Məhkəmə qərarları › İş №2(006)-723/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-723/2021

18.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-723/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx” ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli 196127 saylı və xx.xx.2020-ci tarixli 019834 saylı aktların ləğv edilməsi, aktlara əsasən hesablanmış 3625 manat sərfiyyatın silinməsi və vurulmuş mənəvi zərər görə 3000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna mövsümü bağlar Albalılıq sahəsi 102 saylı bağ ona məxsusdur və ailəsi ilə birlikdə orada yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edirlər. Belə ki, ev təbii qazla təchiz edilib və evin isidilməsi qaz vasitəsi ilə həyata keçirilir. Artıq bir neçə aydır ki, “xxxx” ASC-nin Xəzər rayon şöbəsinin əməkdaşları ona bir abonent olaraq qərəzli münasibət bəsləməkdədirlər. Bunun hansı səbəbdən qaynaqlandığını bilmir, səbəbi də ona qaranlıq qalır. Lakin fakt ondan ibarətdir ki, bu qurumun əməkdaşları artıq xeyli vaxtdır ki, onun hüquqlarını pozmaqdadırlar. Bu şəxslər dəfələrlə ona məxsus sayğaca daxil olan elektrik xəttini özbaşına, heç bir səbəb olmadan ayırmışdırlar. Bu barədə iradlarını isə qulaq ardına vurmuşlar. Bu ayın əvvəlindən isə “xxxx” ASC-nin Xəzər rayon şöbəsinin əməkdaşları müxtəlif bəhanələr gətirməklə sayğaca müdaxilə olunduğunu iddia etmişlər. Bu şəxslər gah sayğacın alt qapaq möhürünün qırıldığını, gah da sayğacda olan dövlət möhürü üzərində müdaxilə izləri olmasını iddia etsələr də, buna dair bir sübut təqdim edə bilməmişlər. Təqdim etmiş olduğu şəkillərdən də məlum olur ki, cavabdeh qurumun əraziyə məsul şəxsləri yalan danışmışdırlar. Ona məxsus sayğac evinin həyətində deyil, küçədə quraşdırılmışdır. Bu sayğaca da müdaxilə olmamış, plomb qırılmamışdır. Hətta sayğacın plombu qırılıb, bunu onun etdiyini iddia etmək absurd və məntiqsizdir. Bunu istənilən şəxs, eləcə də cavabdeh qurumun əraziyə məsul şəxsləri özləri edə bilər. xx.xx.2020-ci il tarixdə cavabdeh “xxxx” ASC-nin Xəzər rayon şöbəsinin əməkdaşları tərəfindən ona məxsus olan yuxarıda qeyd etdiyi ünvandakı evinə baxış keçirilərək güya sayğacın alt qapaq möhürünün qırıq olması müəyyən olunmuş və buna görə 196127 saylı akt tərtib edilmişdir. Daha sonra isə xx.xx.2020-ci il tarixdə “xxxx” ASCnin Xəzər rayon şöbəsinin əməkdaşları tərəfindən ona məxsus olan yuxarıda qeyd etdiyi ünvandakı evinə baxış keçirilərək guya sayğacın üzərindəki dövlət mühürünün üzərində müdaxilə izləri olması müəyyən olunmuş və buna görə 019834 saylı akt tərtib edilmişdir. Qeyd etdiyi aktlara əsasən isə ona bildiriş verilmədən şifahi şəkildə bildirilmişdir ki, həmin aktlarla ona 3625 manat əlavə sərfiyyat hesablanmışdır. Aktda qeyd edilmişdir ki, guya sayğacın dövlət möhürü və sarı alt qapaq möhürü pozulmuşdur. Saygacın daxilindəki “c” faza xəttinin gərginlik və “o” xəttinin naqilinə qalay məftillə müdaxilə olunub, sayğac istismara yararsızdır. Bundan sonra isə cavabdehin işçiləri tərəfindən evinə yeni sayğac quraşdırılmışdır və quraşdırılma zamanı tərtib edilmiş protokolda yeni sayğacın göstəriciləri 0 olaraq qeyd edilsə də, əslində yeni sayğacın üzərində ******* rəqəmləri olmuşdur ki, bu da bir daha cavabdehin yalanının və hansı üsulla işləməsinin isbatıdır. Yeni sayğac quraşdırıldıqdan sonra isə evinə elekrtik enerjisi verilməsi dayandırılmışdır, halbuki evində iki azyaşlı nəvəsi də yaşayır. İşçilərinin bu özbaşına və qanunsuz əməlləri ilə əlaqədar xxxx ASC-nin Xəzər rayon şöbəsinə gedərək məsələyə aydınlıq gətirmək istəmişdir. Orada isə həmin qanunsuz tərtib edilmiş akta görə hesablanmış məbləğin ödənilməsi ondan tələb edilmiş və ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin bərpa edilməyəcəyi bildirilmişdir. Hətta ona nvoysu belə verməkdən imtina etmişdirlər. Buna görə də bir istehlakçı kimi hüquqlarımın müdafiəsinin və bərpa olunmasının yalnız məhkəmə yolu ilə mümkün olacağı qənaətinə gəlmişdir. Aşağıda qeyd edilənlərə əsasən “xxxx” ASCnin xx.xx.2020-ci il tarixli 196127 saylı və xx.xx.2020-ci tarixli 019834 saylı aktı qanunsuz olduğundan ləğv edilməli və həmin akta əsasən hesablanmış 3625 manat sərfiyyat silinməlidir. Əvvəla, cavabdehin işçilərinin ona təqdim etdiyi ödəmə bildirişindən görünür ki, cavabdehin ərazi üzrə nümayəndələri sonuncu dəfə mübahisəli aktların tərtib edildiyi tarixlərdə yəni xx.xx.2020-ci il tarixdə həmin sayğaca baxaraq 373 kvt elektrik enerjisi sərf edildiyini qeyd etməklə bu barədə ona bildiriş təqdim etmişdirlər. Bu isə o deməkdir ki, əgər sayğacın möhürü qırıq olmuşdursa, həmçinin ona müdaxilə edilmişdirsə enerji təchizat idarəsinin əməkdaşları bunu həmin gün məyyən etmiş olardılar. Bundan başqa elektrik sayğacı onun evində və ya onun həyətində deyil çöl divarda küçədə quraşdırılmışdır. Azərbaycan Respubliası Nazirlər kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (EEİQ) 7.11ci bəndinə görə isə «Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında Quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.» Yuxarıda qeyd edilənlərlə yanaşı həmin akt enerjitəchizatı müəssisəsi tərəfindən «EEİQ»nın 8.33-cü bəndinin də tələbləri («Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.») pozulmaqla tərtib edilmişdir. Belə ki, mübahisəli aktlardan da görünür ki, həmin aktlar tərtib edilərkən hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Aktları yalnız cavabdeh qurumun öz işçiləri imzalamışlar. Bu isə həmin aktın qanunsuz və qərəzli olmasını sübut edən növbəti bir faktıdır. Hesab edir ki, məhkəmə EEİQ-nın 7.11 və 8.33-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli 196127 saylı və xx.xx.2020-ci tarixli 019834 saylı aktlar qanunsuz olduğundan ləğv edilməli və həmin akta əsasən hesablanmış 3200 manat sərfiyyatın silinməsi barədə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona və ailə üzvlərinə 3000 manat mənəvi zərər də vurulmuşdur. Belə ki, o və ailə üzvləri cavabdehin hərəkətləri nəticəsində ciddi əsəb gərginliyi keçirmişdir. Buna görə də vurulmuş mənəvi zərər də cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dediklərini təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna mövsümü bağlar Albalılıq sahəsi 102 ünvanında xx.xx.2011-ci il tarixdə quraşdırılmış A261132404M336208 nömrəli AMPY(5219A) tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "sayğacın dövlət möhüründə müdaxilə izləri var və alt örtük qapağının simi kəsilərək vintin içərisində gizlədilmişdir" qüsurunun aşkar olunması ilə bağlı NDM № 019834 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Aktın tərtib olunmasında abonentin nümayəndəsi qismində həmin evdə bağban kimi çalışan Ramin adlı şəxs iştirak etmiş, lakin o aktı imzalamaqdan imtina etmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 32659 kvts. itirilmiş elektrik enerjisinin dəyəri (1.8 kvtx24 saat x 0.7 x 1080 gün) = 32659 kvts x 0.11 man = 3592.49) 3592.49 manat məbləğində müəyyən edilməklə abonentin **********20000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmçinin iddiaçının hal-hazırki tarixədək limitdən artıq elektrik enerjisi sərfiyyatına görə olan borcunu da nəzərə aldıqda, onun xx.xx.2020-ci il tarixə istifadə etdiyi elektrik enerjisinə görə ümumi borcu 3674 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddia ərizəsində bəhs edilən ev onların bağ evidir. Onlar elektrik enerjisinin istifadəsinə görə ödənişləri arada bir-iki dəfə əmək haqqı ilə bağlı gecikmələri olsa da, hər zaman ödəmişlər. “xxxx” ASC-nin əməkdaşları avqust ayında iki gün dalbadal o, evdə olmayan vaxt qapıya gəlib, 2-3 saat müddətində qapının ağzında sayğacla bağlı əməliyyat aparmış, ondan sonra qapını döymüşlər ki, sayğac qırılıb. Mütəmadi olaraq işıqlarını kəsirdilər. O, zəng edib deyəndən 5 dəqiqə sonra işığı bərpa edirdilər. Ondan sonra dedilər ki, niyə 50 manat pul yazır. Evdə sadəcə qaynanası və uşaqlar olur, evi isitməyə ehtiyac yoxdur, evdə sadəcə bir kondisioner var, ayrı nə isə yandırmağa ehtiyac yoxdur. İki gün müdaxilədən sonra gəliblər ki, sayğac qırılıb. Onlar evdə olmadıqları halda sayğacı söküb laboratoriyaya aparıblar. O, laboratoriyaya getmiş, sayğacı yanında açmışlar ki, heç bir şey yoxdur. Ondan sonra protokol yazmış, təzə sayğac qoymuşlar. Özləri yeni sayğac qoyublar, özləri də möhürü qırıb atıblar. Cərimə olunacağını bilə-bilə onun nə marağı var ki, yeni qoyulmuş sayğacın qapağını, möhürünü qırsın. Bir çox qonşularda da sayğacın möhürü qırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatını şahidin ifadəsini dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, R 196127 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********20000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının alt qapaq möhürü qırıqdır. Faktiki axan yükü sayğac hiss etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, NDM 019834 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********20000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının dövlət möhüründə müdaxilə var və alt örtük qapağının simi kəsilərək vintin içərisində gizlədilmişdir. Sayğacın yenisi ilə əvəz olunması və çıxarılmış sayğacın dövlət və alt qapaq möhürlərinə rəy verilməsi tələb olunmuşdur. İş materiallarında olan Abunə kodu **********20000 olan abunə haqqında sənədin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı NDM 019834 nömrəli akta əsasən 3592,49 manat borc, R 196127 saylı akta əsasən 0 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot vənəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya ona məxsus ünvanda quraşdırılmış sayğacda qüsur aşkar edilməsi səbəbilə NDM 019834 nömrəli akta əsasən 3592,49 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş xx.xx.2020-ci il tarixli, NDM 019834 saylı aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mənzilinə məxsus elektrik sayğacı mənzildə deyil, çöldə quraşdırılmışdır. Belə olan halda mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan akt hazırki iş üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan əsassız olaraq hesablanmış 3592,49 manat borc İddiaçı **********20000 nömrəli abunə hesabından silinməli, qalan 32,51 manat borc istifadə edilmiş enerjiyə görə yarandığından iddia həmin hissədə təmin edilməməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində və məhkəmə baxışı zamanı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını qeyd etsə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 3592,49 (üç min beş yüz doxsan iki manat, qırx doqquz qəpik) manat borc İddiaçı **********20000 nömrəli abunə hesabından silinsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar