Məhkəmə qərarları › İş №2(006)-836/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-836/2022

13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-836/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış 380 manat cərimənin ləğv edilməsi və iş üzrə yekun məhkəmə aktı çıxanadək enerjinin verilməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin Şimal” X2 və Satışı İdarəsinin Xaçmaz regional elektrik şəbəkəsinin əməkdaşları Əliyev Kamran və Allahverdiyev Tahir, X6 ərazisində ona məxsus həyətdə quraşdırılmış sayğaca baxış keçirərkən, sayğacın işləmədiyini aşkar etmişlər və bu barədə 10.08.2021-ci il tarixli 223548 Saylı AKT tərtib edərək sayğacın 1-ci, 2-ci çıxışların əridiyi səbəbindən işləmədiyini əsas gətirərək yenisi ilə əvəz olunması barədə təklif vermişlər. AKT-da hər hansı müdaxilənin aşkar olunduğu barədə qeydlər yoxdur və bir abunəçi kimi ondan bu barədə heç bir izahat alınmamışdır. Bir müddət ötdükdən sonra cavabdehin əməkdaşı tərəfindən onun 380 azn borcunun olduğunu və məbləğ təcili ödənilməsə xəttin kəsiləcəyi barədə xəbərdarlıq edildi. 12.11.2021 -ci il tarixdə cavabdehin Şimal RETSl-nin rəisi Ş. Əliyevə ərizə ilə müraciət edərək anlaşılmamazlığın aradan qaldırılmasını xahiş etmişdir. 18.11.2021-ci il tarixdə 01- 50/A-099/250 saylı cavab məktubu ilə, AKT-ın tərtibatı normalara uyğun olduğuna görə onun yenidən baxılmasına əsas olmadığını bildirdilər. 29.07.2020-ci il tarixdə ərizə ilə cavabdehin Xudat elektrik şəbəsinə müraciət edərək, sayğacda aşkar olnmuş olunmuş nasazlıq barədə və onun aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Əvəzində, heç bir tədbir görülməmiş və 5 (beş) aydan sonra sayğacın çıxış xətləri sıradan çıxmışdır, lakin evdə yaşayış olmadığından, onun və işıq nəzarətçisi tərəfindən bu hal aşkar olumamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı tərəfindən “Şimal” X4 və Satış idarəsinin rəisinə ünvanlanmış 29.07.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, özünə məxsus elektrik sayğacının çıxış xəttində nasazlıq olduğundan qüsurun bərpa edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 10.08.2021-ci il tarixli, 223548 saylı aktdan görünür ki, E.E.İ.Q-ya tələblərin uyğun baxış keçirən zaman sayğacın birinci və ikinci çıxışlarının əridiyi, belə ki, sayğacın axan yükü qeyd etmədiyi, ölçülərin amperpaşa ilə aparıldığı qeyd edilmiş, elektrik sayğacın yeni elektron tipli sayğac ilə əvəz olunmasına dair tələb qoyulmuşdur. "xxxx" ASC-nin 28.10.2021-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərin surətindən görünür ki, 223548 saylı akta əsasən sayğacın axan yükü hiss etmədiyi müəyyən edilmiş, istehlakçıya 3250 kvts 0,07 tarifi ilə və 1373 kvts 0,11 tarifi ilə, cəmi 378,53 manat hesablanması qərara alınmışdır. İddiaçı tərəfindən “Şimal” X4 və Satış idarəsinin rəisinə ünvanlanmış 12.11.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Xaçmaz rayonu, köhnə Xudat aşağı Ləngər kəndinin yaxınlığında yerləşən evində sayğacın dayanması səbəbindən ona 380 manat məbləğində cərimə yazıldığını, lakin həmin dövr ərzində (7 ay müddətinə) onun evində yaşayış olmadığını, sayğacın yolun kənarında yerləşdiyini bildirərək yazılmış cərimənin silinməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 18.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 424,51 manat məbləğində borcunun olması və bu borcu ödəmədiyi təqdirdə elektrik enerjisinin verilməsinin enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılacağı barədə xəbərdar edilmişdir. Abunə kodu **********00084 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı 28.10.2021-ci il tarixli akta əsasən 378,53 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 10.08.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********00084) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın birinci və ikinci çıxışlarının əridiyi, sayğacın axan yükü qeyd etmədiyi aşkar edilmişdir. Bununla əlaqədar 10.08.2021-ci il tarixli 223548 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 378,53 manat əlavə ödəniş hesablanmışdır. Təqdim edilmiş aktın surətinə əsasən görünür ki, sayğac yoxlanılarkən iddiaçının və halşahidlərinin iştirakı təmin edilməmişdir. İlk öncə qeyd olunmalıdır ki, işdə olan sənədlərə əsasən İddiaçı tərəfindən elektrik sayğacının çıxış xəttində nasazlıq olduğu barədə 29.07.2020-ci il tarixdə “Şimal” X4 və Satış idarəsinə müraciət edildiyi, qüsurun bərpa edilməsi xahiş edildiyi müəyyən edilmişdir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçıya məxsus həyət evinin çöl divarında quraşdırılması müəyyən edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıdan borc kimi yazılmış 378,53 manat məbləğində əlavə ödənişin tələb edilməsi sayğacdakı qüsurlara görə cavabdehlik daşımadığı üçün qanunvericiliyə ziddir. Belə ki, Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun hesablanmasına əsas olan akt qüsurlu olduğundan onun əsasında hesablanmış borc, 378,53 manat İddiaçı məxsus **********00084 saylı abunə kodundan silinməlidir. Məhkəmə iddianın “iş üzrə yekun məhkəmə aktı çıxanadək enerjinin verilməsinin bərpa edilməsi” tələbi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirin tətbiq edilməsi barədə vəsatətdir və bu tədbirinin məhkəmə tərəfindən tətbiqi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan müraciət qaydası fərqlidir. Məhkəmə iddianın bu hissəsini prosessual tələb olaraq nəzərə aldığı təqdirdə belə qeyd edilməlidir ki, bununla əlaqədar hazırda hər hansı mübahisə olmadığı üçün iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Həmçinin elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas olan borcun silinməsinə dair qətnamənin qanuni qüvvəsini alması enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisi verilişinin bərpa olunmasına zəmin yaradacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10.08.2021-ci il tarixli 223548 saylı akt əsasında hesablanmış 378,53 manat məbləğində borc **********00084 saylı abunə hesabından silinməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 378,53 manat məbləğində borc İddiaçı məxsus **********00084 saylı abunə kodundan silinsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar