Məhkəmə qərarları › İş №2(006)-735/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-735/2024

25.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-735/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956cı il tarixdə anadan olmuş oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X5 xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. X5 2021-ci il tarixdə insult keçirdərək yataq xəstəsi olmuşdur. Dəfələrlə müalicə olunsa da müsbət nəticə əldə olunmamış, X3 orqanimin funksiyalarının 81-100% faiz pozulmasına görə birinci dərəcəli əlillik təyin olunmuşdur. Daha sonra X1 xüsusi qulluğa ehtiyacı olduğu üçün ərizəçi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuş, 2023-cü il iyun ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “sosial ödənişlər” altsisteminə əsasən 1ci dərəcə əlil şəxsə qulluğa görə aylıq 100 (yüz) manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. X5 ağır xəstəlikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin mənasını dərk etmir və özünü dərk etmək iqtidarında deyildir. Buna görə bütün müddət ərzində həyat yoldaşının sağlamlığı və gündəlik yaşamı ilə İddiaçı məşğul olur. X5 özünü idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir deyil. Yataq xəstəliyi nəticəsində öz əməllərinin və hərəkətlərinin faktiki xarakterini dərk edə və onları şüurlu idarə edə bilmək iqtidarına malik olmadığından, onun himayəyə ehtiyacı var və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bu səbəbdə ərizəçi məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X4 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası X5 3 il əvvəl insult keçirmişdir, birinci qrup əlildir. Bədəninin 50 %-i işləmir. Yataq xəstəsidir. İnsanları tanıyır, lakin nitqində problem vardır. 2 qardaşdırlar. X4 məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası X5 3 ildir ki, yataq xəstəsidir. Birinci qrup əlildir. Hərəkət edə bilmir. Özünü idarə edə bilmir. Yalnız kənar şəxslərin köməyi ilə hərəkət edə bilər. Şahid X6 məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirmişdir ki, qardaşı X5 3 il əvvəl blokun qabağında yıxılmış, insult keçirmiş, qonşuların köməyi ilə 5 nömrəli poliklinikaya aparılmış, həkimlər vəziyyətinin yaxşı olmadığını bildirmiş və bir müddət poliklinikada qaldıqdan sonra qardaşı evə gətirilmiş, müalicə olunsa da müsbət nəticə əldə olunmamışdır. Qardaşı 3 ildir ki, uzanır və hərəkət edə bilmir. Danışa bilmir və bədənini hərəkət etdirə bilmir. Şahid X7 məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İİİ- 370161 nömrəli nikah haqqında şəhadətnamədən göründüyü kimi, İddiaçı ilə xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.1983-cü il tarixdə 378 nömrəli akt qeydi ilə Abşeron rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, X5 müddətsiz İ qrup əlildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-5214/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 877 saylı ekspert rəyindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 damar mənşəli (işemik insultdan sonrakı) dərin demansiya (ağıl zəifliyi) (F01.0) müəyyən edilir. X2 damar mənşəlidemansiya (ağıl zəifliyi) ilə əlaqədar hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. F.Ə.Fətəliyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 877 saylı ekspertiza rəyinə əsasən X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən, ərizə təmin olunmalı, xx.xx.1956-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar