Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-781/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qanunsuz olaraq hesablanmış abonent kodu **********008 saylı sayğaca hesablanmış 1.000 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsi 99 nömrəli 1 mərtəbəli binada, 52,8 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı mənzil paylı mülkiyyət hüquqları üzrə bir otaq – 8,1 m2 ona məxsusdur. Ona məxsus yaşayış evində quraşdırılmış abonent kodu **********008 saylı su sayğacı üzrə sudan istifadə edir. Həmin sayğac xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. Sayğac quraşdırılan zaman ona hesab faktura təqdim edilərək ona 1.000 manat borc yazılmışdır. Həmin hesab faktura qanunsuz olaraq tərtib edilmişdir. Ona verilən məlumata əsasən həmin borc «Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 405 nömrəli Fərmanından sonra xx.xx.2020-ci il tarixədək mənzildə qeydiyyatda olan 5 nəfər şəxsin sayına uyğun hesablanmışdır. Hətta həmin 5 nəfər ailə üzvü olmayan şəxs xx xxx 2019-cu il tarixdən ona məxsus mənzildən qeydiyyatdan çıxmışlar. Həmin 5 nəfər əvvəlki mülkiyyətçilərin ailə üzvləri olub və o, 2008-ci il tarixdən bu mənzili aldıqdan sonra həmin mənzildə yaşamırlar. Həmçinin o da, RF-in vətəndaşıdır və ölkə xaricində olduğu üçün ona məxsus mənzildə son on il ərzində fasilələrlə yaşamışdır. Həmin müddət ərzində onun tək və fasilələrlə yaşayaraq qeyd edilən miqdarda su sərfiyyatından istifadə etməsi mümkün deyildir. Onun hal-hazırda həmin əsassız olaraq yazılmış borcu ödəməyə maddi imkanı yoxdur. O, dəfələrlə Cavabdeh ASC-yə müraciət etsə də və bununla bağlı əsaslı sənədlər təqdim etsə də, bu barədə yoxlama aparmadan qanunsuz olaraq hesab faktura tərtib edilmişdir. Hesab edir ki, barəsində hesablanmış borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. Borcun həddindən artıq yüksək olması onun hüquqlarını pozur. Cavabdeh qanunvericiliyin tələbini kobud şəkildə pozaraq, üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. 2020-ci ilin iyul ayının 18-i tarixinədək iddiaçının 5 nəfər ailə üzvü qeyd olunur. 2020-ci ildə iddiaçı istifadə etdiyi suya görə cəmi 5 manat ödəniş edib. Həmin pul vəsaitindən başqa heç bir ödəniş edilməyib. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2011-ci il tarixli “əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” Fərmanına əsasən iddiaçının istifadə etdiyi suya görə xx xxxxxx 2011-ci il tarixə olan 219 manat 60 qəpik borcu silinmişdir. Cavabdeh ASC borc məbləği hesablayarkən, qanunvericiliyin tələblərini və iddiaçının hüquqlarını pozmamışdır. Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 7.4cü bəndini, «Su təchizatı və tullantıları haqqında» Qanununu (2011-2014), Cavabdeh ASC-nin daxili təlimatlarını nəzərə alaraq, iddiaçıya borc məbləği hesablanmışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsində istifadədə olan 0,0373 ha torpaq sahəsində yerləşən 99 nömrəli, 1 mərtəbəli binada, 52,8 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı mənzilin 8,1 m2 sahəsi olan 1 otağı İddiaçı məxusdur. Abonent kartından görünür ki, İddiaçı sudan istifadəyə görə 1.083 manat 57 qəpik borcu vardır. İddiaçı qeyd olunan borcun qanunsuz, əsassız yazıldığını bildirməklə, məhkəmədən həmin borcun silinməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hüquqlarının cavabdeh tərəfindən pozulmasına) dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-781/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-781/2021
16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver