Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-771/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli 125831- NEDVİJ-2763 saylı və 125831-NEDVİJ-2764 saylı daşınmaz əmlakın ipoteka müqavilələrinin etibarısz hesab edilməsi və əmlakının yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə dostu Cavabdeh2 ona müraciət etmiş, bildirmişdir ki, biznesin inkişafı və genişləndirilməsi üçün Bankdan kredit götürmək istəyir, lakin çıxarışlı əmlakı olmadığına görə ipoteka qoyub kredit götürə bilmir. Cavabdeh2 əmlakları barədə məlumatlı olduğuna görə xahiş etmişdir ki, o, əmlakı ipoteka qoysun, R.Buludzadə isə kredit götürüb qısa müddətdə ödəyib bağlasın. Dost olduqlarına görə razılıq verdi və xx.xx.2014-cü il tarixdə ona məxsus Abşeron rayonu, Aşağı güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m əsas,443.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binanı 125831-NEDVİJ-2763 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi” ilə və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,5 ha torpaq sahəsini 125831-NEDVİJ-2764 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi” ilə Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilməsinə dair imzaladı. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh2, X2, X4 və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(001)-1626/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehlərdən cəmi 1.044.900,13 ABŞ dolları məbləğinin, ödənilmiş dövlət rüsumu və ekspertiza xərclərinin müştərək qaydada tutularaq Cavabdeh1 ASC-nin xeyrinə verilməsi, tutmanın X2 məxsus ilkin satış qiyməti 552.800 manat məbləğində müəyyən edilmiş Abşeron rayonu, Aşağı güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m əsas,443.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və ilkin satış qiyməti 175.300 manat məbləğində müəyyən edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,5 ha torpaq sahəsinə yönəldilməsi qət olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, Bank kredit razılaşmasını imza edərkən və onun razılığını almadığından, ipoteka müqaviləsində kreditin məbləği, müddəti və faizi barədə kreditin mühüm şərtləri müəyyən olunmadığından ipotekaya xitam verilməli və əmlakı girovdan azad edilməlidir. “Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh2 ilə bağladığı xx.xx.2014-cü il tarixli 125861-1-11250 saylı “Baş kredit razılaşması” müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələrində müəyyən olunmuşdur (2.1 -ci bənd). Cavabdeh2 “Bank VTB (Azərbaycan)" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli 125861-1- 11250/1 saylı kommersiya kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 510.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan 06.11,2014-cü il tarixli 125861-1-11250/2 saylı kommersiya kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra isə xx.xx.2015-ci il tarixli 125861-1-11250/3 saylı "Bərpa olunmayan kredit xətti müqalisəsi"nə əsasən 60 ay müddətinə illik faiz dərəcəsi 15 faiz olmaqla, (dörd yüz min) ABŞ dolları kredit miqdarında kredit verilmişdir. Bankla Cavabdeh2 arasında müxtəlif vaxtlarda yeni sazişlər bağlanmış və ödəniş qrafikləri belə dəyişdirilmişdir. Onun ümumiyyətlə bu sazişlər barədə məlumatı olmayıb. xx.xx.2014-cü il tarixli 125831-NEDVİJ-2763 saylı və 125831-NEDVİJ-2764 saylı “Daşınmaz əmlak ipoteka” müqavilələrində öhdəliyin ölçüsü də (məbləği) dəqiq göstərilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 22 sentyabr 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh1 ASC-yə və qeyrisinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair 2(006)- 771/2022 saylı mülki iş vardır. Hesab edirlər ki, iddiaçının mübahisələndirdiyi müqavilə 2014-ci ildə bağlanıldığından hazırda irəli sürülən tələb tərəfə məlum olduğuna görə onun məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmuş, lakin bunun ilə bağlı iddia tələbi uzun müddət keçdikdən sonra irəli sürülmüşdür. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında qeyd olunur ki, şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu səbəbdən də, həm kəsici müddətlər, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 354.2, 375.2 və 377-ci maddələri baxımından, verilmiş iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi, iddiaçı iddianı verərkən məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə müddət ötürülmüşdür. Qanunvericiliklə müəyyən olunan müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Bundan əlavə iddia müddəti 2014-cü il tarixindən hesablandığından və iddiaçı hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan iddia müddətinidə ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə Cavabdeh1 ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Cavabdeh1 ASC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarınə uyğun olaraq: - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarına uyğun olaraq: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019cu il tarixli Qərardadına uyğun olaraq: - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına uyğun olaraq - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Göründüyü kimi, hüququn tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik və ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməlidir. Əks halda, zaminliyə bütövlükdə xitam verilir. İpoteka müqaviləsi isə bağlanmamış hesab edilir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018 və 25 iyul 2019-cu il Qərarlarının hansı iddialara şamil edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına uyğun olaraq - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Hazırkı iddianın predmetini təşkil edən münasibətlər isə həmin Qərarların qüvvəyə minməsindən əvvəl Cavabdeh1 ASC ilə iddiaçının aralarında bağlanmış 125831-NEDVİJ- 2763 saylı və 125831-NEDVİJ-2764 saylı daşınmaz əmlakın ipoteka müqavilələri xx.xx.2014-cü il tarixlidir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etdiyi sazişlər barədə məlumatı olmamasına və ipoteka müqavilələrində öhdəliyin ölçüsünün dəqiq göstərilməməsinə dair heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 125831-NEDVİJ-2763 saylı və 125831-NEDVİJ-2764 saylı daşınmaz əmlakın ipoteka müqavilələri xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən bir illik iddia müddəti ötürülmüşdür Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, X1 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-771/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-771/2022
29.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver