Məhkəmə qərarları › İş №2(006)-798/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-798/2024

19.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-798/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7 saylı binada yerləşən 147 saylı mənzilin, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 9-cu küçə, 13 saylı 0,0681 ha torpaq sahəsinin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş bağ evinin naturada bölünməsi və əgər bu mümkün olmadıqda isə hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi və 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (əvvəlki dövlət qeydiyyat nişanı ** FU *** və ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak bölgüsü və s.” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin “İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əli qızına və Cavabdeh3 qarşı “avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin birgə mülkiyyət hesab edilməsi, açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi” hissəsinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakların naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı 2013cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı iddianın həcmini artırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 279/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh1 və İddiaçı birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsinə və qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 etibarnamə verilmişdir. “Kia Sportage” markalı avtomobilin dövlət qeydiyyat nömrəsi Cavabdeh1 mülkiyyətində olan zaman ** FU ***, Cavabdeh3 mülkiyyətində olan zaman ** UC *** və Cavabdeh2 mülkiyyətində olan zaman isə ** CA *** olmuşdur. Görünən odur ki, Cavabdeh1 avtomaşını formal alqı-satqı müqaviləsi əsasında satmış, çünki hər iki mülkiyyətçinin adına olan avtomobili etibarnamə əsasında Cavabdeh1 idarə etmişdir. Hazırda “Kia Sportage” markalı avtomobil iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir. Alqı-satqı müqaviləsi qüvvədə olduğu halda birgə nikah dövründə əldə olunmuş əmlakı hərracda satmaq olmur, mülkiyyət hüququ məhdudlaşdırılmışdır. 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin Cavabdeh1 ilə İddiaçı birgə mülkiyyəti hesab edilməsi, 2013cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı məhkəmə baxış iclasının təxirə salınmasının işin əsassız uzanmasına gətirib çıxaracağını bildirdi. İddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasının təxirə salınmasının işin əsassız uzanmasına gətirib çıxaracağını bildirdi. İddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkilinin iştirak edə bilməməsinə görə, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etdi. Təxirə salınmadığı təqdirdə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 vəkili Vəkil və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 vəkili Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, üzrlü səbəbdən iştirak edə bilməyəcəyinə görə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər isə səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə baxış iclasının təxirə salınmasının işin əsassız uzanmasına gətirib çıxaracağını nəzərə alaraq, məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-279/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiasının təmin edilməsi, ... , 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh1 və İddiaçı birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh1 paylarının müəyyən edilməsi və s. qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7317/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-279/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1890/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7317/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində olan payını 3-cü şəxsdən əvvəl ona təklif edərək, 28.000 manat dəyəri olan həmin avtomobildəki payını aldığı təqdirdə 14.000 manat məbləğində pulun ona ödənilməsini xahiş etmişdir. Cavabdeh1 bildirişi xx.xx.2022-ci il tarixdə almışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, DİN Baş X3 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Kia Sportage” markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adından qeydiyyatdan çıxarılmış, yeni ** CA *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 279/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında “Kia Sportage” markalı, ** CA *** (** UC ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisəli olduğundan üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş X3 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında “Kia Sportage” markalı **-CA-*** (**-FU-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisəli olduğundan üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş X3 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. İcra vərəqəsinin icrasının nəticəsi barədə Nəsimi rayon İcra şöbəsinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş: - Qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı 99FU813 nömrə nişanlı nəqliyyat vasitəsi:

1. xx.xx.2013-cü ildə gömrük bəyannaməsinə (hesab-arayış) əsasən Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2013-cü ildən xx.xx.2024-cü ilədək nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə İddiaçı verilmiş;

2. xx.xx.2019-cu ildə 99UC796 nömrə nişanı ilə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçmiş, həmin tarixdən xx.xx.2023-cü ilədək nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə Cavabdeh1 verilmiş;

3. xx.xx.2021-ci ildə 77CA793 nömrə nişanı ilə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə keçmiş, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə Cavabdeh1 verilmiş, hazırda Cavabdeh2 mülkiyyətindədir. - Nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 2013-cü il buraxılışlı “Kia Sportage” markalı 99FU813 nömrə nişanlı nəqliyyat vasitəsini 25.000 manata Cavabdeh3 satmışdır. - Nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 2013-cü il buraxılışlı, “Kia Sportage” markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 satmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 10/3889-9/4048 nömrəli ekspert rəyindən görünür ki, ... “Kia Sportage” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırki vaxtda orta bazar dəyəri 27000,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə tərəflərin izahatlarını mülki işin materialları, ekspert rəyi və 2(006)-279/2021 nömrəli işin materialları ilə müqayisəli şəkildə araşdıraraq müəyyən etdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, 99FU813 (həmin vaxt 99UC796, hazırda isə 77CA793) dövlət qeydiyyat nişanlı avtomobilə dair hazırki iş üzrə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, avtomobil hazırki iş üzrə Cavabdeh1 və hazırki iş üzrə İddiaçı birgə mülkiyyəti hesab edilmiş və avtomobilin ½ hissəsi üzərində onların hər birinin payları müəyyən edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh1 bildiriş verərək, avtomobilin ½ hissəsi üzərində olan payını ona təklif etmiş və 28.000 manat dəyəri olan həmin avtomobildəki payını aldığı təqdirdə 14.000 manat məbləğində pulu ödəməsini xahiş etmişdir. Lakin məlum olmuşdur ki, həmin avtomobil məhkəmə mübahisələri zamanı – xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, 77CA793 (əvvəlki dövlət qeydiyyat nişanı 99FU813 və 99UC796) dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 birgə mülkiyyəti hesab edilməsi, 2013cü il buraxılışlı “Kia Sportage” markalı, 77CA793 (dövlət qeydiyyat nişanı 99FU813 və 99UC796 olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını; cavabdehlər isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İlk öncə qeyd edilməlidir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Buna görə də məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin onunla Cavabdeh1 birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, 77CA793 (dövlət qeydiyyat nişanı 99FU813 və 99UC796 olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən, deməli, əslində iddiaçının niyyəti məhz avtomobilin dəyərinin yarısını əldə etmək olmuşdur. Bunun başqa cür olması da fiziki olaraq mümkün deyildir. Çünki nə avtomobil naturada bölünə bilməz, nə də münasibətləri heç də xoş olmayan paylı mülkiyyətçilər onu eyni anda istifadə və istismar edə bilməzlər. Deməli, onsuz da bu cür iddianın təmin olunması nəticəsində avtomobilin dəyəri tərəflər arasında bölünməli olur. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda (əmlak hüquqlarında) hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu, əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avtomobilin tərəflərin birgə nikahı dövründə əldə edilməsi, onların birgə mülkiyyəti hesab edilməsi və hər birinin ½ hissədə paylarının müəyyən edilməsi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş mübahisəsiz haldır. Prosessual qənaət prinsipini və mülki dövriyyənin sabitliyini rəhbər tutan məhkəmə hazırki iş üzrə hesab edir ki, cavabdehlərin hüquqdan sui-istifadə edərək, avtomobili məhz əvvəlki məhkəmə mübahisələri zamanı özgəninkiləşdirmələri faktı, hazırki iddianın qismən təmin edilməsinə - iddiaçının əsl niyyətinin, yəni avtomobilin həqiqi orta bazar dəyərinin onun payına mütənasib olan ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına əsas verir. Avtomobilin dəyəri ilə bağlı isə qeyd edilməlidir ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində avtomobilin qiymətinin 25000 manat olmasının göstərilməsi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində isə ümumiyyətlə qiymətinin göstərilməməsi, lakin həmin alqı-satqı müqaviləsinin tərəfləri olan cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında avtomobilin 7000 manata satıldığını bildirmələri, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində verilmiş 31 avqust 2023cü il tarixli 10/3889-9/4048 nömrəli ekspert rəyi ilə “Kia Sportage” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırki vaxtda orta bazar dəyərinin 27000 manat müəyyən edilməsi bir-biri ilə ziddiyyət təşkil etməsi mübahisəsizdir. Göründüyü kimi, mübahisə predmeti olan avtomobilin orta bazar dəyərinin nəinki birinci müqavilədə göstərilən 25000 manat, habelə ikinci müqavilənin tərəflərinin məhkəməyə bildirdiyi 7000 manat məbləğdə olması ekspertin rəyi ilə təkzib olunur. Avtomobili ekspertiza tədqiqatına təqdim edərək, real dəyərinin müəyyən edilməsini təmin etmək öhdəliyi avtomobili etibarnamə (xx.xx.2022-xx.xx.2023) əsasında idarə edən Cavabdeh1 üzərində olsa da, o, avtomobili ekspert tədqiqatına təqdim etməkdən yayınmışdır. Buna görə də məhkəmə hesab edir ki, avtomobilin həqiqi real bazar dəyərinin ekspert rəyində göstərilən qiyməti mötəbər hesab edilməli və həmin qiymət əsas götürülməklə tərəflər arasında bərabər şəkildə bölünməlidir. Çünki mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə əsasən, cavabdehlər avtomobili daha aşağı qiymətə də özgəninkiləşdirə bilərdilər. Beləliklə, məhkəmə iddianın qismən təmin edilərək, qalan hissədə təmin edilməməli olduğu qənaətinə gəlir və bunu məhz prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, tərəflərin izahatlarından, hazırki və 2(006)-279/2021 nömrəli işlərin materiallarından da bəlli olur ki, tərəflər arasında mübahisəli avtomobillə bağlı məhkəmə mübahisələri uzun müddətdir ki, davam edir. Cavabdeh1 iddianı qəti surətdə qəbul etmədiyindən, əvvəlki məhkəmə mübahisələri tam yekunlaşmadan avtomobili özü istifadə etməyə davam etdiyi halda, formal olaraq dəfələrlə özgəninkiləşdirməyə nail olduğundan, bununla da hazırki iddiaya yeni əsas verdiyindən, hətta hazırki iddia ərizəsi üzrə aparılmış məhkəmə araşdırmaları dövründə iddiaçı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq avtomobildə olan payını alması üçün 13.500 manat (31 avqust 2023-cü il tarixli 10/3889-9/4048 nömrəli ekspert rəyində göstərilmiş məbləğin yarısı) kompensasiya qarşılığında xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdehə təklif etdiyi halda, cavabdeh iddiaçının avtomobildəki payını almaqdan imtina edərək bu təklifi qəbul etmədiyindən (13:00-14:30-cu dəqiqələr), cavabdehin Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Dövlət Təhlükəsizliyi Xidmətinə olan payın müəyyən edilməsi ilə bağlı əvvəlki məhkəmə qərarları ilə razı olmaması məzmunundakı müraciətləri onun iddiaçıya kompensasiya ödəmək niyyətində olmamasına dəlalət etdiyindən, məhkəmənin qənaətinə görə mübahisəli avtomobillə bağlı tərəflər arasında hər hansı razılaşmanın olması mümkünsüzdür, bu isə məhkəmə tərəfindən mübahisənin birdəfəlik həllini zəruri və qaçılmaz edir. Məhz tərəflər arasında olan uzunmüddətli sonu görünməyən məhkəmə çəkişmələrinin birdəfəlik həlli məqsədilə məhkəmə hesab edir ki, hazırki mübahisənin bu formada həll edilməsi kifayət qədər ədalətli və ağlabatandır. Əks halda, yəni iddia tələbində göstərildiyi kimi məhkəmə tərəfindən maşının açıq hərraca çıxarılaraq satışdan əldə edilən vəsaitin tərəflər arasında bərabər bölüşdürülməsi nəticəsinə gəlinməsi tərəflərin arasında yeni məhkəmə mübahisələrinə yol açar, bununla da, tərəflərin hüquqları prosessual qənaət prinsipi və mülki dövriyyənin sabitliyi pozular. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (dispozitiv norma). Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan, İddiaçı ilə Cavabdeh1 tərəfindən birgə nikah dövründə əldə edilmiş 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vaxtda orta bazar dəyəri 27000,00 manat müəyyən edildiyindən həmin məbləğin yarısı, yəni 13.500 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi ağlabatan və ədalətli olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 13.500 (on üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 13.500 (on üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar