Məhkəmə qərarları › İş №2(006)-752/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-752/2021

16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-752/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi 125 saylı evin ümumi sahəsi 49,8 kv.m olan 16 saylı mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan hissəsinin 1/2 sahəsinə dair bağlanmış xx xxxxxx 2018-ci il AN-1 06766444 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və Cavabdeh1 ilə Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi sahəsi 136,4 kv.m olan 115 saylı fərdi yaşayış evinin 1/8 hissəsindən paylı mülkiyyət üzrə özünə məxsus 1/3 hissəsinin 5,69 kv.m olan sahəsinə dair bağlanmış xx xxxxxx 2018-ci il AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı,1246383 nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması məqəsədilə ondan 64.000 manat alınıb Cavabdeh2 və Cavabdeh1 verilməsi, vurulmuş maddi zəzərə görə Cavabdeh2 və Cavabdeh1 30.450 (otuz min dörd yüz əlli) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanlarda ona və qardaşlarına məxsus bir neçə fərdi yaşayış evləri var. 2018-ci ilin əvvəllərində o, səhhəti ilə əlaqədar olaraq pula ehtyacı olduğuna görə evlərin 2-ci mərtəbədə küçəyə ayrı giriş-çıxışı olan ikisini satmaq qərarına gəlmiş və bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Həmin şəxslərdən biri Rəhilə adlı xanım ona bir ailənin ev almaq istədiyini bildirmişdir. Evlərə baxdıqdan və sənədləri ilə tanış olduqdan bir neçə gün sonra vasitəçisiz onunla danışıqlara gəlmişlər. Söhbət zamanı ona məlum olmuşdur ki, evini bəyənib almaq istəyən alıcılar bacı və qardaşdır. Cavabdeh2 Balababa Məcidov küçəsi 125 ünvanda yerləşən evin 2-ci mərtəbəsindəki 24 kv.m, qardaşı Cavabdeh1 isə M.Əbilov küçəsi 115 ünvanda yerləşən evin 2-ci mərtəbəsindəki 52 kv.m olan fərdi yaşayış evlərini bəyəndiklərini bildirmişlər. Cavabdeh2 evi 30.000 manata, qardaşı İlkinə isə 65.000 manata satdığını bildirmişdir. Cavabdeh2 bəyəndiyi ümumi sahəsi 24 kv.metr olan ev 13,5 kv.metr yataq otağından, 6,1 kv.metr mətbəxdən və 4,4 kv.metr açıq eyvandan ibarətdir. O, həmin evə 25.000 manat, qardaşı İlkin isə bəyəndiyi ev üçün 55.000 manat təklif etsələr də o, onlarla razılaşmamışdır. Onlar ona demişlər ki, söküntüyə düşən atalarına məxsus evləri var. Yaxın günlərdə evin pulu verilməlidir. Ataları ev almaq üçün onların hər birinə pul verəcəkdir. Bu ərazidən ev almaq fikirləri qətidir. Lakin ataları onlara bu məbləğdə pul verməyəcəkdir. Hər biri təklif etdiyi məbləğə evi satmağını xahiş etmişlər. Esmiraya bildirmişlər ki, onları bura gətirən evlərin alqı-satqısı ilə məşğul olan xanımdan soruşa bilər, 28.000 manata evi almaq istəyən gətirdiyi müştəriyə yox demişdir. Eynilə İlkinə də bildirmişdir ki, Əbilov 115 ünvanında yerləşən ona məxsus 2-ci mərtəbədə 52 kv.metrə evə görə 58.000 manata müştəri var vermir. Onlarla evin qiyməti barədə razılığa gəlmək mümkün olmadığına görə sövdaları baş tutmamışdır. Az müddət sonra onlar o yaşadığı evin yanına vasitəçisiz gələrək, ataları Dağbəyi kişinin yanında söhbət etmişlər. Yenə o, onlara bildirmişlər ki, o dediyi qiymətdən aşağı vermək niyyəti yoxdur deyərək ayrılmışlar. Axşam saatlarında Dağbəyi ona zəng edərək, evə aid nə sənədləri varsa götürüb onlara getməyini xahiş etmişdir. O da ağsaqqal bilərək, sənədlərini göturub onlara getmişdir. Dağbəyi bildirmişdir ki, bütün qonşuları kompensasiya ilə razılaşıb evlərindən köçmüşdür. Onların evə dəyərindən çox aşağı məbləğdə pul təklif edirlər. Vaxtları az qalıb, yaxın günlərdə onların da pulu verib evdən çıxardacaqlar. Ancaq onun evini uşaqların gözü tutub, bilir təklif etdiyi məbləğlər dəyərindən çox aşağıdır, söküntü şirkəti də onların evinə dəyərindən az pul verir, onlarla razılaşmağını xahiş etmişdir. O, ona yox cavabı vermişdir. Təklif etmişdir ki, söküntü aparan şirkətlə danışığa gedərək əlavə kompensasiya almaq olar. Dağbəyi kişi onun hansı bölgədən olduğunu soruşmuş, o da olduğu kimi Qərbi Azərbaycanın Dərələyəz mahalından deyəndə, kişi kövrələrək, vaxtilə özünün də babalarının onların mahaldan deportasiya olunduğunu söyləmiş və Cermuk (səfolar) istisuyundan danışmağa başlamışdır. Onun da valideyinlərinin vətən həsrəti ilə dünyalarını dəyişdiyinən kövrələrək, ona kömək edəcəyinə söz vermişdir. Ona məsləhət görmüşdür ki, evin sahəsi qiymətləndirildikdən sonra məhkəmə qaydasında əlavə kompensasiya alınması mümkündür. Bu işdə onlara köməklik edə biləcəyini söyləmişdir. Bu təklifini Dağbəyi kişi, Esmira, İlkin və keçmiş MKTB-də məsul vəzifədə işləyən yaxın qohumlar da bəyənib sevinmişlər və səhəri günü İlkin, Dağbəyi və o birlikdə qiymətləndirici şirkətin yerləşdiyi sahil metrosunun yaxınlığında ofisinə getmişlər. Şirkətin əməkdaşı onların ünvanını yazıb götürərək sifarişi qəbul etmiş və mütəxəssislərin başqa sifarişi yerinə yetirmək üçün getdiklərini bildirmişdir. Sonra telefon nömrələrini götürərək, yaxın günlərdə gəlib qiymətləndirəcəklərinə söz vermişdir. Onlar qayıdanda Dağbəyi kişi ona gözəl nəsildən, gözəl yerdənsiniz deyərək tərifləmişdir, hətta köhnə stildə şahmat da hədiyyə etmişdir. Dağbəyi kişi ona demişdir ki, əlində 14.000 manat pul var, sənədləşmə işlərinə başla, bunun özü xeyli vaxt aparır, evin söküntüsünə görə bu yaxın günlərdə pulunu verəcəklər, evdən çıxanda hər ikisinin ailəsi çöldə qalmasın, narahat olma ailəsinə verilən puldan, birinci ona çatan məbləği verəcək. Sonra məhkəməyə müraciət edib əlavə kompensasiyanı alıb bölər. Beləliklə o, Esmira, İlkin və Dağbəyi kişi Esmiranın bəyəndiyi 24 kv.m. sənədsiz evi 30.000 manata, İlkinin bəyəndiyi sənədsiz 52 kv.m evin isə 65.000 manata satılması barədə razılıq vermnişdir. Esmira və İlkin ona yalnız qeydiyyata düşdükdən sonra sənədsiz evə DƏDRX-dən reyestrdən çıxarış almaq mümkün olduğunu, ona görə ümumi paylı mülkiyyətdə olan evin payının bir hissəsini onlara satmağını, evə mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra satdığı payı alqı-satqı yolu ilə geri qaytaracaqlarını, ilkin olaraq Esmira ona 14.000 manat, qalıq pulu isə Dağbəyi kişi 81.000 manatı evlərinin söküntüsündən əldə edilən puldan veriləcəyini təklif etmişdir. Evlərin qiymətini istədiyi məbləğdə razılaşdıqlarına və onların atalarına inandığına görə hələ üstəlik məhkəmə yolu ilə Dağbəyi kişi ilə alacaqları kompensasiyadan xeyli qazanc əldə edəcəyini düşünüb onlarla razılaşmışdır. xx.xx.2018-ci il tarixdə Esmira, xx.xx.2018-ci il tarixdə İlkin ilə Bakı şəhəri, 14 saylı Notariat kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədən görünür ki, o, Esmiraya ümumi sahəsi 49,8 kv.m olan ümumi paylı mülkiyyətli evin 1 kv.metrini 14.000 manata satmışdır. Həmin məbləği hesabından çıxarıb, təkrar İlkinin adından öz hesabına qoyaraq alqı-satqını rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsindən görünür ki, o, İlkinə ümumi sahəsi 136,4 kv.m olan ümumi paylı mülkiyyətli evin 5,69 kv.metrini 14.000 manata satmışdır. xx.xx.2018-ci il tarixdə Esmira, xx.xx.2018-ci il tarixdə İlkin evlərə dair reyestrdən çıxarış almışdır. Hər ikisini ayrı-ayrılıqda çıxarış almaq üçün Asan Xidmətə aparmışdır. Pulları olmadığına görə hər ikisinin əvəzinə rüsumları o, ödəmişdir ki, onsuzda bunlarla haqq-hesabını sonra olacaqdır. Evə qayidanda İlkin ondan 40 manat da borc pul almışdır ki, atası bilməsin, axırda haqq hesab eləyərlər. Axşam saatlarında onları alıcı kimi gətirən Rəhilə adlı xanımla söhbət əsnasında ona məlum olmuşdur ki, bunlar başqa ərazilərdə 2 evə beh veriblər, bir-iki günə alqı-satqıya gedəcəklər. O, duyuq düşərək, səhəri günü Dağbəyigilə gedərək sənədləşmə işini başa çatdırdığını və xahişini yerinə yetirdiyini bildirərək danışdıqları qalıq pulunu verməsini istəmişdir. Çox çək-çevirdən sonra Dağbəyi bildirmişdir ki, yarı hissə hesabına köçürülüb, 1-ci gün gəlsin, hələki 60.000 manatı versin, işlərini görsün, qalan məbləği isə söküntü şirkətindən 2-ci mərhələ alanda verər. 5 fevralda onunla banka gedib hesabından 60 min manat əvəzinə, 50.000 manat pul çıxarıb vermiş və iki ay yarıma da 52.kv.metr sahəni oğlu İlkinin adına, 24kv.m isə qızı Esmiranın adına texpasport çəkdirəndən sonra yerdə qalan 31.000 manatı verib onunla halallaşacağını bildirmişdir. Cavabdeh2 satdığı 2-ci mərtəbədə sahəsi 24 kv.m olan evdə kirayənişin qalırdı. O, evi boşaltmaq üçün 2018-ci ilin mart ayının axırlarına kimi ona vaxt verməyini xahiş etmişdir. Həmin ərəfədə 1-ci mərtəbədə yerləşən, qardaşı X6 ilə paylı mülkiyyətlərində olan 2-otaqlı və küçəyə birbaşa çıxışı olan iki otaqlı ofis tipli evdə təmir işləri yekunlaşmışdır. Bu haldan sui-istifadə edən Esmira təklif etmişdir ki, kirayənişini çıxartmasın, həmin 230 manatı da özü alar, oğlu əsgərlikdən məzuniyyətə gəlməlidir, burda qalsın, kirayənişin üst mərtəbəni boşaldan kimi o, öz evinə köçər. O da bunları özünə yaxın sandığından razılaşmışdır. İlkin isə həyat yoldaşı ilə ona əmoğlu deyərək 52 kv.m təmirli halda onlara verdiyinə baxmayaraq, yenidən qapı pəncərələri, mətbəxə döşəmə pol, divar peçinin yerini dəyişdirmək, işıq sistemini yenidən çəkmək, müqavilədə olmayan, razılaşmadıqları əsassız tələblər irəli sürərək 1 aya yaxın 4000 manat məbləği ondan sui-istifadə edərək yaxın ustalarına verdirmişlər. O isə Dağbəyinin ona və nəslinə verdiyi dəyərə görə, dediklərini etmişdir ki, yaxın günlərdə əlavə pulu alanda halallaşacaqlarını fıkirləşmişdir. Lakin Esmira həmin evə köçdükdən sonra sifəti tamam dəyişmiş, onu tanıya bilməmiş, hegemonluq eləməyə başlamışdır. Onun ailəsini dağıtmaq istəmişdir, qonşularına qarşı qeyri-etik hərəkətlər etmişdir, yalan həqiqətə uyğun olmayan şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymağa başlamışdır. Əraziyə xidmət edən polis sahə müvəkkilinin məsləhəti ilə kirayşini evdən çıxartmışdır. Esmiradan 1-ci mərtəbədəki evini boşaldıb 2-ci mərtəbədəki ona satdığı evə köçməsini tələb etmişdir. O isə 1-ci mərtəbədəki evindən çıxmaq əvəzinə, əksinə 2-ci mərtəbədəki evi də zəbt etmiş və istifadə edə bilməməyi üçün evə müəyyən əşyalarını yığmışdır. İlkin isə sərxoş vəziyyətdə qarşısını bir neçə dəfə kəsərək ona bacısını təklif etmiş, sövdaları baş tutmadığı halda, atasından 31.000 manat bacısı ilə borclu qaldığı pulu və əlavə alınacaq kompensasiyanın yarısını verməmək üçün şər, böhtan kampaniyasına başlamışlar. İlkin ona təkidlə demişdir ki, artıq onlar söküntü şirkətinin sahibi Nicat ilə qohum çıxmışlar, o artıq onların işlərinə qarışmasın. Onun qızı Əliyeva Həmidə isə özünü yaralayaraq, onu döyməyi barədə polisə yalan, şər böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Telefonla atası Dağbəyi kişiyə zəng vurmuşdur. Qızının və oğlunun ona qarşı hörmətsiz hərəkətləri barədə ona məlumat vermişdir və pulun qalanını özü ilə götürüb yaşadığı evə gəlməsini tələb etmişdir. Xəstə olmasını bəhanə gətirərək onunla görüşməkdən imtina etmişdir. Sonrakı telefon zənglərinə isə cavab verməmişdir. Rəhilə xanımla bu məsələnin həlli etməsi üçün onunla görüşmək istəsə də müxtəlif bəhanələr gətirərək yayınmağa başlamışdır, hətta Rəhilə xanım vasitəsilə Xırdalan ərazisində yeni həyət evi alıb və yaşadığı evin yerini ona bildirməməsini xahiş etmişdir. O, bunları eşidəndən sonra Dağbəyi kişiyə qarşı onda ikrah hissi yaranmış, o, artıq onların onu aldatdığını başa düşmüşdür. Esmira, İlkin və ataları alqı-satqı müqaviləsini rəsmiləşdirəndən əvvəl mənə söz verib inandırdılar ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra, evlərinin sökülməsindən əldə etdikləri puldan evlərin razılaşdıqları qiymətinin qalanını, 31000 manatı verəcəklər. Həmçinin hər iki cavabdeh həmin vaxt ona demişdir ki, ümumi paylı mülkiyyətdə olan evdə özünə məxsus payın bir hissəsini onlara satdıqdan sonra mənzilə qeydiyyata düşüb sənədsiz evlərə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ala bilər. Onlara çox inandığı və müalicə ilə əlaqədar pula ehtiyacı olduğu üçün bu məsələnin o qədər də ciddiliyinə varmamış və gələcəkdə sonradan ona məlum olmuşdur ki, payın bir hissəsini satmamış da evin sənədləşdirilməsi mümkündür. Göründüyü kimi onların onu müqavilə bağlanandan əvvəl aldatmaq niyyəti və məqsədi olmuşdur. Evlərinin dəyərinin tam ödəməmələri, söz verib inandırmalarına baxmayaraq aldıqları payı geri qaytarmamaları onu aldatdıqlarını göstərir. Payının bir hissəsini onların yalanına inanıb satmışdır. Göründüyü kimi payını satmağı barədə daxili iradəsi cavabdehlərin yalanı əsasında formalaşmışdır. Öncədən qeyd etdiyi kimi payının bir hissiəsini satdığı ev payları məlum olan ümumi mülkiyyətdədir iç-içə iki otaqdan ibarətdir, birinci mərtəbədə yerləşir, onun qarşısında sonradan tikilmiş sənədsiz otaq və yalnız bu otaqdan keçməklə küçəyə çıxmaq mümkündür. Evdə ondan başqa daha 3 nəfər, iki qardaşı və onun birinin uşağı da paylı mülkiyyətçidir. Onun kimi onlarda bu işə razılıq verməmişdir. Payını həqiqətən satmaq fikri olmadığı üçün ona bu barədə bir söz deməmişəm. Özü həmin evin ikinci mərtəbəsində 2 otaqda yaşayır. Hamıya məlumdur ki, Kubinka adlanan bu ərazidə evlər söküntüyə gedir və yaşayış sahəsinə uyğun kompensasiya verilir. Bu ərəfədə heç kəs evini satmır. Sənədsiz evdə yaşayan, mülkiyyətdə olan payını 14.000 manata satması normal ağla sığmır. İşin bu faktiki halları da cavabdehlərin onu aldatması nəticəsində alqısatqı müqaviləsinin bağlandığını təsdiq edir. Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Qeyd olunan maddi hüquq normalarına əsasən hər iki cavabdehin bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onlar əsasında verilmiş çıxarışlar ləğv edilməlidir. Cavabdeh2 zəbt edib yaşadığı evi icarəyə vermək üçün təmin etmişdir. Mirzə müəllim adlı şəxslə 350 manadan 5 il müddətinə ofis kimi icarəyə götürməsi barədə razılığa gəlmişdir. Hətta Mirzə müəllim evə mebellərini də yığmışdır. Esmira onun mebellərini də qaytarmamışdır. 2018-ci ilin fevral ayından bu günə kimi ofis tipli evdən gəlir götürməyinə imkan verməməklə ona 10850 manat məbləğində zərər vurmuşdur. Həmçinin 2-ci mərtəbədə yerləşən 41 kv.m. sahəsi olan evini Ümid Kaydisəfa adlı türk dostuna 300 manata kirayə vermişdir. Müxtəlif cür bəhanələrlə onunla əlaqəyə girib şər böhtan eləmişlər və evdən çıxarılmasına nail olmuşlar. Başqa adamlara vermək istəmişlər, kirayəçi bir gun qalmış, sabahı gün başqa ev tapıb köçmüşlər. Səbəb də, bunların yalan böhtanları, şərləri olmuşdur. Yeni gələn kirayəçini qorxutmaq üçün, guya bu evdə adam öldürüblər, onu da öldürərlər deyiblər. Belə şaiyələrlə həmin evi də 2 ildən artıqdır ki, hər bir şəraiti olan evi boş vəziyyətdə qalmışdır. Esmira qəsdən bu şəraiti yaradır ki, heç kim gəlməsin. Dəfələrlə ona xahiş eləmişlər ki, oğlunun dostu var gəlsin burda kirayə qalsın, o isə Esmiranın qonşu olduğu gündən, ona qarşı pis niyyətdə olduğu üçün yox demək məcburiyyətində qalmışdır. Bunların bu hərəkətlərindən, hər bir şəraiti olan 41 kv.m. olan ev də şikəst halda qaldığına görə ona 7200 manat zərər dəymişdir. Cavabdeh1 M.Əbilov küçəsində yerləşən 2 otaqlı yaşayış sahəsi 70 kv.m olan evinin girişinə əşyalar yığıb, o, evinə daxil olmağa qoymur. Evinə daxil olmaq istəyəndə 15 yaşında qızı və balaca oğlu İlkinin öyrətməsi ilə özünü yaralayaraq, daha sonra 102 polis xidmətini yığıb ondan əsassız şikayət edirlər. Həmin evi kirayə verə bilməməyi üçün (hər ay həmin evi 400 manata kirayə verirdi) qəsdən evin qazını, işığını və suyunu kəsərək 2018-ci ilin fevral ayından bu günə kimi ona 12.400 manat məbəğində zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbində Cavabdeh2 münasibətdə mübahisələndirdiyi müqavilə Bakı şəhəri 14 saylı notariat kontorunda (ofisində) xx.xx.2018-ci il tarixli AN - № ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Həmin əqd adı çəkilən notariat kontorunda (ofisində) 4Ə-100 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Sözügedən müqavilənin 1-ci bəndinə əsasən satıcı İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 125 saylı evin ü/s 49.8 kv.m. olan 16 nömrəli mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan hissəsindən 1A sahəsini “alıcı” Cavabdeh2 mülkiyyətinə verir. Müqvilənin 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 14000 manat 00 qəpik (on dörd min manat sıfır qəpik) qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. Həmin müqavilə ilə özgəninkiləşdirilən mülkiyiyyət hüququ AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixində qeydiyyata (qeydiyyat № **********) alınmış, RX seriyalı ******* №-li “ÇİXARİŞ” verilmişdir. Bakı şəhəri İcra hakimiyyəti mənzil kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 395 №-li arayışından göründüyü kimi Cavabdeh2 ailə üzvləri ilə birlikdə Nəsimi rayonu, Balababa Məcidov küç., 125 saylı evin 16 nömrəli mənzilində xx xxxxxx 2018-ci il tarixindən qeydiyyatdadır. Cavabdehin həmin mənzilə dair mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixində qeydiyyata aldırması (əsas: RX seriyalı ******* №-li “ÇİXARİŞ”) və xx.xx.2018-ci il tarixindən etibarən həmin qeydiyyatda olmaqla mülkiyyət hüququnun həyata keçirtməsi (əsas: xx.xx.2020-ci il tarixli 395 №-li arayış) onu subut edir ki, artıq Bakı şəhəri 14 saylı notariat kontorunda (ofisində) təsdiq edilmiş xx.xx.2018-ci il tarixli AN -1№ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” (əqd) 2018-ci ilin fevral ayında icra edilmişdir. İddia ərizəsinin xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olduğunu nəzərə alaraq İddiaçı Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s” tələbində iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 Vəkil izahatı ilə eyni məzmunlu izahatlar verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsində yerləşən ümumi sahəsi 49.8 kv/m olan 16 saylı mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan 1/4 hissəsindən 1/2 sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsində yerləşən ümumi sahəsi 49.8 kv/m olan 16 saylı mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan 1/4 hissəsindən 1/2 sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1512 nömrəli reyestr kitabının 140973 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 395 saylı arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, 125 saylı evin 16 saylı mənzilində xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır. xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsindən paylı mülkiyyət üzrə özünə məxsus sahəsi 5.69 kv/m olan 1/3 hissəsini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən AZ89MUGA**********00001AZM38 hesabına 14.000 manat məbləğində pul (alqı-satqı müqaviləsi üzrə) köçürülmüşdür. xx.xx.2018-ci il tarixli nağd ödəniş qəbzindən görünür ki, X7 tərəfindən İddiaçı hesabına 50.000 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İbrahim Əbilov küçəsi, ev 140 yaşayır. Rövşən evi ilkin olaraq 75.000 manata satırdı. O, alqı-satqı danışıqlarında iştirak etsə də, notariat kontorunda olmamış və müqavilənin bağlanmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Rövşən ilə Esmira arasında evin satılmasına görə danışıqların olmasını eşitmişdir. Alqı-satqı müqaviləsinin bağlanması zamanı notariat kontorunda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Kubinkada ev almaq istəmişdir. Esmira və Rövşənin ev alqı-satqısı ilə bağlı söhbətlərinin olduğunu eşitmişdir. Lakin onların arasındakı alqı-satqı müqaviləsinin bağlanmasından xəbəri olmamışdır. Alqısatqı müqaviləsinin bağlanması zamanı notariat kontorunda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mübahisəli evi almaq istəmişdir. Lakin pulu kifayət etmədiyindən almamışdır. Esmira qonşusudur. Alqısatqı müqaviləsinin bağlanması zamanı notariat kontorunda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, mübahisəli evdə usta kimi işləmişdir. Alqı-satqıdan qabaq danışıqların şahidi olmuşdur. Lakin alqı-satqı müqaviləsinin bağlanması zamanı notariat kontorunda olmamışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsində yerləşən ümumi sahəsi 49.8 kv/m olan 16 saylı mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan hissənin 1/4 hissəsindən 1/2 sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsiə əsasən satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsindən paylı mülkiyyət üzrə özünə məxsus sahəsi 5.69 kv/m olan 1/3 hissəsini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilə üzrə alıcılar (cavabdehlər) aldıqları daşınmaz əmlaka dair öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı almışlar. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən cavabdehlərin adına verilmiş çıxarışların ləğv edilməsi və vurulmuş maddi zəzərə görə 30.450 (otuz min dörd yüz əlli) manat məbləğində pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı və xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamışdır. İddiaçının şahidlərin ifadələrinə istinad etməsi ilə əlaqədar məhkəmə şahid qismində dindirilmiş həmin şəxslərin mübahisəli alqı-satqı müqavilələrinin bağlanmasında birbaşa iştirak etmədiklərini vurğulayaraq həmçinin qeyd etməyi zəruri sayır ki, malın qiyməti alqı-satqı müqaviləsinin mühüm şərti olmaqla öz təsdiqini müqavilənin müvafiq bəndinə əsasən tapmalıdır. Belə olan halda məhkəmə iddiaçının alqısatqı müqavilələrinin predmeti olan daşınmaz əmlakın müqavilələrdə göstərilən qiymətə deyil, öz aralarında şifahi qaydada razılaşdırdıqları qiymətə satması, həmin müqavilələr üzrə cavabdehlərin ona hələ də borclu qalması faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək hesab edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü dəlillər mülahizə xarakter daşımaqdadır. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-nin 62-ci, 81-ci və 104.1-ci maddələri) Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə həmçinin Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar