməyəcəyini görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən təqdim edilmiş ərizədə əlavə olaraq iddiaçı tərəfindən iddia tələbinin əsası kimi qeyd edilmişdir ki, onun Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş 22.02.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin mövcudluğundan məlumatı olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 51 saylı notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 51 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - İddiaçı (qızlıq soyadı Yusibova) ilə Cavabdeh1 arasında nikah 13 mart 1989-cu il tarixdə Ağcabədi rayonu Kələbədin kənd sovetində 11 saylı akt qeydi ilə bağlanmışdır. Bu barədə tərəflərə eyni tarixdə İV-JQ seriyalı 375806 saylı nikah haqqında şəhadətnamə verilmişdir; - Tərəflər birgə nikahda olduqları dövrdə Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən 97,9 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi əldə etmişlər. Həmin əmlak Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2013-cü il tarixdə müvafiq qeydiyyat aparılmaqla RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir; - Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1- KTKDX-1-0-22-16 saylı əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 bankın 1 saylı filialından 120 ay müddətinə 200.000 manat kredit limiti ayrılmışdır; - Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında həmçinin 24 fevral 2016-cı il tarixli 1-KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən 97,9 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsini banka ipotekaya qoymuşdur; - Həmin əmlak ipoteka ilə yüklü edilərkən ipotekaqoyanın həyat yoldaşı olan İddiaçı Bakı şəhəri 51 saylı notariat kontorunda tərtib edilmiş ərizə ilə tanış olaraq, həmin ərizəni imzalamış, daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Hazırda iddiaçı həmin ərizəni və ipoteka müqaviləsini mübahisələndirir və iddiasının əsası kimi ərizənin mövcudluğundan məlumatsız olduğu, daşınmaz əmlak ipoteka ilə yüklü edilərkən onun razılığının alınmaması, ona bu barədə məlumat verilməməsi, kreditin nə məqsədlə götürülməsi və hara xərclənməsindən xəbəri olmaması ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – ipoteka müqaviləsinin bağlanmasından və müqavilənin bağlanmasına razılıq ərizəsi verilməsindən məlumatı olmamasına dair sübutları məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli 4/612 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 167-ci vərəqəsində İddiaçı adından olan 22 fevral 2016-cı il tarixli 7E-2292 reyestr nömrəli ərizədə «Gülmalıyeva» yazısının qarşısındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 140 manat təşkil edir. Göründüyü kimi, iddiaçının nəinki ipoteka müqaviləsinin bağlanmasından və bununla bağlı razılıq ərizəsi verilməsindən xəbəri olmamış, əksinə, iddiaçı əri tərəfindən daşınmaz əmlakın ipoteka qoyulmasından, kredit alınmasından və kredit məbləğinin nə üçün lazım olduğundan xəbəri olmuş, o, şəxsən özü notariat kontorunda buna razılıq verməsinə dair ərizə ilə tanış olaraq imzalamışdır. İşin faktiki hallarından aşkar şəkildə görünür ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, 140 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə ("xxxx" İKB ASC), Cavabdeh1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı «Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş 22.02.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və Cavabdeh1 ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1- KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 (bir yüz qırx) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar