Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-746/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X4 iştirakları ilə, İddiaçı Bakı Şəhəri 46 Saylı Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "Cavabdeh1" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC ("xxxx" ASC), "Cavabdeh1" MMC və X14 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 36 nömrəli mənzilinə dair bağlanmış 056 sayli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzil üzərində ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2014 sayli iş üzrə çıxardığı 15 avqust 2014-cü il tarixli qətnamə ilə iddiaçı "xxxx"xxxx"Cavabdeh1” MMCyə, X9, X7, X3, İddiaçı və X13 qarşı "kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması" barədə iddia tələbi qismən təmin edilmiş, ümumilikdə 232.450 manat məbləğində pul vəsaitinin "Cavabdeh1" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 9 mərtəbəli binada 2 saylı evin 4 otaqli 55,7 kv metr yaşayış sahəsindən ibarət 36 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin "Cavabdeh1" MMC-nin banka olan borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan iş üzrə ipoteka qoyan X14 onun atası olmuşdur. Atası 08 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. "Cavabdeh1" MMC və "Cavabdeh1" MMC-nin dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş rəhbəri X15 "xxxx" ASC-dən götürdükləri kredit borcunun təminatı üçün 22 avqust 2011-ci il tarixdə 46 saylı Dövlət Notariat Kontorunda mərhum atası X14 ilə ailəsinin yeganə yaşayış yeri olan mənzillərinə girov qoyulmasını sənədləşdirmişlər. Halbuki, mərhum atası X21 oglu 2005-ci ildən ağır xəstə olmuş, uzun illər Parkinson xəstəliyindən əziyyət çəkmiş, fəaliyyət qabiliyyəti olmayan şəxs olmuşdur. Odur ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə düzgün riayət olunmamışdır. Belə ki, 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş atası X21 oglu ağır xəstə olmuş, 01.08.2005-ci ildən Parkinson xəstəliyi ilə 39 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmuş, daim müalicə və müayinə olunmuşdur. Mərhum atası X14 ağır dərəcəli beyin xəstəsi olduğundan birinci qrup əlil olmuşdur. Uzun illər Parkinson xəstəliyindən əziyyət çəkdiyindən yataq xəstəsi olmuşdur. Özünü müstəqil surətdə idarə etmək, yerimək, əl-ayağını tərpətmək, qida qəbul etmək qabiliyyəti olmamışdır. Ona xüsusi zondla yemək verilmişdir. Onun psixi xəstəliyi sübut olunduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(004)-1626/2017 sayli qətnaməsi ilə 01.07.1959-cu il tarixdə anadan olmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İpoteka müqaviləsi bağlanan zaman məhz "Cavabdeh1" MMC-nin təsisçisi X22 oglu və MMC-nin qanuni nümayəndəsi X16 birbaşa iştirak etmişlər. Beləliklə də, həmin şəxslər bankla birləşərək xəstə, anlaqsız vəziyyətdə olan mərhum atasını aldadaraq ipoteka müqaviləsi sənədləşdirmişlər. "xxxx" ASC-nin "Bayıl" Filialının Q.Abbasov küçəsi 54 ünvanda bağlanmış 18 avqust 2011-ci il tarixli KHŞ028 saylı kredit müqaviləsinin təminatı olaraq 22 avqust 2011-ci il tarixdə 46 sayli Dövlət Notariat Kontorunda bağlanılması sənədləşdirilmiş 056 saylı ipoteka müqaviləsinə əsasən X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 9 mərtəbəli bina olan 2 saylı evin 4 otaqlı 55,7 kv metr yaşayış sahəsindən ibarət bütün ailə üzvlərinin yaşadığı yeganə yaşayış yeri olan 36 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bağlanılan həmin ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan xxxxın nümayəndəsi K.X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, X8 fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qərarı 2017-ci ildə qəbul olunmuş, tərəflər arasında müqavilə isə 2011-ci ildə bağlanmışdır. Şəxsin 2004-cü ildə xəstəliyi başlamışdır. Bu xəstəlik mərhələli xəstəlikdir. 2005-ci ildə müalicə üçün Türkiyəyə getmiş və vəziyyəti yaxşılaşmışdır. 2011-ci ilin oktyabr ayında vəziyyəti ağırlaşmışdır. Müqavilə isə 2011-ci ilin avqust ayında bağlanmışdır. Digər bir tərəfdən iddiaçı deyir ki, atasını aldadıblar. Lakin ipoteka qoyulan zaman ailə üzvlərinin hamısı razılıq ərizəsi verərək əmlakın ipotekaya qoyulmasına razılıq vermişlər. Qaldırılan iddia ilə bağlı kəsici müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh "Cavabdeh1" MMC, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 46 Saylı Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC Bayıl filialı (İpoteka saxlayan), X11 (İpoteka qoyan) və "Cavabdeh1" MMC (Borcalan) arasında bağlanmış 22 avqust 2011-ci il tarixli 056 saylı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İpoteka saxlayanla İpoteka verən arasında ünvan 1 ünvanında yerləşən ofisində bağlanmış 18 avqust 2011-ci il tarixli KHŞ028 saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan İpoteka verənə 12 ay müddətinə kreditdən istifadəyə görə 24% illik ödəməsi şərtilə 60000 manat məbləğində kredit verir. Kredit xətti müqaviləsi üzrə və təminatı olaraq İpoteka verən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində 0,21291 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada, 4 otaqlı, 55,7 kv.m yaşayış sahədən ibarət 36 nömrəli mənzili ipoteka verən ipoteka saxlayana ipotekaya verir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 avqust 2014cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx”xxxx“Cavabdeh1' MMC-yə, X9, X7, X2, İddiaçı və X13 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması”xxxx“Cavabdeh1' MMC-dən “xxxx" ASC-nin xeyrinə 28 mart 2011-ci il tarixli, 0043 saylı kredit müqaviləsinə əsasən 40000 manat əsas, 18 050 manat faiz, cəmi 58 050 manat, 22 avqust 2011-ci il tarixli, 0056 saylı kredit müqaviləsinə əsasən 59 725 manat əsas, 33 269 manat faiz, cəmi 92 994 manat, 13 fevral 2012-ci il tarixli, 0028 saylı overdraft müqaviləsinə əsasən 35 000 manat əsas, 12 862 manat faiz, cəmi 47 862 manat, 25 may 2011-ci il tarixli, 30 iyun 2011-ci il tarixli, 05 oktyabr 2011-ci il tarixli qarantiya müqavilələrinin şərtlərinə uyğun olaraq 06 iyul 2012-ci il tarixində Cavabdeh1 MMC-nin ssuda hesabında açılmış kredit öhdəliyinə əsasən 23 260 manat əsas, 10 254 manat faiz, cəmi 33 514 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 232 450 manat məbləğində pul vəsaiti tutulması, tələbin mülkiyyət hüququ ilə cavabdeh X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində 0,21291 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada, 55,7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 36 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəlməsi qət edilmişdir. İş materiallarında olan 3 Saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.12.2018-ci il tarixli AZ-İ №985171 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08.12.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.12.2018-ci il tarixdə 1977 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 26.04.2017-ci il tarixli, 641 saylı rəyindən görünür ki, X14 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 1-ci fəslinin 38-ci bəndinə əsasən notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respulikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd lahiyyələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu lahiyyələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC (İpoteka saxlayan), X11 (İpoteka qoyan) və "Cavabdeh1" MMC (Borcalan) arasında 22 avqust 2011-ci il tarixli 056 saylı ipoteka müqaviləsi bağlanmış, X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada, 55,7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 36 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsi ilə “Cavabdeh1' MMC-dən “xxxx" ASC-nin xeyrinə ümumilikdə 232 450 manat məbləğində pul vəsaiti tutulması, tələbin mülkiyyət hüququ ilə cavabdeh X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində 0,21291 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada, 55,7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 36 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəlməsi qət edilmişdir. X1 övladı olan iddiaçı atasının 22 avqust 2011-ci il tarixli 056 saylı ipoteka müqaviləsini bağlayarkən psixi xəstəliyi olduğunu və anlaqsız vəziyyətdə olduğunu əsas gətirərək qeyd edilən müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi atasının psixi xəstəliyi olduğuna və anlaqsız vəziyyətdə olmasına istinad etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının A.S.Əsədovun xəstəliyi ilə bağlı məhkəməyə təqdim etdiyi Məhkəmə Psixiatrik Ekspetiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 26.04.2017-ci il tarixli, 641 saylı rəyindən müəyyən olunur ki, X9 01.08.2005-ci ildə “Parkinson xəstəliyi” diaqnozu qoyulmuş, o, bununla bağlı müalicə olunmuş, bundan sonra yaxşılaşma əldə olunmuş, 2011-ci ilin oktyabr ayından isə ümumi vəziyyəti pisləşmişdir. İddiaçının mübahisələndirdiyi müqavilə isə 2011-ci ilin avqust ayında bağlanmışdır. Ona görə də məhkəmə 22 avqust 2011-ci il tarixli 056 saylı ipoteka müqaviləsi bağlanılarkən X8 əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşən və öz hərəkətlərinə rəhbərlik edə bilən şəxs olması qənaətinə gəlməklə iddiaçının istinad etdiyi dəlillə razılaşmır. Həmçinin tərəflər arasında bağlanmış müqavilə Bakı şəhəri 46 saylı dövlət notariat kontorunun dövlət notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş, müqaviləni tərəflər sonuncunun iştirakı ilə imza etmişlər. Müqaviləni imzalayanların şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti, eləcə də “xxxx” ASC-nin “Bayıl” filialının və Cavabdeh1 MMC-nin hüquq qabiliyyəti və onun nümayəndəsinin səlahiyyəti yoxlanılmışdır (Reyestrdə 3M/1125 № ilə qeyd edilib). Həmçinin iddiaçı atası X8 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 12.06.2017ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini bildirsə də, mübahisələndirdiyi müqavilə 22 avqust 2011-ci il tarixdə imzalanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X14 22 avqust 2011-ci il tarixli 056 saylı ipoteka müqaviləsi imzalanarkən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Bakı Şəhəri 46 Saylı Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "Cavabdeh1" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin ləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı Şəhəri 46 Saylı Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "Cavabdeh1" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-746/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-746/2021
19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver