Məhkəmə qərarları › İş №2(006)-722/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-722/2021

03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-722/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər "X2 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3, Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinə qarşı "hərracın keçirilməsi və nəticələrinə dair protokolun, avtomaşının özgəninkiləşdirilməsinə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "X2 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3, Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinə qarşı "hərracın keçirilməsi və nəticələrinə dair protokolun, avtomaşının özgəninkiləşdirilməsinə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8085/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh "Cavabdeh2” ASC-nin iddiaçı və qeyrilərinə qarşı kredit borcunun tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməklə kredit üzrə borcun iddiaçının şəxsi mülkiyyətində olan «Kia Cerato» minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi və həmin maşının açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına banka olan borcun qaytarılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx xxxx 2019-cu il tarixli, 2(105)-448/2019 saylı qətnaməsinə əsasən ipoteka predmeti olan maşının dəyəri 21000 manat müəyyən edilmişdir və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən bank tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin MK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsi icra hərəkətlərini dayandırmaq əvəzinə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi əsasında verilmiş xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən məhkəmə mübahisəsinin davam etdiyi bir vaxtda, yəni xx.xx.2018-ci il tarixdə cavabdeh «X2 Mərkəzi» MMC-yə sifariş məktubu göndərmiş və xx xxxx 2018-ci il tarixdə hərrac keçirilməklə iddiaçının mülkiyyətində olan, satış qiyməti 21000 manat müəyyən edilən avtomaşın Cavabdeh3 adlı şəxsə 12000 manata satılmışdır. İddiaçıya bu əməliyyatların aparılması banka dəvət edilən vaxt məlum olmuş və yalnız bundan sonra Sumqayıt şəhər İcra və Probasiya şöbəsindən «Hərracın nəticələri haqqında» J-95 nömrəli Protokolun surətini almaqla məhkəməyə müraciət etmişdir. İddiaçı banka olan borcu ilə bağlı Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə dəvət edilən vaxt icra məmuruna tərəfindən apelyasiya şikayətinin verilməsi və hazırda məhkəmə prosesinin davam etməsini bildirmiş və apelyasiya şikayətinin surətini də icra məmuruna təqdim etmiş, lakin buna baxmayaraq, icra məmuru mübahisə predmeti olan maşının hərraca çıxarılması ilə bağlı sifarişi hərrac mərkəzinə göndərmiş və nəticədə ona məxsus olan avtomaşın dəyərindən 2 dəfə də aşağı qiymətə satılmışdır. Aparılan bu əməliyyatlar iddiaçının mülkiyyət hüquqlarının pozulmasına xidmət etmiş və iddiaçıya böyük məbləğdə maddi ziyanın vurulması ilə nəticələnmişdir. Hazırda qüvvədə olan məhkəmə qərarı ilə maşının satış qiyməti 21000 manat müəyyən edildiyi halda maşının real olmayan bir qiymətlə özgəninkiləşdirilməsi və bütün bu əməliyyatlar barədə iddiaçıya hər hansı bir bildirişin, məlumatın göndərilməməsi ona dəlalət edir ki, bütün bunlar məqsədli surətdə təşkil edilmişdir. Lakin iddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsinə və bu barədə icra məmurunu məlumatlandırmasına baxmayaraq, icra məmuru icra hərəkətlərini dayandırmamış və nəticədə qanunsuz hərrac keçirilməklə maşın dəyərindən 2 dəfə aşağı qiymətlə özgəninkiləşdirilmişdir. İddiaçı hərracın vaxtı, onun keçirilməsi qaydası, şərtləri və əmlakın satışa çıxarıldığı qiymət barədə məlumatlandırılmamış, cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Buna görə hərrac qanun tələblərinin pozulması ilə keçirildiyi üçün onun nəticələrini əks etdirən protokol və digər hüquqverici sənədlər etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinin xx.xx.2018-ci il tarixli sifarişi əsasında «X2 Mərkəzi» MMC tərəfindən tərtib edilmiş «hərracın nəticələri haqqında Y-95 saylı, xx.xx.2018-ci il tarixli Protokolun və «Kia Cerato» minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "X2 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, “X2 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iş üzrə iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-448/2019 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X1 müqaviləsinə əsasən xx xxxx 2015-ci il tarixə banka borclu olduğu 15982 (on beş min doqquz yüz səksən iki) ABŞ dolları, 77 (yetmiş yeddi) sent əsas borc, 871 (səkkiz yüz yetmiş bir) ABŞ dolları, 06 (altı) sent əsas borca hesablanmış faizin (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi, ipoteka predmeti olan "Kia Cerato” markalı, ** CL *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 21000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlərdən müştərək qaydada məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 120 manat və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 150 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, apelyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İş materiallarındakı «X2 Mərkəzi» MMC-nin tələbkar "Cavabdeh2" ASC-yə, borclular İddiaçı və X4 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2018-ci il tarixli, 700 №-li bildirişdən görünür ki, “Kia Cerato” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 12000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxx 2018-ci il tarixə təyin edilmişdir. İş materiallarındakı «X2 Mərkəzi» MMC-nin tələbkar "Cavabdeh2" ASC-yə, borclular İddiaçı və X4 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2018-ci il tarixli, 1313 №-li bildirişdən görünür ki, “Kia Cerato” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 10200 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxx 2018-ci il tarixə təyin edilmişdir. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli xəbərnamənin surətindən görünür ki, «X2 Mərkəzi» MMC tərəfindən borclu İddiaçı göndərilmiş bildiriş həmin tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İşin materiallarında olan «Hərracın nəticələri haqqında» xx xxxx 2018-ci il tarixli, Y-95 №-li protokoldan görünür ki, hərracın təşkilatçısı – «X2 Mərkəzi» MMC-nin direktoru İ.Bayramov ilə alıcı Cavabdeh3 “Kia Cerato” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin 12.000 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Eyni Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hərracın keçirilməsindən xəbərdar olmuşdur. Belə ki, iddiaçıya hərracın keçirildiyi yer və vaxt barədə bildirişlər göndərilmiş və sonuncu bildiriş X6 tərəfindən xx.xx.2018-ci il tarixdə alınmışdır. Göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "X2 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3, Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinə qarşı "hərracın keçirilməsi və nəticələrinə dair protokolun, avtomaşının özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "X2 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3, Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinə qarşı "hərracın keçirilməsi və nəticələrinə dair protokolun, avtomaşının özgəninkiləşdirilməsinə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar