Məhkəmə qərarları › İş №2(006)-841/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-841/2021

09.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-841/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailəvi münasibətləri olmuş və bu uzun illər davam etmişdir. Bir-birilərinə qarşı bu səbəbdən də qarşılıqlı inamları olmuşdur. İddiaçı orta səviyyəli bizneslə məşğul olur. 2012-ci il tarixdə iddiaçıya iş üçün pul lazım idi. Həmçinin, həmin dövrdə iddiaçı özünə məxsus olan Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, 5c ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx” QSC-yə ipotekaya qoyaraq kredit götürmüşdür. Adıçəkilən təşkilata 47 000 ABŞ dolları həmin dövrdə borcu var idi. İşə yatırmaq üçün isə əlavə 40000 ABŞ dollarına ehtiyacı var idi. Bu problemlərin həlli üçün iddiaçı 2012-ci ildə Cavabdeh müraciət etdi. Cavabdeh iddiaçıya kömək etməyə razılıq verdi. İddiaçı bundan sonra həm banka olan 47 000 ABŞ dolları borcunu ödəyib qeyri-yaşayış sahəsini ipotekadan azad etdi, həm də ona 40000 ABŞ dolları vəsait ödədi. İddiaçının biznesi Rusiya Federasiyası ərazisində idi və qazanc əldə etmək üçün bir müddət vaxt tələb edilirdi. 2012-ci ildə iddiaçı qeyd etdiyi kimi Rusiya Federasiyasına getdi. Lakin bir müddət sonra bütün dünyada baş verən krizis iddiaçının da biznesini iflasa uğratdı və 2015-ci ildə Azərbaycana qayıtdı. Bir müddət burda iş qurmağa çalışdı və daima da cavabdehlə əlaqə saxlayaraq işləri düzəldikcə aldığı borcu geri qaytaracağına söz verirdi. Bir müddət sonra cavabdeh 2018-ci ilin əvvəlində iddiaçıya müraciət edərək aralarında razılaşma yazmağı və orada nə qədər borcunun olmasının qeyd edilməsini, habelə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin formal olaraq onun adına keçirməyini istədi. Yazılı razılaşmada birbaşa gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin formal olduğu aydın olur. Adıçəkilən sənədi yazdıqdan bir neçə gün sonra, yəni xx.xx.2018-ci il tarixdə tərəflər arasında qeyri- yaşayış sahəsinə dair beh müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən qeyri- yaşayış sahəsi guya 80 000 manat qiymətləndirildi və 1600 manat beh verildiyi yazıldı. Cavabdeh alqı-satqı zamanı hər bir hərəkətin qanuni olmasını istəyirdi və bu səbəbdən də bu zaman pul vəsaitinin bankdan keçməsini istəyirdi. Lakin həmin dövrdə maddi imkanı tam məbləğə yetmirdi. Bu səbəbdən də alqı-satqı müqaviləsini 73 000 manat dəyərləndirməyi xahiş etdi. İddiaçı təbii ki, cavabdehə olan inamına görə razılıq verdi. Beləliklə, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh notariusun depozit hesabına pul vəsaitini ödədi. İddiaçı isə onunla birlikdə banka gedərək pul vəsaitini çıxarıb tamamilə hamısını özünə qaytardı. Digər səbəbdən, iddiaçı 2018-ci il tarixdə azadlıqdan məhrum edildi və 2019-cu ildə həbsdən çıxdı. Həm alqı-satqıdan sonar, həm həbsdə yatdığı dövrdə, həm də hal-hazırda qeyri-yaşayış sahəsi iddiaçının istifadəsindədir və cavabdeh tərəfdən hər hansı bir istifadəyə müdaxilə olmamışdır. Lakin artıq bir neçə gündür ki, tərəflərin münasibətləri pozulmuş və cavabdeh iddiaçıya bildirmişdir ki, borcu deyil, artıq əmlakı istəyir. Cavabdeh haqsızdır, formal bağlanmış və digər əqdi pərdələmək üçün imzalanmış müqavilə üzrə əmlakını tələb edə bilməz. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 2-ci döngə, bina 5 c ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, eyni tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu ərizələr təqdim edərək, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iş üzrə iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş beh müqaviləsindən görünür ki, birinci tərəf ona məxsus olan ünvan 1 ünvanında yerləşən 267,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasını satır, ikinci tərəf isə həmin əmlakı alır. İkinci tərəf gələcəkdə bağlanacaq daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi birinci tərəfə 1600 manat məbləğində pul vəsaitini nağd qaydada ödəyir. Birinci tərəf həmin məbləği qəbul edir. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, 5c ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən Cavabdeh 73.000 manat məbləğinə satılmışdır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi iddiaçının etibarsız hesab etdiyi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsini və xx.xx.2018-ci il tarixli beh müqaviləsini İddiaçı Cavabdeh ilə könüllü şəkildə bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar