Məhkəmə qərarları › İş №2(006)-76/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-76/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-76/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «faiz borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı «faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu üzrə 7.956,02 ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7.956,02 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X4 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 19.01.2018-ci il tarixli, S-FK-XAÇ-68 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında 07.07.2006-cı il tarixdə №549/06 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15% tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 07.07.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək, ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank borc alana evini təmir etmək məqsədi ilə 101.025 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada borcu və banbk gəlirləri üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 güm götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 15%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan faiz borcu 7.956,02 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas borc, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, iddia tamamilə əsassızdır. Belə ki, qeyd edilən müqavilə onun tərəfindən imzalanmamışdır. Onun bu müqavilənin mövcud olmasından yalnız 2016-cı il tarixində xəbəri olmuşdur. Bu barədə aidiyyəti qurumlara da, müraciət etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ona bildirilmişdir ki, onun şəxsiyyət vəsiqəsindən istifadə edilmiş və adına kredit götürülmüşdür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında 07.07.2006-cı il tarixdə 549/06 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə evini təmir etmək məqsədilə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə, 101.025 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilədə Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatları və imzası olması əks edilmişdir. Həmçinin müqavilədə bankın etibarnamə əsasında məsul şəxsləri Y.X.Səfərovun və F.M.Məmmədovun imzaları əks edilmişdir. İş materiallarına əlavə olunmuş 07.07.2006-cı il tarixli kassa məxaric orderindən görünür ki, 101.025 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh ödənilməsi və sonuncunun həmin vəsaiti almasına dair imzası orderdə öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 07.07.2006-cı il tarixli, 549/06 saylı kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcunun 7.956,02 ABŞ dolları təşkil etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X4 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X4 Edilməsi Agentliyi» MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 19.01.2018-ci il tarixli, S-FK-XAÇ-68 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 01.03.2022-ci il tarixli, 007-2710-1222 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 11.04.2016-cı il tarixli, 7040 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Ələsgərova” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “borc alan” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən deyil, filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X3 tərəfindən icra olunduğu, habelə hazırda cinayət işi üzrə "xxxx" ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmanın davam etdirildiyi bildirilmişdir. Yuxarıda qeyd edilən cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2016-cı il tarixli, 7040 saylı ekspert rəyinin surətindən görünür ki, Cavabdeh ilə Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Ələsgərova” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində “borc alan” qarşısındakı imza X3 tərəfindən icra olunmuşdur. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT, "xxxx" ASC-nin Xaçmaz filialı tərəfindən cavabdehə 07.07.2006-cı il tarixdə 549/06 saylı kredit müqaviləsi üzrə 101.025 ABŞ dolları məbləğində kredit verilməsini, həmin müqavilə üzrə tələbetmə hüququnun İddiaçı QSC BOKT-na keçməsini, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsini və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmasını iddia etmişdir. Cavabdeh isə həmin müqaviləni imzalamadığını, ümumiyyətlə bu müqavilədən xeyli müddət sonra, yalnız 2016-cı ildə xəbər tutduğunu, onun imzasının saxtalaşdırıldığını və müqaviləyə onun əvəzinə başqa şəxsin imza etdiyini göstərərək, iddiaya etiraz etmişdir. İşin faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi 07.07.2006-cı il tarixdə 549/06 saylı kredit müqaviləsinə istinad etmiş, cavabdeh isə iddianın əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İddiaçının iddia tələbinə əsasən tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul vəsaitini cavabdehə vermiş, bunun nəticəsində bağlanmış müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin “tələblərin güzəştinə dair” müqavilə üzrə hazırda İddiaçı QSC BOKT-nin qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklərin icra edilməməsinə görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazında ona qarşı qaldırılan iddianın əsasını təşkil edən müqavilədəki imzanın onun tərəfindən icra edilmədiyini və bunula bağlı aidiyyəti orqanlarda araşdırmaların aparıldığını qeyd etdiyi üçün məhkəmə tərəfindən müvafiq orqanlara müraciət edilmiş və məhkəməyə daxil olmuş cavab məktubu ilə yanaşı 11.04.2016-cı il tarixli, 7040 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəinki "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07.07.2006-cı il tarixdə 549/06 saylı kredit müqaviləsində “borc alan:” qrafasındakı imza, habelə həmin filiala yazılmış ərizədə “Ələsgərova” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində “borc alan” qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə ekspert rəyinə qiymət verərək hesab edir ki, iddianın əsası kimi istinad edilən müqavilə Cavabdeh tərəfindən imzalanmadığı üçün tərəflər arasında müqavilə münasibətləri yaranmasına dair iddiaçının dəlilləri əsassızdır. Belə olan halda isə Cavabdeh iddiaçı qarşısında 07.07.2006-cı il tarixdə 549/06 saylı kredit müqaviləsi üzrə hər hansı öhdəlik və vəzifə daşıyıcısı kimi qiymətləndirilə və iddia da əsaslı sayıla bilməz. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «faiz borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «faiz borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar