Məhkəmə qərarları › İş №2(006)-726/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-726/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-726/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İlkin iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilkin iddia üzrə Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılır ki, cavabdeh "xxxx" MMC ilə 27.06.2020-ci il tarixli müqaviləsinə əsasən «Mitsubishi» markalı kondisioner armış və nəticədə 655 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1296 manat (yəni 18 ay x 72 manat + 0 manat ilkin ödəniş) «Mitsubishi» markalı kondisioner üçün ümumilikdə 655 manat olmaqla, ondan 596 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 27.06.2020-ci il tarixli müqaviləsinə əsasən 20.10.2020-ci il tarixdə «Mitsubishi» markalı kondisionerdən imtina etmiş və məhsul 700 manat qiymətləndirilib borcunan silinərək geri qaytarılmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 700 manat, ümumilikdə 700 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, Cavabdeh 596 manat ödənilməmiş hissə, 59 manat cərimə borcu, ümumilikdə 655 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Öz növbəsində, iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki,ərizədə qeyd edilən məbləğin ondan tutulmasına qəti etirazını bildirir. Belə ki, 26.06.2020-ci il tarixdə atası X1 iddiaçı "xxxx" MMC ilə müqavilə bağlayaraq 18 ay x 72 manat + 0 manat ilkin ödəniş şərti ilə alqısatqı qiyməti 1296 manat olan «Mitsubishi» markalı kondisioneri almışdır. Tutulmaların atasının təqaüd kartına yönəldiləcəyi haqqında razılaşdırılmışdır. X3 əlil olduğundan şəxsən mağazaya gedə bilmədiyinə görə onu təmsil etmək üçün iddiaçıya etibarnamə vermişdir. Lakin qanunsuz olaraq müqavilə onun adına rəsmiləşdirilmişdir. Atası 04.09.2020-ci il tarixdə vəfat etmişdir. Müqavilə bağlanılan zaman iddiaçı heç bir yerdə işləməmişdir, hal-hazırda da işləmir və onun adına müqavilənin rəsmiləşdirilməsi əsassız olmuşdur. Kondisionerin nasaz olduğunu aşkar edib, 14 gün ərzində müraciət edərək məhsulu geri qaytarmaq niyyətində olduqlarını bildirmişlər. Şirkətin məsuliyyətsizliyindən kondisionerin demontajı gecikmişdir və nəticədə demontaj 20.10.2020-ci il t arixdə həyata keçirilmişdir. Hazırda kondisioner şirkət tərəfindən demontaj olunaraq götürülmüşdür və onlarda deyildir. Belə ki, "xxxx" MMC-yə iddiaçının heç bir borcu yoxdur və şirkətin Nəsimi rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək ondan onun xeyrinə 596 manat ödənilməmiş hissə, 59 manat cərimə pulu borcu, ümumilikdə 655 manat borc, 30 manat dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsi qanunsuz və əsassızdır. Eyni zamanda nasaz məhsulun demontajı üçün 100 manat pul məbləği və kondisionerin montajı zamanı kran xidməti üçün 50 manat, demontajı zamanı isə kran xidməti üçün 30 manat, ümumilikdə 180 manat məbləği əsassız olaraq onlardan alınmışdır. Qəbzlər mövcuddur. Göstərilənləri nəzərə alaraq qətnamə qəbul edilərkən iddia tələbinə qarşı qarşılıqlı iddiaçınında qeyd etdiyi faktları araşdırılıb hüquqi qiymət verərək, nasaz məhsulun demontajı üçün 100 manat pul məbləği və kondisionerin montajı zamanı kran xidməti üçün 50 manat, demontajı zamanı isə kran xidməti üçün 30 manat, ümumilikdə 180 manat əsassız alınmış pul məbləğinin iddiaçıdan alınaraq ona verilməsi və "xxxx" MMC-nin ona 596 manat ödənilməmiş hissə, 59 manat cərimə borcu, ümumilikdə 655 manat borcu, 30 manat dövlət rüsumunun ondan tutulmasına dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında ilkn iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, qarşılıqlı iddia tələbi tamamilə əsassızdır. Tərəf məhsulu aldıqdan 14 gün sonra deyil, daha gec müraciət etmiş, onların əməkdaşlar isə müraciətə cavab verərək cavabdehin ünvanına getmiş və nasazlıqları aradan qaldırmışlar.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavbadehin nümayəndəsinin izahatını izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməmlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2020-ci il tarixli, № 20372952 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC «Mitsubishi» markalı kondisioneri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 72 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

10. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 noyabr 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 27.06.2020-ci il tarixli müqaviləsi üzrə 596 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu olmaqla, ümumilikdə 655 manat borcu vardır. Cavabdeh 27.06.2020-ci il tarixli müqaviləsinə əsasən 20.10.2020-ci il tarixdə «Mitsubishi» markalı kondisionerdən imtina etmiş və məhsul 700 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.

11. ABC Telecom» MMC tərəfindən Cavabdeh ünvanlanmış 27.10.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. İş materiallarında olan «Kontakt Home»un 20.07.2020-ci il tarixli qəbzin surətindən görünür ki, müştəri Cavabdeh tərəfindən kondisionerin demontajı üçün 90 manat ödəniş edilmişdir. Məsul şəxs Qəmbərov Elməddin malları təhvil almış, heç bir qüsur aşkar etməmişdir.

13. İş materiallarında olan «Kontakt Home»un 27.07.2020-ci il tarixli qəbzin surətindən görünür ki, müştəri Cavabdeh tərəfindən kondisionerin demontajı üçün 10 manat ödəniş edilmişdir. Məsul şəxs Səfərəliyev Nicat malları təhvil almış, heç bir qüsur aşkar etməmişdir.

14. İş üzrə "xxxx" MMC-nin 01.02.2022-ci il tarixli məktubundan görünür ki, borclu Cavabdeh ilə 26.06.2020-ci il tarixdə «Mitsubishi SRK25ZSP/SRC25ZSP-W (R32) (inverter)» markalı kondisioner almaqla "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Cavabdeh müqavilə şərtlərini pozduğuna görə öz razılığı əsasında «Mitsubishi SRK25ZSP/SRC25ZSP-W (R32) (inverter)» markalı kondisioner geri qaytarılmış və birtərəfli qaydada qiymətləndirilmişdir. «Mitsubishi SRK25ZSP/SRC25ZSP-W (R32) (inverter)» markalı kondisioner 700 manat dəyərində qiymətləndirilmiş və ümumi borcundan silinmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 655 manat əsas borc, 30 manat dövlət rüsumu borcu qalmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.06.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC «Mitsubishi SRK25ZSP/SRC25ZSP-W (R32) (inverter)» markalı kondisioneri Cavabdeh vermiş, Cavabdeh isə müqavilədə göstərilmiş müddətdə müqavilə şərtini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək "xxxx" MMC-yə 26.06.2020-ci il tarixli müqavilə üzrə ümumilikdə 655 manat məbləğində borcu yaranmışdır. Cavabdeh 20.10.2020-ci il tarixdə «Mitsubishi SRK25ZSP/SRC25ZSP-W (R32) (inverter)» markalı kondisionerdən imtina etmiş və məhsul 700 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək nasaz kondisionerin demontajı üçün 100 manat, kondisionerin montajı zamanı kran xidməti üçün 50 manat, demontajı zamanı isə kran xidməti üçün 30 manat, ümumilikdə 180 manat pul məbləğinin "xxxx" MMC-dan alınaraq ona verilməsi xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərinə birlikdə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

18. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

19. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

20. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

21. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 22.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, ilkin iddia üzrə iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdehdən 27.06.2020-ci il tarixli müqaviləsi üzrə 596 (beş yüz doxsan altı) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə pulu, ümumilikdə 655 (altı yüz əlli beş) manat məbləğində borcu ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

25. Məhkəmə qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələblərin əsassızlığı məhkəmə iclasında müəyyən edildiyindən, onlar təmin edilməməlidir.

26. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh əvvəlki məhkəmə iclasındakı verdiyi izahatında qeyd etmişdir ki, onun mərhum atası ilə ilkin iddia üzrə iddiaçı "xxxx" MMC arasında müqavilə əslində bağlanmalı olduğu halda onun özü ilə bağlanmış, qeyd olunan avadanlıq isə ilk əvvəldən qüsurlu olmuşdur. Lakin ilkin iddia üzrə iddiaçı Cavabdeh bunları təsdiq edən sübutları təqdim edə bilməmişdir.

27. İlkin iddia üzrə Cavabdeh məhkəməyə yalnız ödənilmiş demontaj pullarının ödənilməsi ilə bağlı qəbzləri təqdim etməsinə baxmayaraq, ödənilmiş məbləğin müqavilə üzrə ilkin iddia üzrə iddiaçının üzərinə düşməsi barədə yazılı raşılaşmanın olmasını sübuta yetirə bilməmişdir. Öz növbəsində O, həmçinin quraşdırılan avadanlığın nasaz olmasını bildirsədə yalnız cavabdeh şirkətdən avadanlığın qaytarılmasını təkid etmişdir ki, ilk öncə yaranmış nazaslığın ilkin iddia üzrə iddiaçı tərəfindən aradan qaldırılıb-qaldırıla bilməməsi ilə bağlı mübahisənin həll olması zəruridir. Bu həll olmadığı təqdirdə quraşdırılan avadanlığın yenisi ilə əvəz olunması və ya qaytarılması məsələsinə baxıla bilərdi.

28. Məhkəmə bu halda hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiası əsassız və qanunsuz olduğundan təmin edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Belə olduqda, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdən tutulmalıdır.

31. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, ilkin iddia iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdehdən 27.06.2020-ci il tarixli müqaviləsi üzrə 596 (beş yüz doxsan altı) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə pulu, ümumilikdə 655 (altı yüz əlli beş) manat məbləğində borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 27.06.2020-ci il tarixli müqaviləsi üzrə 596 (beş yüz doxsan altı) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə pulu, ümumilikdə 655 (altı yüz əlli beş) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar