Məhkəmə qərarları › İş №2(006)-7764/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-7764/2021

17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-7764/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1993-1994-cü illərdə Qarabağ uğrunda döyüş zonalarına döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş kimi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Ərizəçi ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin məhkəməyə vermiş olduğu ərizənin məzmunundan göründüyü kimi, hazırda ərizəçi döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar döyüş zonasına ezam olunması faktının müəyyən edilməsini xahiş edir. Lakin yuxarıda qeyd olunan Qərarın məzmunundan göründüyü kimi, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan, Ərizəçi ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Habelə, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar