Məhkəmə qərarları › İş №2(006)-7070/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-7070/2021

15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-7070/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X8 Azərbaycan” QSC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X8 Azərbaycan” QSC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X8 Azərbaycan” QSC ilə mərhum əri X3 arasında bağlanmış 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəməyə ərizə təqdim etdi və ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı cavabdeh “X8 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-7070/2021 saylı mülki iş məhkəmənin icraatındadır. Məlumat üçün bildirirlər ki, Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarilxli, 2(009)-225/2017 saylı qətnaməsinə əsasən, ümumilikdə 414851.47 AZN (dörd yüz on dörd min səkkiz yüz əlli bir manat 47 qəpik) manat məbləğində borcun cavabdehlər "xxxx" MMC və X1 tutularaq “X8 Azərbaycan” QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri İcra şöbələrinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlaklar satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmişdir. Hal-hazırda iddiaçının öz iddia ərizəsində etiraf etdiyi kimi, İcra şöbəsi tərəfindən əmlakların boşaldılması istiqamətində işlər aparılır. Azərbaycan Respublikası adından çıxarılmış (Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarilxli, 2(009)-225/2017 saylı) qətnamənin icrasına maneçilik törədir, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər, iddialar verir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəmənin 30.11.2017-ci il tarixli, 2(009)-225/2017 saylı icra sənədi üzrə İddiaçı Allaverdi qızı tərəfindən ipoteka müqaviləsinin etibarslz hesab edilməsi tələbinə dair iddia qaydasında mübahisə qaldırılmış və buna əsasən AR İcra Haqqında Qanunun 17.1.4-ci maddəyə əsasən icra məmurunun qərarı ilə icraat dayandırılmışdır. İddiaçı Allaverdi qızının iddia ərizələri təmin edilməmiş və bu barədə Nəsimi Rayon Məhkəməsi tərəfindən 23.08.2019-cu il tarixli, 2(006)-3631/2019 saylı qətnamə qəbul edilmişdir. 2019-cu il tarixdə olan iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinin 06.08.2019-cu il, 2(006)-3631/2019 saylı qətnaməsi ilə rədd edilmişdir. Göründüyü kimi, iş üzrə iddiaçı olan eyni predmetə görə 2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. 2019-cu ildə olan iddia ərizəsi ilə hazırda baxılan mülki iş üzrə iddia ərizələri eynidir, heç bir fərqi yoxdur. Bu da onu göstərir ki, iddiaçı həm 2019-cu ildə həm də indi suni şəkildə maneə olur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə (cavabdehin nümayəndəsinin fikrini nəzərə almaqla) işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin ərizəsini araşdırıb, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(006)-3631/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “X8 Azərbaycan” QSC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. (Qeyd: yuxarıda qeyd olunan qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə öz qanuni qüvvəsini uzun müddət öncə almışdır). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda İddiaçı mübahisələndirdiyi hallarla bağlı (ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələlərə artıq hüquqi qiymət verilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslarla qaldırılan mübahisəyə baxılmış və müvafiq qərar (qətnamə) qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X8 Azərbaycan” QSC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar