Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-712/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «bağlanmış müqavilənin ləğv edilməsi» tələbinə dair ilk iddiası; LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «bağlanmış müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh LPO "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Kİ-3422/AG saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 1.260 ABŞ dolları əsas borc, 674,92 ABŞ dolları faiz borcu, 1.533 ABŞ dolları cərimə (dəbbə pulu, artırılmış faiz borcu), ümumilikdə 3.467,92 ABŞ dolları borca dair bağlanmış müqavilənin ləğv edilməsi və dövlət rüsumu olaraq ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öz növbəsində, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1.974 ABŞ dolları olmaqla, bundan 603 ABŞ dolları əsas, 1.056 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 315 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 53,43 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, Kİ-3422/AG saylı kredit müqaviləsinə əsasən borcluya məişət avadanlığının alınması məqsədilə 12 ay müddətinə illik 30%-lə 1.260 ABŞ dolları kredit verilmişdir. Lakin müəyyən səbəblərdən həmin borcu ödəyə bilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə uyğun olaraq borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Lakin kredit borcu cədvəl üzrə ödəyə bilməmiş və müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini yerinə yetirməmişdir. Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2013-cü il tarixli əmrindən şikayət vermiş, hakim N.Əliyev beş dəfə məhkəmə iclası təyin etmiş və axrıncı məhkəməsi 29 iyun 2020-ci il tarixdə olmuşdur. İddiaçı gəlmədiyi üçün hakim məhkəmə əmrini baxılmamış saxlamışdır. İddiaçı "xxxx" ASC 29 iyun 2020-ci il tarixli qərardadın ləğvinə dair ərizə vermişdir. Hakim 30 noyabr 2020-ci il tarixli məhkəmə baxışında qərardad çıxararaq işi baxılmamış saxlamışdır. O, sosial yardım ala bilmir. Belə ki, adında kredit borcu görünür və o, dəfələrlə məhkəməyə gəlməsinə baxmayaraq, iddiaçı gəlmədiyi üçün hakim işini baxılmamış saxlayır. Nəticədə xx.xx.2013-cü il tarixli, Kİ- 3422/AG saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 1.260 ABŞ dolları əsas borc, 674,92 ABŞ dolları faiz borcu, 1.533 ABŞ dolları cərimə (dəbbə pulu, artırılmış faiz borcu), ümumilikdə 3.467,92 ABŞ dolları borcu yaranmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müracit edərək, bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdeh "xxxx" ASC ilə 08 yanvar 2010-cu il tarixdə RSKİ-3422/AG saylı kredit müqaviləsi bağladığını və müəyyən səbəblərdən həmin borcu qaytara bilmədiyini qeyd etmişdir. Bildirmək istəyirlər ki, "xxxx" ASC İddiaçı arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli RSKİ3422AG mömrəli kredit müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə cavabdehə məişət avadanlığı alınması məqsədilə 12 ay müddətinə illik 30% dərəcəsi ilə 1.260 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən İddiaçı müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Nəticədə bank məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)- 536/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən İddiaçı 1.260 ABŞ dolları əsas, 674,92 ABŞ dolları faiz borcu, 1533 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3.467,92 ABŞ dolları borcun və 31 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmə əmrindən şikayət verərək, mülki iş iddia icraatına keçirilmiş və onlardan asılı olmayan səbəblərdən baxılmamış saxlanılmışdır. xx.xx.2021-ci il tarixə İddiaçı kredit üzrə cəmi borcu 1.974 ABŞ dolları təşkil edir. Bundan 603 ABŞ dolları əsas, 1.056 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 315 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütun məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, İddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı izahatında bildirmişdir ki, qarşılıqlı iddianı qəbul etmir. O, bankdan pul götürməmişdir. İddia ərizəsinin məzmunu vəkil tərəfindən səhv tərtib olunmuş, o, isə ərizəni imzalayarkən məzmununa diqqət yetirməmişdir. O, əslində “HP” markalı kompyuter almışdır. Lakin sonradan görmüşdür ki, müqavilədə tam fərqli bir əşya, mebel dəsti qeyd edilmişdir. Onun pulunu da nağd şəkildə ödəmişdir. Ona zəmanət kağızı adı altında sənədlər imzalatmışlar. Bu növ əməllərə görə bankın müdiri və onun bir sıra əməkdaşları tutulmuşdur. Lakin o, hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Adında borc olduğuna görə heç bir kredit təşkilatından kredit ala bilmir. Bu səbəbdən qərar vermişdir ki, məhkəməyə müraciət etsin. O, götürmədiyi pulu ödəmək istəmir. Bundan əlavə hakimin sualına cavab olaraq bildirmişdir ki, müqavilədə əks etdirilmiş imza ona məxsusdur. İzahatının sonunda ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 məhkəmədən mülki işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə qeyd olunanlara əsasən mülki işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə ilk iddiaya hüquqi qiymət verilməsini zəruri hesab edir və vurğulayır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İlk iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər arasında müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, tərəflər müqaviləni sərbəst şəkildə, iradə ifadələrinə müdaxilə olunmadan bağlamışlar. Müqavilədə tərəflərin öhdəlik və vəzifələri müfəssəl şəkildə göstərilmişdir. Lakin ilk iddia üzrə iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edərkən, ilk iddia üzrə iddiaçı müqavilənin onun tərəfindən imzalanması faktını inkar etməmiş, əksinə müqavilədə olan imzanın ona məxsus olmasını açıq-aydın şəkildə ifadə etmişdir. Bu səbəbdən, müqavilənin ləğv edilməsi üçün hər hansı bir əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «bağlanmış müqavilənin ləğv edilməsi» tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, Kİ-3422/AG saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı məişət avadanlığının alınması ilə əlaqədar 12 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.260 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-440/2020 saylı qərardadı ilə kreditor "xxxx" ASC-nin borclu İddiaçı qarşı «borc tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair» ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərarda kreditor "xxxx" ASC-nin borclu İddiaçı qarşı «borc tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair» ərizə ilə müraciət etdiyini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmri ilə borclu İddiaçı ümumilikdə 3.467,92 ABŞ dolları məbləğində borcun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verildiyi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-440/2020 saylı qərardadı ilə məhkəmə əmrinin ləğv edildiyi, məhkəmə iclasının dəfələrlə təxirə salındığını və nəhayət yuxarıda qeyd edildiyi kimi, ərizənin baxılmamış saxlanıldığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-691/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı «borc» tələbinə dair iş üzrə lazımi sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6386 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2010-cu il tarixli, Kİ- 3422/AG saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə, İddiaçı xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla, banka olan borcu 1.459,10 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: - əsas borc üzrə – 602,49 ABŞ dolları; - faiz borcu üzrə – 378 ABŞ dolları; - 5% borcu üzrə – 478,61 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bildiriş məktubundan görünür ki, "xxxx" ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, ilkin iddianın verilməsi ilə əlaqədar 30 manat, qarşılıqlı iddianın verilməsi ilə əlaqədar isə 53,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «bağlanmış müqavilənin ləğv edilməsi» tələbinə dair ilk iddiası təmin edilməməli, ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli; LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, ekspert rəyinə əsasən 602,49 ABŞ dolları əsas borc, 378 ABŞ dolları faiz borcu, iddia tələbinə əsasən 315 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 1.295,49 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 53,43 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehin banka olan borcunun məbləğini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və daxil olmuş rəylərdən yalnız sonuncu ekspert rəyinin mülki işə aid olduğu müəyyən edilmişdir. Belə ki, ilk (xx.xx.2022-ci il tarixli, 9/757 saylı) ekspert rəyi başqa şəxslər arasında mövcud olmuş müqavilə münasibətlərinə dair borc məbləğini, digəri (xx.xx.2022-ci il tarixli, 9/3696 saylı) ekspert rəyi isə İddiaçı bankdan xarici valyuta (ABŞ dolları) ilə kredit götürdüyü halda borc məbləğini manatla əks etdirmişdir. Bu səbəbdən məhkəmə təkrar ekspertiza təyin etmiş və nəhayət iş üzrə həqiqəti əks etdirən ekspert rəyinin alınmasına nail olmuşdur. Belə olan halda isə bundan öncəki ekspert rəylərinin verilməsi ilə əlaqədar çəkilmiş xərclərin tərəflərdən hər hansı birinin üzərinə qoyulması ədalətli olmamaqla, həmin xərclər onlardan tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «bağlanmış müqavilənin ləğv edilməsi» tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. 602,49 ABŞ dolları əsas borc, 378 ABŞ dolları faiz borcu, 315 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 1.295,49 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 53,43 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-712/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-712/2022
23.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver