Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-802/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ilkin iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “13 fevral 2012-ci il tarixli müqavilənin və arayışın etibarsız hesab edilməsi” tələbinə dair ilkin; iddiaçı Cavabdeh1 oğlunun cavabdehlər İddiaçı1 MMC-yə və X2 qarşı “iddiaçının mənzildən istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 ilkin iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 13 fevral 2012-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin və 15 mart 2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı Cavabdeh1 oğlu qarşılıqlı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, MMC tərəfindən inşa olunmuş Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzildən Cavabdeh1 istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin Cavabdeh1 təhvil verilməsi, Cavabdeh1 mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, MMC tərəfindən inşa olunmuş Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı, 30 saylı (yeni ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 987-ci məhəllə, ev 64, mənzil 30) mənzildən Cavabdeh1 istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin Cavabdeh1 təhvil verilməsi, Cavabdeh1 mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, X4 ilə MMC arasında bağlanılmış 30 aprel 2014-cü il tarixli müqavilənin və həmin müqavilədən doğan nəticələrin (mənzilə dair mülkiyyət hüququnun təsdiq edilməsinə dair çıxarışın) etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili X3 ilkin iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, İddiaçı1 MMC tərəfindən Nəsimi rayonu, Qulu Quluyev küçəsi 38 ünvanında çoxmənzilli yaşayış binası tikilmişdir. 2006-2013-cü il tarixləri arasında isə İddiaçı2, 2017-ci ildən etibarən isə X5 İddiaçı1-in direktoru (qanuni təmsilçisi) vəzivəsini icra etmişdirlər. 2018-ci ilin sonlarına qədər İddiaçı2lə Cavabdeh2 arasında yaxın ortaqlıq münasibətləri olmuşdur. Daha sonra İddiaçı2lə Cavabdeh2 arasında mübahisə yaranmış və ortaqlığa xitam verilmişdir. Tərəflər arasındakı ortaqlıq münasibətləri korlandıqdan sonra Cavabdeh2 əvvəlcədən özü üçün hazırlatmış olduğu şirkətin möhürü və ştampı olmasından istifadə edərək sırf İddiaçı2 və şirkətə zərər vurmaq üçün əlində olan müqavilə və ödəniş blanklarından köhnə tarixi müqavilələr və maliyyə arayışları imzalamağa başlamışdır. Ortaqlığa xitam verildikdən sonra bu şəkildə ən azı 6-7 şəxs onlara müraciət edərək əslində əllərində köhnə tarixli müqavilə və maliyyə arayışı olduğunu və mənzilin təhvil verilməməsi halında Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəklərini bildirmişlər. Hal-hazırda bu cür iddialarla bağlı üç fərqli məhkəmə mübahisəsi davam etməkdədir. Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Məmmədov Elşənin İddiaçı1 MMC-yə qarşı mənzildən istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması tələbinə dair qaldırılan iddia ərizəsi ilə bağlı məhkəmə iddia tələbinin təmin etməmiş, məhkəməyə təqdim edilmiş müqavilə nümunəsindəki imzanın İddiaçı2 məxsus olmamasına dair ekspertiza rəyi verildikdən sonra məhkəmə tərəfindən iddiaçı Elşad Məmmədov barəsində xüsusi qərardad çıxarılmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 MMC, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv olunmuş sayılması və mənəvi zərərin tələb olunması tələbinə dair iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdirlər. Həmin iddia tələbi üzrə mülki iş Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının icraatındadır. Həmin mülki iş üzrə Cavabdeh1 tərəfindən 13.02.2012-ci il tarixli, kooperativ binada mənzil tikintisi haqqında müqavilə və 15.03.2013-cü il tarixli maliyyə arayışı təqdim edilmişdir. 8 il əvvələ aid olan müqavilə vərəqi küçən bu illərin təsiri nəticəsində aşınmış və köhnəlmişdir. Bundan əlavə yazıların və möhürün də ilkin baxış zamanı 8 illik təbii aşınmanın nəticəsində köhnəldiyi aşkar görünmüşdür. Lakin cavabdeh tərəfindən qeyd edilən mülki iş üzrə təqdim edilmiş 15.03.2013-cü il tarixli maliyyə arayışının vərəqi isə təptəzə olduğu, heç bir aşınmaya məruz qalmamış, yazılarda və möhürdə də heç bir köhnəlmə olmadığı müşayiət edilmişdir. Məhz buna görə də həmin mükli iş üzrə iddiaçılar tərəfindən maliyyə arayışındakı möhürün aşınma dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə dair vəsatət verilmiş və məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edimişdir. Məhkəmə ekspertiza mərkəzinin 18.02.2020-ci il tarixli 1622 saylı rəyindən də göründüyü kimi tədqiqat üçün ekspertizaya təqdim edilmiş 15.03.2013-cü il tarixli maliyyə arayışı ilə eyni dövrlərə aid digər maliyyə arayışlarındakı möhürlərin aşınma dərəcələrinin müəyyənləşdirilməsi üçün tədqiqat aparılmış və nəticədə 15.03.2013-cü il tarixli maliyyə arayışının aşınma dərəcəsinin onunla eyni dövrə aid digər maliyyə arayışlarındakı aşınma dərəcələri ilə uyğun olmadığı müəyyənləşdirilmişdir. Beləliklə də əvvəlki tarixə aid, lakin yeni tərtib edilmiş maliyyə arayışının etibarsız olması öz təsdiqini tapmışdır. Eyni zamanda mülki kollegiyanın icraatında olan mülki iş üzrə cavabdeh tərəf apelyasiya icraatı zamanı məhkəməyə mobil telefonla şəklinin çəkilib, daha sonra mobil telefondan çap edildiyini iddia etdikləri növbəti maliyyə arayışını təqdim etmişdir. İddia ərizəsinə əlavə edilmiş həmin maliyyə arayışının, həmçinin 15.03.2013-cü il tarixli maliyyə arayışının etibarsız olmasının sübutlarından biri də ondan ibarətdir ki, maliyyə arayışı 13.02.2012ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə uyğunluq təşkil etməməkdədir.Belə ki, müqavilə şərtlərinə görə F.Rəşad mənzilin pulunun ən azı 30% məbləğinin 5 gün ərzində ilkin mərhələdə ödəməli, daha sonra isə hər ay üçün 10% məbləğ ödəniş edilməklə mənzilin pulunu 7 aya ödəyib bitirməli idi. F.Rəşad özü də mənzilin pulunu guya hissə-hissə 7 ayda deyil, 13 ayda ödədiyini iddia etmidir. Halbuki maliyyə arayışında elə təqdim olunub ki, sanki F.Rəşad bütün ödənişi elə bir dəfəyə edib. F.Rəşad bununla bağlı əvvəlcə hər ay ödəniş etdikdən sonra qəbz aldığını bu qəbzləri ən sonda şirkətə təqdim edərək maliyyə arayışını aldığı üçün bunun belə olduğunu iddia etmişdir. Ancaq ödəniş qəbzlərini şirkətə niyə verdiyini və eyni qaydada şirkətin özünün niyə bu qəbzlərin aldığına izah verə bilməmişdir. Üstəlik, məhkəmə prosesində iddiaçının vəkili O.Xudatlı bu hal ilə bağlı Cavabdeh2 sual ünvanladığı zaman isə Cavabdeh2 isə, ümumiyyətlə qəbz verilmədiyini bildirmişdir. Bu da ifadələr arasındakı növbəti ziddiyyətli məqamdır. Bundan əlavə işin halları ilə maliyyə arayışının saxta olduğunu ört-basdır etmək məqsədilə cavabdeh F.Rəşad apelyasiya icraatı zamanı saxta bir ödəniş cədvəli hazırlayaraq surət halında məhkəməyə təqdim etmişdir. Həmin sənədin apelyasiya məhkəməsi icraatında məhkəməyə təqdim edilməsinin qanuni olmaması ilə yanaşı original formada deyil surət halında təqdim edilməsinə aydınlıq gətirmək istəyirlər. Belə ki, cavabdeh tərəf həmin sənədin əslini təqdim edəcəyi halda aşınma dərəcəsinin müəyyən edilməsi nəticəsində sənədin yeni olmasının üzə çıxacağından ehtiyatlanaraq bu dəfə güya qəbzlərin mövcudluğuna dair telefonda olan şəkli çap edib gətirdiyini iddia etmişdir. Hər nə qədər həmin sənədin sübut kimi qiymətləndirilməsi mümkün olmasa da, qarşı tərəfin nə qədər saxtakar olduğunu və Cavabdeh2 birbaşa əlbir olaraq bunu etdiklərini sübut etmək üçün həmin sənədlə bağlı yol verilən pozuntuları da qeyd etmək istəyir. Mülki kollegiyanın icraatında olannmülki iş materiallarındakı bütün sənədlərdə firma blankındakı rekvizitlərdə şirkətin ünvanı ünvan 2imi rayonu, 987-ci məhəllə qeyd olunur. İkincisi, sənədin adını maliyyə arayışı qoysalar da əslində mahiyyət etibarı ilə bu sənəd ödəniş cədvəlidi. İddiaçı1 MMC-də heç bir zaman bu tərtibdə maliyyə arayışı mövcud olmamışdır. Şirkətdə tam və hissə-hissə ödənişlə bağlı iki cür tərtibatda maliyyə arayışı olmuşdur. Hər iki maliyyə arayışına nümunə olaraq hazırki iddia ərizəsinə surətləri əlavə olunur. Sənəd nümunələri hazırda davam edən eyni mahiyyətli fərqli iş materiallarından götürülmüşdür. Üçüncüsü, heç bir zaman A4 kağızından telefon vasitəsi ilə o formada şəkil çəkilə bilməz. Belə ki, hər bir şəxs tərəfindən yoxlanılsa görülər ki, mobil telefon vasitəsi ilə A4 kağızının səthi tam şəkildə çəkilərkən telefonun kamerasının rakursu kağızın sahəsindən daha artıq sahəni obyektivinə alır. Yəni, əslində telefonla şəkil çəkilərkən A4 kağızından kənarda da görüntülər şəkilə düşməli idi. Bu da onu göstərir ki, əslində həmin sənəd mobil telefonla çəkilməmiş, printerdən çap edilmişdir. Sənəddəki möhürün yazılarının bir qismi oxunmur. Bunun səbəbi isə ondan ibarətdir ki, əslində sənəd əvvəlcə printerdə çap edilmiş, möhür və ştamplar vurulmuş, daha sonra ksero surət çıxarılmışdır. Yalnız o zaman möhürdəki yazıların bir qismi pozula bilər. Əks halda isə mobil telefon vasitəsilə şəkil çəkilsə idi, möhürdəki yazılar tam şəkildə oxunardı. Göründüyü kimi qeyri-peşəkar və tələm-tələsik hazırlanmış olan ödəniş cədvəli özü-özlüyündə də şəkildə saxtalığının izlərini daşımaqdadır. Bütün bu hallar o deməkdir ki, əslində hər cür saxtakarlıqda mütləq bir işarə qalır, insanlara və xüsusilə də hüquqşunaslara qalan isə o nişanəni görərək haqqı batildən ayıra bilməkdir. Bununla da yanaşı 2(103)-628/2020 saylı mülki iş materiallarında olan digər bütün maliyyə arayışlarından və hətta mənzillərin alqı-satqı müqavilələrindən də göründüyü kimi müqavilənin tarix hissəsində həm ay, həm də gün birmənalı şəkildə əlyazısı ilə və qələmlə yazılır. Cavabdehlər tərəfindən təqdim edilən maliyyə arayışında isə tarix qismi elektron qaydada qeyd edilmişdir. Bu da əslində həmin maliyyə arayışının fərqli olmasına, şirkət tərəfindən tərtib edilməməsinə və saxtakarlıq məqsədi ilə sonradan tərtib edildiyinə işarədir. Cavabdeh1 2(103)-628/2020 saylı mülki iş materialları çərçivəsində dəfələrlə ifadəsində bildirmişdir ki, guya ki, o mənzil üçün ilk öncə 12000 manat, daha sonra isə 20000 və 5000 manat olmaqla ödəniş etmişdir. Ancaq cavabdehlər tərəfindən apelyasiya instansiyasının son iclaslarında təqdim edilmiş ödəniş cədvəlində ilkin ödəniş olaraq 12000 manat ödənildiyi qeyd edilsə də, daha sonra 20000 manat ödəniş edilməsinə dair qeyd yoxdur. Həmçinin istinad etdikləri müqaviləyə əsasən F.Rəşad ilkin ödəniş olaraq 12000 manat deyil, 108000 manatının 30%-ni, yəni 32400 manat ödəməli idi. Üstəlik Cavabdeh2 apelyasiya icraatı zamanı bildirmişdir ki, F.Rəşad tərəfindən ödəniş elə bir dəfəyə həyata keçirilmiş və o da bunun müqabilində guya maliyyə arayışı vermişdir. Bu ziddiyətlər də onların yalan danışdıqlarını əks etdirən növbəti dəlildir. Həmçinin qeyd edilməlidir ki, surət halında təqdim edilmiş ödəniş cədvəli mahiyyətindəki kağızda belə yenə də başlıq olaraq maliyyə arayışı sözü qeyd edilmişdir. Məlum məsələdir ki, eyni müqaviləyə dair iki maliyyə arayışı mövcud ola bilməz. Bu fakt da tək başına cavabdeh tərəfin saxtakarlığını sübut etməyə kifayət edir. F.Rəşad ifadələrindən dəfələrcə binaya baxmağa gəldiyi zaman binanın beş mərtəbəsinin tikildiyinə şahid olduğunu bildirmişdir. Halbuki məhkəmə gedişində cavabdehin qeyd etdiyi dövrdə binanın beş mərtəbəsinin tikilmədiyi məlum olan kimi, bu dəfə də ifadəsini dəyişərək üç mərtəbəsinin hazır olduğunu qeyd etmişdir. Nəhayət, mənzilin alqı-satqısına dair müqavilədən ödənişin hissə-hissə ediləcəyi, bina tikilib qurtaranadək pdənişin icra ediləcəyi nəzərdə tutulduğu halda, F.Rəşadın qabaqcadan bütün ödənişin hamısını bir dəfəyə etməsi həyatın normal axarına, işgüzar adətlərə və gündəlik həyatın reallıqlarına ziddir. Qeyd edilən bu kimi mübahisələrin hamısının məhz Cavabdeh2 nəzarəti və iştirakı ilə satılmış mənzillər barəsində yaranması və yuxarıda da qeyd edildiyi kimi İddiaçı2lə Cavabdeh2 arasında münaqişə yarandıqdan sonra bu şəxslərin ortaya çıxması təsadüf olmadığı kimi məqsədli və məkrli niyyətin bir parçası olduqları da aşkardır. Eyni zamanda qeyd edilməlidir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan yuxarıda qeyd edilən mübahisə ilə bağlı yenicə əldə edilmiş məlumatlardan aydın olmuşdur ki, 13.02.2012-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə o zamanki direktor Cavabdeh2 tərəfindən imzalanmamışdır. Belə ki, müqavilənin imzalar hissəsində MMC-nin direktoru Cavabdeh2M başlıqlı qrafanın qarşısında atılmış imza Cavabdeh2 deyil, başqa şəxsə məxsusdur. İddia ərizəsinə əlavə edilmiş 10-dan artıq fərqli sənəd mövcuddur ki, həmin sənədlərdə Cavabdeh2 tərəfindən tək formada – soyadının ilk hərfi olan “Ş” hərfi ilə başlayan sadə bir imza atılmışdır. Qeyd edilən müqavilədə isə tamamilə fərqli formada imza atılmış olduğu elə ilk baxışdan dərhal aydın olur. Adi gözlə belə fərqli olduğu açıqca sezilən imzanın həqiqətən də Cavabdeh2 aid olmadığını müəyyən etmək üçün müvafiq məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi zərurəti vardır. Məhkəmə, müqavilədəki imzanın saxta olduğunu müəyyən etdiyi təqdirdə bu müqavilənin etibarsızlığı barədə özü özlüyündən qətnamə çıxara bilər. Belə ki, məhkəmə etibarsızlıq halını tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq nəzərə almalıdır. Məsələn, notariat qaydasında təsdiq olunmalı bir müqavilənin notariat qaydasında bağlanılmadığını müəyyən edən məhkəmə, tərəflərin həmin müqavilə ilə bağlı məhkəmə mübahisəsində nələri ilə irəli sürmələrindən asılı olmayaraq bu faktı nəzərə almalıdır. Çünki müqavilənin etibarsız olması həmin müqavilə üzrə ümumiyyətlə hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Buna görə də, məhkəmə mübahisəsində bülə bir müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya müqavilənin ləğvi və s. bu kimi müqavilə üzrə tələblərin irəli sürülməsinə baxmayaraq məhkəmə bu müqavilənin etibarsızlığı faktını, həmin müqavilənin şirkətlə bağlanmadığını özü-özlüyündə nəzərə almalıdır. İndiki halda nəzərə alınmalıdır ki, çoxmənzilli yaşayış binası artıq 2018-ci ildən tam istifadəyə verilmişdir. Payçılar mənzillərini təmir edərək binaya köçmüşdürlər. 2018-ci ilin əvvəllərində Cavabdeh2la İddiaçı2 arasında münasibətlər normal olduğu üçün nə Cavabdeh1, nə də qeyri birisi şirkətə gəlməmiş, mənzil tələb etməmişlər. Əgər cavabdehin iddiaları doğru olsa idi o, artıq 2018-ci ildən əvvəl İddiaçı1 MMC-ni məhkəməyə verər, mənzilini tələb edərdi. Həmçinin qeyd edilməlidir ki, mübahisəli 30 saylı mənzil 04 mart 2015-ci ildə başqa biricinə satılmışdır. Həmin 30 saylı mənzili alan şəxs isə məhz Cavabdeh2 yaxın dostu-Ceyhun adlı şəxsin bacısı Fatma Nəbiyevadır. Bundan başqa mənzillərin şkalasında dəyişiklik edilmiş, bundan sonra həmin 30 saylı mənzilin nömrəsi 31, əvvəl 29 saylı olan mənzilin nömrəsi isə 30 olaraq müəyyən edilmişdir. Buna əsasən əvvəl 29, sonra 30 saylı olan mənzil Əlifi adlı şəxsə satılmış, hər ehtimala qarşı isə Fatma Nəbiyevadan 30 saylı mənzilin satılmasına dair heç bir etirazının olmamasına dair ərizə alınmışdır. 04 mart 2015-ci il tarixli müqavilə və ərizə hazırki icmala əlavə olunur. Beləliklə də 30 saylı mənzillə bağlı ilk dəfə Cavabdeh1la müqavilə bağlayanda, həmin müqavilə ləğv olunduqdan sonra həmin mənzilə dostu olan yeni payçını/müştərini tapan da elə Cavabdeh2dur. Ümumiyyətlə Cavabdeh2la İddiaçı2 arasındakı şifahi ortaqlıq münasibətlərinə əsasən binanın bəzi mənzillərinin satışı hər nə qədər direktor İddiaçı2 və C.Tağılı olsa da birbaşa Cavabdeh2 insiyativində olmuşdur. Sonda ilkin iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili X3 ilkin iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MTK-nın sədri Cavabdeh2 ilə 13.02.2012-ci il tarixində Cavabdeh1 ilə bağlanmış müqaviləyə əsasən sonuncuya İddiaçı1 MMC-yə məxsus Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında tikilməkdə olan yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzil 108.000 manata satılmışdır. Cavabdeh1 adına verilmiş 15.03.2013cü il tarixli maliyyə arayışından görünür ki, onun tərəfindən Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında tikilməkdə olan yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzilil pay dəyəri 108000 manat payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Mubahisəli halın yaranmasına səbəb 2018-ci ilin əvvəlində binada tikinti işlərinin yekunlaşmasına az qalmış iddiaçı öz mənzilini təhvil almaq istəmiş, lakin cavabdeh tərəfindən ona mənzilin verilməsindən imtina olunmuşdur. İddiaçı mənzilinin təhvil verilməməsi ilə bağlı Nəsimi rayon prokurorluğuna müraciət etmiş, cavabdeh də paralel olaraq Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə İddiaçı1 MMC arasında bağlanılmış 13.02.2012-ci il tarixli müqavilənin ləğv olunmuş hesab edilməsi; Cavabdeh2 tərəfindən İddiaçı2 xeyrinə sonuncunun işgüzar nüfuzunun zədələnməsi səbəbilə çəkdiyi mənəvi zərərə görə 20 000 manat təzminat ödənilməsi; Cavabdeh2 tərəfindən İddiaçı1 MMC-nin xeyrinə sonuncunun işgüzar nüfuzunun zədələnməsi səbəbilə əmələ gələn mənəvi zərərə görə 50 000 manat təzminat ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı1 MMC tərəfindən iddiaçı Cavabdeh1 Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün maneələr yaradır, mənzili iddiaçıya təhvil vermir. Nəsimi Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli 2(006)-2863/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv olunmuş sayılması və mənəvi zərərin tələb olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçıların Apelyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli 2(006)-2863/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. İddiaçı1 MMC-nin nümayəndəsi, Cavabdeh2, X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi haqqında Məhkəməyə heç bir üzrlü səbəb bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı1 MTK ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi (ünvan 4 MMC-nin tikilməkdən olan binasında 30 nömrəli mənzilin) haqqında 13 noayrb2012-ci ildə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı1 MMC-nin 15 mart 2013-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binası MMC-yə məxsusdur. Bu binanın İ giriş, V mərtəbəsində, ümumi sahəsi 136 kv.m olan, 3 otaqlı, 30 saylı mənzilin pay dəyəri 108000 manat payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan ittiham aktından və Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)- 1131/2021 saylı 16 may 2021-ci il tarixli bildirişdən görünür ki, məhkəmənin icraatına İddiaçı2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olaraq baxılması üçün təyin edilmişdir. Beləliklə, göründüyü kimi iddia tələbləri iki hissədən ibarətdir. İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “13 fevral 2012-ci il tarixli müqavilənin və arayışın etibarsız hesab edilməsi” tələbinə dair ilkin ərizə ilə məhkəməyə müraciət edərək, 13 fevral 2012-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin və 15 mart 2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etmişdirlər. İddiaçı Cavabdeh1 oğlunun cavabdehlər İddiaçı1 MMC-yə və X2 qarşı “iddiaçının mənzildən istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən inşa olunmuş Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı, 30 saylı (yeni ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 987-ci məhəllə, ev 64, mənzil 30) mənzildən Cavabdeh1 istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin Cavabdeh1 təhvil verilməsi, Cavabdeh1 mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, X4 ilə MMC arasında bağlanılmış 30 aprel 2014-cü il tarixli müqavilənin və həmin müqavilədən doğan nəticələrin (mənzilə dair mülkiyyət hüququnun təsdiq edilməsinə dair çıxarışın) etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 MMC-nin caabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv olunmuş sayılması və mənəvi zərərin tələb olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli 2(103)-628/20 nömrəli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli 2(102)-2456/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli 2(103)- 628/20 nömrəli qətnaməsi dəyişdirilmdən saxlanılmışdır. Göründüyü kimi, iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Odur kiŞ Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tədqiq edilmiş sübutlarla və yuxarıda qeyd edilmiş normalara əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “13 fevral 2012-ci il tarixli müqavilənin və arayışın etibarsız hesab edilməsi” tələbinə dair ilkin; iddiaçı Cavabdeh1 oğlunun cavabdehlər İddiaçı1 MMC-yə və X2 qarşı “iddiaçının mənzildən istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri əsassız olduğuna və məhkəmə iclasında iştirak edən tərəflər öz iddialarını sübuta yetirə bilmədiklərinə görə rədd edilməlidir, halbu ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz iddia tələbini sübut etməlidir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Belə ki, məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə verdiyini nəzərə alaraq ilkin iddia üzrə iddiaçının iddia müddətini buraxıb-buraxmadığını araşdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 372.1 və 372.2-ci maddələrinə əsasən «Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir», «Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır». Həmin Məcəllənin 373.1, 373.2, 373,3, 373.4 və 373.5-ci maddələrinə əsasən «Ümumi iddia müddəti on il təşkil edir», «Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir», «Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir», «Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər», «Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir». Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən verilmiş iddia tələbi üzrə müddət buraxılmadığından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “13 fevral 2012-ci il tarixli müqavilənin və arayışın etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 MMC-yə və X2 qarşı “iddiaçının mənzildən istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-802/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-802/2021
09.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver