Məhkəmə qərarları › İş №2(006)-771/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-771/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-771/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «artıq tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «artıq tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-dən 05.02.2015-ci ildə 6400 ABŞ dolları kredit götürmüşdür. Gedən devalvasiyadan sonra cavabdeh tərəf iddiaçını Bərdə rayon Məhkəməsinə vermişdir. Bərdə rayon Məhkəməsi də 30.09.2015-ci il tarixdə əmrlə müştərək qaydada 5882,93 ABŞ dolları əsas borc, 119,31 ABŞ dolları faiz borcu, 0,88 ABŞ dolları cərimə borcunu iddiaçı "xxxx"a ödəməsinə dair məhkəmə əmri çıxarmışdır. Dollara görə kompensasiya verilmişdir. Amma indi yenə də verdikləri kompensasiyadan çox pul istəyirlər. Bir sözlə "xxxx" özü hesablayır, özü yazır. Ona görə də iddiaçı hesab edir ki, aralarında bağlanmış müqavilə şərti ilə hörmətli prezidentin sərəncamı nəzərə alınmaqla iddiaçının götürdüyü 6400 ABŞ dollarını nə qədər ödəməli olması müəyyən edilməsinə zərurət yarandığı üçün mühasibatlıq ekspertiza təyin edilməlidir ki, iddiaçı nə qədər ödəmişdir faizi nə olub borcu qalıb yoxsa yox. İddiaçının borcu qalmayıb. Dollarla olan borca görə 4648,18 manat iddiaçıya kompensasiya vermişdi. Buna baxmayaraq yenə də iddiaçıya yüksək məbləğdə borc hesablamış onun pulundan tuturlar. Əgər onun borcu var idi, niyə onun kompensasiyasından tutmalıdır? İddiaçı 6400 ABŞ dolları kredit götürmüşdür, 14000 manat pul ödəmişdir,yenə də deyirlər ki, 2300 manat guya borcu qalıb. Bu tamamilə yalandır, ona görə də "xxxx" sənədləri təqdim etməli və mühasibatlıq ekspertizası təyin edilməlidir. İddiaçı da ona görə məhkəməyə müraciət etmək məcburiyyət qalmışdır ki, mühasibatlıq ekspertizası təyin olunmalı, "xxxx"ın onlardan tutduğu artıq pullar müəyyən edilərək onlara qaytarılmalıdır. Göstərilənlərə əsasən cavabdeh bank olan "xxxx"ın iddiaçıya yazdığı cərimələrin, faizlərin obyektiv olmasına aydınlıq gətirilməsi və hal-hazırda 2300 manat borcunun hardan yaranması rəsmi aydınlaşdırılması üçün və hörmətli prezidentin sərəncamı nəzərə alınmaqla mühasibatlıq ekspertizası təyin edilməsinə və onlardan artıq tutulmuş pulun qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda xəstə olduğu üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli məhkəmə əmrin kserosurətindən görünür ki, İddiaçı və X1 müştərək qaydada 5882,93 ABŞ dolları əsas, 119,31 ABŞ dolları faiz borcu, 0,88 dolları cərimə borcunun Azərbaycan manatı ilə, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası barədə çıxarışa əsasən görünür ki, iddiaçıya cəmi 4648,18 manat məbləğində kompensasiya məbləği müəyyən edilmişdir. Həmin kompensasiya məbləğinin verilməsinə iki əsas kredit münasibəti çıxış etmişdir. Onlardan biri 21 fevral 2015-ci il tarixə hesablanan borc 6400 ABŞ dolları, digər kredit xətti üzrə isə 21 dekabr 2015-ci il tarixə hesablanan borc 5080,3 ABŞ dolları olmuşdur. Bank tərəfindən hesablanmış 4648,18 manat məbləğində kompensasiya məbləği iddiaçıya ödənilmişdir. İş materiallarında olan 04.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həmin tarixə əsas borc üzrə 1972,1 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2726 saylı, 08.09.2021-cit il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 30.09.2015-ci il tarixli Bərdə rayon Məhkəməsinin əmrində qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı "xxxx" KB ASC-yə 04.03.2021-ci il (maliyyə arayışının) tarixə əsas borc üzrə 1932,22 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları təşkil etmişdir. Hesabdan çıxarış məlumatlarına əsasən bankın tərtib etdiyi maliyyə arayışının tarixindən, yəni 04.03.2021-ci il tarixdən sonra son ödəniş tarixinə, yəni 21.05.2021-ci il tarixədək 190,83 ABŞ dolları ödəniş aparılmışdır. Lakin həmin ödənişlər tədqiqatla nəzərə alınmadı. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 27% dərəcəsi tətbiq edilməklə, 36 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka borc yaranmışdır. Bərdə rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli məhkəmə əmri ilə İddiaçı və X1 müştərək qaydada 5882,93 ABŞ dolları əsas, 119,31 ABŞ dolları faiz borcu, 0,88 dolları cərimə borcu "xxxx" KB ASC-nin xeyrinə tutulmasını əmr edilmişdir. Həmçinin, iddiaçıya dövlət tərəfindən 4648,16 manat kompensasiya məbləği hesablanmışdır. Hazırda iddiaçı Banka olan borcunu tam ödədiyini iddia edərək ondan artıq tutulmuş pulun qaytarılması tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı banka olan borcunu ödədiyini bildirsə də, bank tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı 04.03.2021-ci il tarixə 1972,1 ABŞ dolları borcu vardır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının "xxxx" KB ASC-yə 04.03.2021-ci il (maliyyə arayışının) tarixə əsas borc üzrə 1932,22 ABŞ dolları borcu mövcuddur. Göründüyü kimi İddiaçı Banka olan borcunu tam olaraq ödədiyini bildirsə də, maliyyə arayışından və ekspert rəyindən görünür ki, iddiaçının Banka ödənilməmiş borcu mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ondan artıq tutulan pulun qaytarılması ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmiş, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «artıq tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri ona aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «artıq tutulmuş pulun geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar