Məhkəmə qərarları › İş №2(006)-7018/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7018/2021

28.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7018/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi), cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Azəriqaz" İB-yə qarşı “borcun silinməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Azəriqaz" İB-yə qarşı “borcun silinməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Qanunun müəyyən etdiyi qiymətlərə uyğun həcmdə və vaxtda daima sərf etdiyi qazın dəyərini hər ay vaxtlı-vaxtında ödəyir. Heç vaxt bu barədə cavabdeh təşkilatla hər hansı bir səbəbdən mübahisə və ya anlaşılmamazlıq olmamışdır. Lakin bir ay bundan əvvəl cavabdehin nümayəndələri mənzilə gələrək qaz hesablayıcısının yenisi ilə dəyişdirəcəklərini bildirdilər. Səbəbini isə ətraflı izah etmədilər. Sayğac sökülərək yerinə yeni sayğac quraşdırıldıqdan və bir neçə gün keçdikdən sonra qazın verilməsi dayandırıldı. Bununla əlaqədar müraciət etdikdə bildirdilər ki, guya 800 manat borc yaranıb. Ödənilmədiyi təqdirdə qazın verilməsi bərpa olunmayacaq. İddiaçı buna etiraz etdi. Çünki iddiaçı hər ay vaxtlı-vaxtında sayğacın göstəricisinə uyğun olaraq qaz pulunu ödəmişdir. Belə ki, az müddətdə bu qədər borcun yaranması qeyrimümkündür. Cavabdeh tərəfindən bildirildi ki, sistemdə sızma mövcud olub, ona görə də sayğacın göstəricisi bu qədərdir. İddiaçının tələbinə əsasən bütün sistem yoxlanıldı və heç bir sızma müəyyən edilmədi. Son vaxtlar bu cür hadisələr, xüsusi ilə də sayğacların dəyişdirilməsi ortaya atıldıqdan sonra bu cür şişirdilmiş qaza görə borclar meydana çıxmağa başlayıb. İddiaçının tələbi əsasında aparılan yoxlama və tərtib olunan aktlardan da görünür ki, bu şişirtmələr qəsdən süni yolla qaz sayğaclarının dəyişdirilməsi prosesində saxtakarlıq yolu ilə irəli sürülür və vətəndaşların haqlı narazılıqlarına səbəb olur. SOCARın işçilərinin tərtib etdikləri ******* saylı aktdan da görünür ki, dəyişdirilən və yenisi ilə əvəz olunan sayğaclarda ümumiyyətlə bütün sistemdə heç bir sızıntı aşkar olunmamışdır. Qaz idarəsi tərəfindən təqdim olunan cədvəllərdən də göründüyü kimi iddiaçı hər ay işlətdiyi qazın pulunu vaxtında ödəmişdir. Bu 800 manat borcun haradan yaranmasını nə izah edə bilirlər, nə də səbəbini aydınlaşdıra bilmirlər. Nəticədə hal-hazırda mənzilə qaz verilmir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən irəli sürülən 800 manat borc tələbinin əsassız olduğu üçün rədd edilməsi və iddiaçıya və ailəsinə vurulan maddi və mənəvi zərərə görə iddiaçının xeyrinə cavabdehdən 800 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşin materiallarında olan Cavabdeh İB ilə cavabdeh İddiaçı2 arasında 07.08.2017ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01/25612 saylı müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən istehlakçı Arifə Əliyevaya aid qaz sayğacı növbəti dövlət yoxlanılmasından keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir, həmçinin sayğacın dövlət plombunun zədələnməsi aşkar edilmiş, bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29 sentyabr 2021-ci il tarixli, ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan **********00290 saylı abonentin saldosundan görünür ki, iddiaçının 779,5 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X2nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıların tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçıların təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X2”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı 800 manat borcun silinməsini tələb etsə də, **********10030 saylı abonentin saldosuna əsasən onun borcu 779,5 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində qismən təmin edilməli, cavabdeh "Azəriqaz" İB idarəsi tərəfindən İddiaçı1 və İddiaçı2 hesablanmış 779,5 (yeddi yüz yetmiş doqquz manat, əlli qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə iddia tələbinin “iddiaçıya və ailəsinə vurulan maddi və mənəvi zərərə görə iddiaçının xeyrinə cavabdehdən 800 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar tələbininin həmin hissəsini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hesablanmış 779,5 (yeddi yüz yetmiş doqquz manat, əlli qəpik) manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hesablanmış 779,5 (yeddi yüz yetmiş doqquz manat, əlli qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar