Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-760/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin vəkili X2 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1-ci qrup əlil olan oğlu xx.xx.1992-ci il təvəllüdlü X5 anadangəlmə qüsurlu doğularaq psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını dərk edə bilmədiyi və öz hərəkətlərini idarə edə bilmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.1992-ci il təvəllüdlü X8 anadan olandan bu günə kimi onun himayəsində olmuşdur. O, 1-ci qrup əlilliyə görə pensiya alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 618899 saylı vəsiqə onun adına verilmişdir. Oğlu xx.xx.1992-ci il təvəllüdlü X5 bütün qayğılarını, gündəlik qidalanma və fiziki köməyə ehtiyacı olan digər lazımi qayğılarını o çəkmişdir. Hal-hazırda yenə də, onun bütün qayğılarını özü çəkir. Faktiki olaraq həmin xx.xx.1992-ci il tarixdə doğulmuş 1-ci qrup əlil olan övladı X8 onun himayəsindədir. Lakin 1-ci qrup əlil olan oğlu xx.xx.1992-ci il təvəllüdlü X8 qeydiyyatda olduqları və yaşadıqları ünvan üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rəsmi qaydada qəyyum və ya himayəçi təyin olunmamışdır. X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.1992-ci il təvəllüdlü X8 anadan olandan bu günə kimi onun himayəsində olduğu, anadangəlmə qüsurlu doğularaq öz hərəkətlərinin mənasını dərk edə bilmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini istəyir. Çünki 1-ci qrup əlil olan oğlunun rəsmi qaydada qəyyum və ya himayəçisi təyin olunmadığı üçün onun hüquq və mənafelərinin müdafiəsini təmin edə bilmir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin vəkili X4 Ərizəçi sözlərini təsdiq edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 anasıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 9 nömrəli Tibbi-Sosial Ekspert Komisisyasının arayışının surətindən görünür ki, X8 İ qrup əlildir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-5122/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 329 saylı ekspert rəyindən görünür ki, X1 imbesillik dərəcəsində ağır kəmağıllıq, davranış pozuntusu və nitq qüsuru ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə çətin doğuş ilə dünyaya gəlməsi, erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, gec yeriməyə başlaması, nitqinin zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə oxuya bilməməsi, kiçik yaşlarından nevropatoloqun, sonradan RƏXD-in qeydiyyatında, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində “Kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, nitqin və davranışın pozuntuları” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, hal-hazırda Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən əqli cəhətdən zəif və qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş 1 saylı X3maqla müalicələr qəbul etməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və tək-bir sözlərdən ibarət olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinmişdir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 onda müəyyən edilən kəskin imbesillik dərəcəsində kəmağıllıq, davranış pozuntusu və nitq qüsuru ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 329 saylı ekspertiza rəyinə əsasən X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin olunmalı, xx.xx.1992-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-760/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-760/2021
15.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver