Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-794/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X10 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız sayılıb borcun silinməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, AKT R 263512 saylı aktının etibarsız sayılması və ona görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 476,83 (dörd yüz yetmiş altı manat, səksən üç qəpik) manat borcun silinməsi, ona dəymiş mənəvi ziyana görə 1000 (min) manat pulun "xxxx" ASC-dən onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC -nin xx.xx.2022 tarixli, AKT R 263512 saylı aktını və ona görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilə hesablanmış 476,83 manat cərimə aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edilir. xx.xx.2022 tarixində iki nəfər Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilə gələrək şifahi olaraq özlərini Azərişığın əməkdaşı kimi təqdim edib, mənzilin elektrik sayğacının hansısa kənar xətt vasitəsilə mənbəyə qoşulduğunu bildirdilər. İddiaçı onlara evinin elektrik enerjisinin sayğacdan qidalandığını və istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödədiyini bildirdi. Əvəzində azərişıq əməkdaşlarının dünən, yəni 17.11.22 tarixində gecə vaxtı yoxlama keçirdiklərini, bu zaman mənzildə heç kimin olmadığını və dırnaqarası kənar xətti ləğv edərək getdiklərini, və mənzilinə akt yazılacağını bildirdilər. İddiaçı onlardan aktı indi onun iştrakı ilə yazın dedikdə, onlar aktın artıq tərtib olunduğunu bildirdilər. İddiaçı onlardan aktın indi təqdim olunmasını tələb etsə də, "sabah gətirib qapınıza qoyacağıq" cavabını verdilər. Beş gündən sonra, yəni 23.11.22 tarixində 17 noyabr tarixi ilə tərtib olunmuş hazır aktın abonentə aid nüsxəsi ona təqdim edilmişdir. AKT-da qeyd olunanlar həqiqəti əks eləmir, onun mənzilinə sayğacdan kənar heç bir xətt gəlmir və heç vaxt gəlməyib, istifadə elədiyi enerjiyə görə vaxtında ödənişlər olunur. Onların bildirdikləri "qanun pozuntusu" ona sözlə yox, əyani yerində göstərilməli idi. Bundan başqa, akt tərtib olunarkən onun iştrakı mütləq olmalıydı və o, aktı öz imzası ilə təsdiq etməli idi. Bu akt kənarda və onun iştrakı olmadan və bilinmir hansı əməkdaşlar tərəfindən yazılıb. Heç bir izahat vermədən, heç bir yoxlama aparmadan birtərəfli qaydada ittiham edib və ardından qanun pozuntusu ilə tərtib olunan akt vasitəsi ilə vətəndaşı fakt qarşısında qoymaq onun hüquqlarını kobud pozur. Belə ki, günahı sübut etmək borcu və məsuliyyəti onların üzərindədir. Onun mənzili 4-cü mərtəbədə, sayğaclar qutusu isə 2-ci mərtəbədə yerləşir. Qutunun qapısı həmişə açıqdır, nəzarətsizdir və çox bərbad vəziyyətdədir. Bir sözlə, küçədə, binanın qarşısında, blokda kim nə işlədirsə, özləri birbaşa qoşulmalar edir. İddiaçı qutuya heç bir halda nəzarət edə bilmir. Ümumiyyətlə, sayğaclar, xəttlər və göstəricilər mütəmadi olaraq Azərişığın əməkdaşları tərəfindən yoxlanılır və nəzarətdə saxlanılır. Bundan başqa, aktda azərişığın 4 əməkdaşı yalan məlumat daxil edərək guya onun imza atmaqdan imtina etdiyini öz imzaları ilə təsdiq ediblər. Lakin, aktın tərtibatında onun iştrakını qeyd eləməyiblər. Akt onun iştrakı olmadan tərtib edilib və onun guya imzadan imtina etməyi azərişiq əməkdaşları tərəfindən ziddiyyətli yalandır. Bir tərəfdən onun iştrak etmədiyini qeyd edən 4 əməkdaş digər tərəfdən imzadan imtinanı təsdiq edirlər. Bu, azərişiq tərəfindən ona qarşı qərəzli halda baş verən ilk hadisə deyil. Belə ki, azərişığın qanunsuz, əsassız və hansisa maraqlardan irəli gələn hərəkətlərindən dəfələrlə Energetika Nazirliyinə, Yasamal Rayon Prokurorluğuna və Nəsimi Rayon Məhkəməsinə müraciətlər etmişdir. Bütün hallarda qanun pozuntusu təsdiq edilib və qeydə alınıb. Nəsimi Rayon Məhkəməsinin qət etdiyi və Bakı Apelyasiya Məhkəməsinin dəyişdirmədən saxladığı Qətnamə ilə aktlar etibarsız sayılmış, borclar silinmişdir. İddiaçı Enerji X1 zidd hərəkətlərinin qarşısının alınması üçün dərhal müraciət etdi. Agentlik 30.11.22 tarixli AERA-20-4047/22 saylı rəyi ilə qanunun tələblərinin nəzərə alınmadığını və pozuntular ilə əlaqədar məhkəməyə müraciət olunmalı olduğunu bildirdi. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli, AKT R 263512 saylı və xx.xx.2022-ci il tarixli, AKT R 263509 saylı aktlarının etibarsız sayılması və onlara görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 476,83 (dörd yüz yetmiş altı manat, səksən üç qəpik) manat və 78,15 (yetmiş səkkiz manat on beş qəpik) manat, cəmi 554,98 (beş yüz əlli dörd manat, doxsan səkkiz qəpik) manat borcun silinməsi, ona dəymiş mənəvi ziyana görə 1000 (min) manat pulun "xxxx" ASC-dən onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan iş üzrə iddia ərizəsi verildiyi (13.12.22) və icraata alınması haqqında qərardad verildiyi (14.12.22) tarixdən dərhal sonra 15.12.22 tarixində saat 20:30 radələrində 2 nəfər azərişıq əməkdaşı mənzilə gələrək iddiaçını aşağı düşməyə dəvət elədilər. Səbəbini soruşanda növbəti dəfə "kənar xəttin" olması bildirildi. İddiaçı onlara qanuna uyğun olaraq mənzilindən 2 mərtəbə aşağıda pilləkən meydançasında yerləşən sayğaclar qutusuna görə məsuliyyət daşımalı olmadığını, gecə vaxtı aşağı düşməli olmadığını, ordan keçən çoxlu sayda qarışıq naqillərdən anlayışının olmadığını və belə qanunsuz hərəkətlərə qarşı artıq 2 məhkəmə qətnaməsinin olduğunu bildirsə də, əməkdaş onun aşağı düşməyini təkid edərək getdi. Baş verənləri azərişıq əməkdaşı əlindəki telefon vasitəsi ilə gizli halda videoqeydə alırdı. Yenə də həmişə olduğu kimi iddiaçı Azərişığın qanunsuz hərəkətlərinə qarşı hər hansı bir qanuni addım atan kimi onlar cavab olaraq ona qarşı növbəti qanun pozuntusuna əl atırlar. Belə ki, onların əməlindən X5 Agentliyinə müraciət edən kimi - qanuna zidd olaraq gəlib sayğacın dibindən mənzilini qidalandıran naqili kəsdilər, onların qanunsuz əməlindən Yasamal Rayon Prokurorluğuna şikayət verən kimi - gəlib sayğacı xəbərdarlıq etmədən kartla işləyən sayğacla dəyişib kartı təqdim eləmədən getmişdilər. Nəticədə, mənzil 2 sutka işıqsız qalmışdı. Yalnız prokurorluq əməkdaşlarının bu məsələyə təcili müdaxiləsindən sonra kart təqdim edilmişdir. Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verən kimi (06.05.22) bir ayın içində eyni "qanun pozuntusuna" görə ikinci akt tərtib etmişdilər və onun aktın tərtibatı zamanında tamamilə başqa ünvanda yerləşməyinə baxmayaraq, yalandan aktın tərtibatında iştrak etdiyini və guya imzadan imtina etdiyini öz imzaları ilə təsdiq etmişdilər. Yalnız prokurorluğa onun o an başqa ünvanda yerləşdiyini sübut edən videogörüntüləri təqdim etdikdən sonra azərişıq əməkdaşları qanunsuz əməllərini etiraf etmişdilər. Azərişığın apellyasiya şikayətinə (7 aydan sonra) 17.11.22 tarixində etiraz verən kimi həmin tarixdə daha bir Akt tərtib edilmişdir. Bu aktdan məhkəməyə iddia ərizəsi (14.12.22) verilən kimi 15.12.22 tarixində eynilə birinci dəfə olduğu kimi 28 günün içində guya "eyni qanun pozuntusuna" görə daha bir Akt tərtib olunmuşdur. Görünür, iddia ərizəsində qeyd olunmuş məqamlara sonradan sübut toplayıb onlara qanuni don geyindirmək üçün Azərişıq tərəfindən "gizli" videogörüntülərə ehtiyac olub. Göründüyü kimi, Azərişığın bütün əməlləri qanunsuz, əsassız və qərəzlidir. Bu dəfə də onlar qanunsuz və əsassız tərtib etdikləri Aktı onun iştrakı olmadan kənarda tərtib etmişdilər. Yenə də öz imzaları ilə abonentin imzadan imtina etdiyini təsdiq etmişdilər. Hansı ki aktın tərtibatında iştrak edən və imzadan imtina edən abonentin adı heç qeyd edilməyib. Bu qədər gizli video çəkən azərişıq əməkdaşları nədənsə bir dəfə də olsun aktın tərtibatı və imzadan imtina anını çəkməyib. Çünki, bütün bu aktlar kənarda bilinmir hansı əməkdaşlar tərəfindən tərtib olunur. Bu dəfə də yalnız abonent hesabında yeni borcun yarandığını aşkar etdikdən sonra və aktın əldə edilməsi üçün X5 Agentliyinə rəsmi müraciətdən sonra xx.xx.2023-cü il tarixində azərişıq əməkdaşı R 263509 saylı xx.xx.2022-ci il tarixli aktın surətini təqdim etmişdir. Bu, abonentə məxsus yaşıl nüsxə yox, adi kseroks kopiyasıdır. Azərişığın qanunsuz əməlləri ilə əlaqədar Prezident Administrasiyasına, Yasamal Rayon Prokurorluğuna müraciətlər olunub, X5 Agentliyinin sədri ilə görüş keçirilib. Bütün hallarda qanun pozuntusu faktı qeydə alınıb. İddiaçının mənzilinə heç bir kənar xətt gəlmir, işlətdiyi elektrik enerjisi sayğacından qidalanır və sərf etdiyi enerjinin dəyəri vaxtında ödənilir. İddiaçı mənzilindən 2 mərtəbə aşağıda pilləkan meydançasında yerləşən nəzarətsiz sayğaclar qutusuna görə məsuliyyət daşıya bilməz. Azərişıq əməkdaşlarının ona qarşı tutduğu mövqe qərəzlidir və əsassızdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-də aparıcı mütəxəssis vəzifəsində çalışır. Hadisə baş verən vaxt onun rəhbərlik etdiyi bölgələr üzrə ümumi yoxlama aparılırdı. Həmin ünvanda yerləşən mənzilin sayğacına baxış keçirən zaman kənar xəttin olduğunu aşkar etdi. Bunu aşkar etdikdən sonra sübut üçün video çəkdi. Həmin gündən sonra oraya qıfıl vurdular. Bir neçə gündən sonra gəldikdə yenə də qıfılın qırıldığını və sayğaca müdaxilə olunduğunu gördü. Həmin bu hadisə 15 dekabrda baş vermişdir. 1-ci hadisə isə 17 noyabr 2022-ci il tarixində keçirilmişdir. Kənar xəttin mövcudluğunu isə onlar həmin gün akt yazaraq digər işçilər ilə imzaları ilə təsdiq etdilər. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şahidin ifadəsini, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0971802№-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, mənzil 55 (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 35, M 4, M1) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 6753 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 263512 nömrəli və 15 dekabr 2022-ci il tarixli, AKT R 263509 nömrəli aktlardan görünür ki, ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərin surətlərindən görünür ki, AKT R 263512 və AKT R 263509 nömrəli aktlara əsasən fərdi yaşayış evində sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən edilmiş, istehlakçıya cəmi 554,98 manat hesablanması qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Bakı filialının X8 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mənzil enerji təchizatı müəssisəsində **********V0055 abunə kodu ilə qeydiyyatdadır. "xxxx" ASCnin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində binanın pilləkən meydançasında elektrik lövhəsində quraşdırılmış mənzilə aid **********3 nömrəli elektrik hesabat sayğacından kənar elektrik enerjisindən istifadə olunması barədə 263512 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci yarımbəndinin tələbinə uyğun olaraq xətdən axan faktiki yük 12 A qeyd edilməklə 90 gün müddətində yenidən hesablaşma aparılaraq hesaba 3991 kVts (dəyəri 476,83 manat) əlavə borc hesablanmışdır. Məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Mülki işin materiallarında olan abunə kodu **********V0055 olan abunə haqqında sənəddən görünür ki, ünvan 3 ünvanına müvafiq olaraq əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2837/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 7563/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2837/2022 saylı qətnaməsi dəyişdiirlmədən saxlanılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində iddiaçıya məxsus ünvanda (abunə kodu-**********V0055) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğacdan kənar xəttin daxil olması aşkar edilmiş, bununla əlaqədar AKT R 263512 saylı və AKT R 263509 saylı aktlar tərtib edilmiş və aktlara əsasən iddiaçıya müvafiq olaraq 476,83 manat və 78,15 manat əlavə ödəniş hesablanmışdır. Təqdim edilmiş aktların surətindən görünür ki, sayğac yoxlanılarkən iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, qaydaların tələblərinə riayət edilmədən müvafiq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Bundan başqa, işə baxılan zaman sayğacın pilləkən meydançasında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansıl sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır ki, hansı ki həmin aktlar da qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia borc hissəsində təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 263512 saylı və xx.xx.2022-ci il tarixli, AKT R 263509 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlara əsasən ümumilikdə hesablanmış 554.98 (beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinməlidir. Məhkəmə iş materiallarında olan sənədlərdə abonent olaraq İddiaçı əvəzinə X4 yazılmasına münasibətdə qeyd edir ki, artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində həmin hissəyə hüquqi qiymət verilmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Odur ki, məhkəmə iddiaçının onun mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin, əsas tələb təmin olunduğundan iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 263512 saylı və xx.xx.2022-ci il tarixli, AKT R 263509 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlara əsasən ümumilikdə hesablanmış 554.98 (beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-794/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-794/2023
26.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver