Məhkəmə qərarları › İş №2(006)-715/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-715/2022

02.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-715/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Mustafayev Saqif Abış oğlunun, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əliyev Mətanət Əbülfət oğlunun iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit tarixçəsinin silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit xətti üzrə müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında heç vaxt kredit müqaviləsi bağlanmamışdır. İddiaçı 2021-ci ildə ipoteka yolu ilə mənzil almaq məqsədilə "xxxx" ASC-yə müraciət etmiş və orada ona bildirilmişdir ki, guya onun "xxxx" ASC-də ödənilməmiş kredit borcu var. Məsələni aydınlaşdırmaq üçün iddiaçı "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş və sonuncu iddiaçıya Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasında “(00)**********00416” saylı hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin kredit tarixçəsinə əks olunmaması ilə bağlı hər-hansı düzəlişin edilməsinin ləğvedicinin səlahiyyətləri xaricində olduğu barədə məktub verilmişdir. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən iddiaçının adına sənədləşdirilmiş kredit xətti üzrə müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddianın həcminin artırılması haqqında ərizəni məhkəməyə təqdim edərək onun adına yazılmış kredit tarixçəsinin Mərkəzləşdirilmiş Kredit Reyestrinin və "xxxx" MMC-nin məlumat bazasından silinməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Mustafayev Saqif Abış oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əliyev Mətanət Əbülfət oğlu iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 12.06.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə 18.04.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1971 manat əsas, 1691,46 manat faiz borcu vardır. İşdə olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanlanmış 02.11.2021-ci il tarixli məktubun surətindən görünür ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasında “(00)**********00416” saylı hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin kredit tarixçəsinə əks olunmaması ilə bağlı hər-hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir. Həmçinin, işin materiallarında olan İddiaçı ümumvətəndaş pasportunun surətindən görünür ki, kredit müqaviləsinin bağlandığı dövrdə (18.04.2012-ci il) İddiaçı Azərbaycan Respublikasının ərazisindən kənarda (Böyük Britaniya Birləşmiş Krallığı) olmuşdur. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi mövcud olmadığına görə (cavabdehin nümayəndəsi həmin müqavilənin surətini məhkəməyə təqdim etməmişdir), hətta olduğu halda, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı mövcud olmayan kredit müqaviləsi əsasında Mərkəzləşdirilmiş Kredit Reyestrində aparılmış kredit tarixçəsinin məlumat bazasından silinməsini tələb etməkdə tam haqlıdır. Digər tərəfdən, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasında əks olunan borc öhdəliyi yarandığı dövrdə iddiaçı ölkə ərazisində olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində "xxxx" ASC-yə kredit borcunun olması barədə aparılmış kredit tarixçəsinin silinməsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində "xxxx" ASC-yə kredit borcunun olması barədə aparılmış kredit tarixçəsinin silinməsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar