Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-841/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X15 Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhmən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X2, Mütəxəssis Energetika Nazirliyi Enerji X1 Bakı filialının aparıcı müfəttişi X5 iştirakı ilə İddiaçı Cavabdeh İB-ya qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ya qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi ev 7 ünvanda yerləşən 548 saylı mənzilinə (abonent kodu: **********05480) əsassız olaraq hesablanmış 2.737 manat 25 qəpik məbləğində cərimənin və sayğacın dəyəri kimi tələb olunan 235 manat 88 qəpik məbləğində borcun silinməsi, həmçinin borca görə ödədiyi 125 manat məbləğində pulun geri alınıb abunə koduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi ev 7 ünvanda yerləşən 548 saylı mənzilin abonent saldosuna (abonent kodu: **********05480) əsassız olaraq hesablanmış 2.737 manat 25 qəpik məbləğində cərimə borcunun və sayğacın dəyəri kimi tələb olunan 199 manat 89 qəpik borcun silinməsi, həmçinin borca görə hər ödənişdən (saldo hesabında olan əsassız borca görə) tutulmuş 50 % məbləğində pulun geri alınıb abunə koduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7 saylı evin 548 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Artıq uzun illərdir ki, həmin mənzildə tənha yaşayır. Əksər vaxtları evdə olmur, nəvələrinin yanında qalır. Qazdan çox az istifadə edir, çox istiliyi sevmir. Əlildir, pensiyasını alan kimi istifadə etdiyi bütün kommunal xidmətlərə və s. görə borcunu sayğac göstəricilərinə əsasən ödəyir, təbii qaza görə hər dəfə ödəniş etdikdə 104 qaynar xəttinə zəng edib pulun kartdan sayğaca yüklənib-yüklənmədiyini öyrənmişdir. Sayğaclar təlimata uyğun olaraq balkonda quraşdırılmışdır. 2021-ci il noyabr ayında sayğac alışıb yanmışdır. Cavabdeh tərəfin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə sayğac yenisi ilə əvəz olunmuşdır. Cavabdeh tərəf xx.xx.2021-ci il tarixili MSK-29/1710-04631-1 nömrəli aktda qeyd etdiyi kimi sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, həmin aktda qeyd edilmişdir ki, sayğac mənfiyə işlədiyi üçün 2.305,25 manat cərimə hesablanmışdır. Cərrahiyyə əməliyyatından yenidən çıxmış, səhhəti ilə bağlı borcu araşdırmağa fiziki olaraq gücü çatmamışdır. xx.xx.2022-ci il tarixdə sayğaca pul yüklədikdən sonra 104 qaynar xətti ilə əlaqə saxladıqda cavabdeh tərəfin əməkdaşının dediyindən ona məlum olmuşdur ki, pul yüklənib, cavabdeh tərəf 125 manatı qaz sərfiyyatına ödədiyi pullardan çıxmalarına baxmayaraq, borcu 2.712 manat 25 qəpik olaraq artmışdır. xx.xx.2022-ci il tarixdə «Asan» kommunal mərkəzinə yaxınlaşmışdır. Həmin mərkəzin əməkdaşları ona bildirmişlər ki, sayğaca dövlət yoxlaması keçirilib, yoxlama nəticəsində yenidən 432 manat məbləğində cərimə borcu hesablanıb. Qeyd edir ki, sayğacın yoxlanılmasından məlumatı olmamışdır. Bundan sonra Babək prospektində yerləşən cavabdeh qurumun inzibati binasındakı əməkdaşlarına yaxınlaşmışdır. Sonuncular ona bildirmişlər ki, sayğacın dəyəri olan 235,88 manat məbləğində borcu əlavə olaraq ödəməlidir. Cavabdeh tərəfin əməkdaşları mütəmadi olaraq sayğacı yoxlayır. Qaz sayğacında olan nasazlığa görə cavabdeh məsuliyyət daşıyır. Yazılmış və hesablanmış borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Qaz sərfiyyatının stabil və heç bir ödənişini gecikdirmədən ödəmişdir. Eyni zamanda qaz sayğacındakı hər hansı nasazlıq ona göstərilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********05480 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1102AQ**********3 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, «Qaz sayğacının yoxlanılması barədə» MSK-29/1710-04631-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və plombları istilik nəticəsində əriyib, kart yuvasının qapağı aşkar olunmadı, sayğacın yaddaş arxivinin oxunması mümkün deyil, sayğacın mənfiyə işləməsi aşkar olunmuşdur. Həmin faktla bağlı xx.xx.2021-ci il tarixli, ******* saylı «Təbii X10nın pozulması haqqında» akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4320 m3 təşkil etmişdir. Hesablanmış 432 manat məbləğində dəymiş ziyan 2021-ci ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Belə ki, Cavabdeh İBnın əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 21391 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla Cavabdeh İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddiaçı tərəfindən dəyəri ödənilməyən 2.305,25 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «X10»nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********05480 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mütəxəssis - Energetika Nazirliyi Enerji X1 Bakı filialının aparıcı müfəttişi X8 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji X1 Bakı filialının aparıcı müfəttişidir. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli 2(006)-841/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı mütəxəssis rəyini hazırlamışdır. Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi ev 7 ünvanda yerləşən 548 saylı mənzildə 1102AQ**********3 zavod nömrəli itron markalı, G4 tipli qaz sayğacı quraşdırılması tarixi barədə Cavabdeh İB tərəfindən müvafiq sənəd təqdim olunmamışdır. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın tərtib edilməsi zamanı 1102AQ**********3 zavod nömrəli itron markalı, G4 tipli qaz sayğacının üst paneli yanmışdır kimi qeyd edilmişdir. Çıxarılmış 1102AQ**********3 zavod nömrəli itron markalı, G4 tipli qaz sayğacı Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasında xx.xx.2021-ci il tarixdə Dövlət yoxlamasından keçirilərək «Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün və plomların istilik nəticəsində əriyib. Kart yuvasının qapağı aşkar olunmadı. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac mənfiyə işləyib. Qaz itkisi, müdaxilə» barədə rəy verilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «X10»nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Odur ki, qeyd edilən ünvanda 2012-ci, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci, 2019cu və 2020-ci illər üzrə təbii qazdan istifadənin hesabatını cədvəl formasında mütəxəssis rəyində təqdim etmişdir. Sayğacın mexaniki göstəricisi 21391 m3-dur. Ödənilmiş pula görə sərf olunan qaz həcmi (qaz ekvivalentində) 1025 manat = 10250 m3 təbii qazdır. İstifadə müddəti 9 il və ay, cəmi 118 ay-dır. Saldolardan görünür ki, iddiaçı 2021-ci il ərzində ödəniş etməmişdir. Onu da bildirir ki, iddiaçı il ərzində 1700 kub metrdən (170 manat) çox qaz sərf etməmişdir. Sayğacın üzərindən çıxan 21391 kub metr (mexaniki göstərici) göstərilmişdir. Sayğac üzərində 10278 kub metr göstərici elektron göstəricidir. Belə ki, mexaniki göstərici elektron göstəricidən çox görünür. Bu əlaqənin itməsi vətəndaşın günahı deyildir. Bu da onu deməyə əsas verir ki, ola bilsin ki, sayğac iddiaçının mənzilinə quraşdırılarkən yeni sayğac olmamışdır. O, vermiş olduğu rəyi iş materiallarında olan saldolar əsasında tərtib etmişdir. Sayğacın mexaniki göstəricisi ümumi illər üzrə 10278 kub metr təşkil edir. İddiaçı isə 1025 manat qaza pul ödənişi etmişdir. Bu da deməkdir ki, iddiaçı 10250 kub metr qaz sərf etmişdir. 28 kub metr isə sayğacın üzərində qalan dəyərdir. 2 manat 80 qəpik sayğacın üzərində qalan məbləğdir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını, mütəxəssin fikrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7 saylı evin 548 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1659 saylı reyestr kitabının 152247 saylı vərəqində qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının mülkiyyətində olan evin eyvanında yanğın hadisəsi baş vermişdir. Həmin yanğın hadisəsində eyvanda quraşdırılan qaz sayğacı da yanmışdır. Qeyd edilənlər işin mübahisəsiz halıdır. Cavabdeh İB-nin əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək, 04 noyabr 2021ci il tarixdə yanmış qaz sayğacını çıxarmışlar və bu barədə ******* saylı akt tərtib etmişlər. Həmin qaz sayğacı 30 noyabr 2021-ci il tarixdə yoxlanaraq, həmin sayğacın istismara yararsız hesab edilməsi barədə 10 dekabr 2021-ci il tarixdə təsdiq edilmiş 29/1710-04631-1 saylı akt tərtib edilmişdir. Bundan sonra 22 dekabr 2021-ci il tarixdə ******* saylı akt tərtib edilərək, qaz sayğacının yanğından sonrakı durumu barədə məlumat qeyd edilmiş, 4320 m3 qaz itkisinə yol verildiyi göstərilmişdir. 30 dekabr 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, iddiaçıya 4320 m3 qaz itkisinə görə əlavə sərfiyyat hesablanmışdır. Mənzilə təbii qazın verilişi dayandırılaraq, iddiaçıdan ehtimal edilən qaz itkisinə görə hesablanmış borcun ödənilməsi tələb edilmişdir. Mənzilə qaz verilişi dayandırıldığından iddiaçının verdiyi etibarnamə üzrə çıxış edən X9 22 noyabr 2021-ci il tarixdə Cavabdeh İB-yə ərizə yazmaq məcburiyyətində qalmış, sayğac dəyişikliyi nəticəsində yaranmış 2.305 manat 25 qəpik borcun müvafiq məlumat bazasına işlənilməsi, hər ay abonentdən 50 % tutulması və abonent kodunun onun adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra, tərəflər 22 noyabr 2021-ci il tarixdə istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolu imzalamışlar. Məhkəmə tərəfindən iddiaçının abunə saldosu ətraflı incələnmişdir. Öncəki illərdə istifadə edilən təbii qaz həcminə görə il ərzində cəmi hesablanan borc 150-170 manat həddini aşmamışdır. Məhkəmə iddiaya hüquqi qiymət verərkən qeyd olunan məsələyə bir daha qayıdacaq. Çünki, ədalətin istər iddiaçıya, istər cavabdehə münasibətdə bərqərar olması üçün bu önəmli məqamdır. Məhkəmə tərəfindən mübahisəyə obyektiv, tam, hərtərəfli baxılması üçün zəruri suallarla bağlı mütəxəssis rəyi alınmışdır. İş materiallarına əlavə olunmuş 05 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi ev 7 ünvanda yerləşən 548 saylı mənzildə 1102AQ**********3 zavod nömrəli itron markalı G4 tipli qaz sayğacı quraşdırılması tarixi barədə Cavabdeh İB tərəfindən müvafiq sənəd təqdim olunmadı. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın tərtib edilməsi zamanı 1102AQ**********3 zavod nömrəli itron markalı G4 tipli qaz sayğacının üst paneli yanmışdır qeyd edilmişdir. Çıxarılmış 1102AQ**********3 zavod nömrəli itron markalı, G4 tipli qaz sayğacı Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasında xx.xx.2021-ci il tarixdə Dövlət yoxlamasından keçirilərək «Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün və plomların istilik nəticəsində əriyib. Kart yuvasının qapağı aşkar olunmadı. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac mənfiyə işləyib. «Qaz itkisi müdaxilə» rəyi verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydalan»nın (bundan sonra - Qaydalar) 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Odur ki, qeyd edilən ünvanda 2012-ci, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üzrə təbii qazdan istifadənin hesabatını aşağıdakı cədvəldə təqdim olunmuşdur.
1. Sayğacın mexaniki göstəricisi 21391 m3?
2. Ödənilmiş pula görə sərf olunan qaz həcmi (qaz ekvivalentində) 1025 manat = 10250 m3 təbii qaz.
3. İstifadə müddəti: 9 il və 10 ay, cəmi 118 ay. İllər üzrə istehlak İllər üzrə istehlak 1 m3/saat təbii qazın qiyməti, İllər olunan qaz həcmi olunan qazın 3 qəpiklə m /saat məbləği, manat 2012 750 10 qəpik (0,1 manat) 75 2013 1500 10 qəpik (0,1 manat) 150 2014 1200 10 qəpik (0,1 manat) 120 2015 500 10 qəpik (0,1 manat) 50 2016 1700 10 qəpik (0,1 manat) 170 2017 1000 10 qəpik (0,1 manat) 100 2018 1000 10 qəpik (0,1 manat) 100 2019 1600 10 qəpik (0,1 manat) 160 2020 1000 10 qəpik (0,1 manat) 100 Cəmi: 10250 m3 1025 manat Yuxarıda istinad olunan mütəxəssis rəyindən görünür ki, iddiaçının siyahıdakı illər üzrə ən çox təbii qazdan istifadə etdiyi dövr 2016-cı ilə təsadüf edir və o, il boyu cəmi 170 manat dəyərində təbii qazdan istifadə etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qimət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya təbii qaz itkisinə görə hesablanmış 2.737 manat 25 qəpik cərimə reallığa uyğun olmayan rəqəmdir. İddiaçı təbii qazdan öncəki dövrlərdə ən çox təbii qazdan istifadə edərkən, ödəməli olduğu borc məbləği 170 manatı keçməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qaz sayğacı yanmamışdan öncəki dövrdə ümumi istifadə etdiyi təbii qazın həcmi 200 manatı keçməmişdir. Məhkəmə sonrakı hesablamada qeyd olunan məbləği əsas götürəcək. İddiaçı mülkiyyətində olan mənzilə təbii qazın verilişi dayandırıldığından, təbii qazın verilişinin bərpa edilməsi üçün haqlı olduğu təqdirdə, cavabdeh tərəfin təklif etdiyi razılaşmanı imzalayaraq, ondan ödədiyi məbləğin 50 %-nin borca silinməsinə razılıq vermişdir. Bundan sonra 200 manat ödəniş edilmiş, həmin məbləğin 100 manatı akt üzrə hesablanmış 2.737 manat 25 qəpik borcdan çıxılmışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı mənzilinin eyvanında baş verən yanğına görə zərərlə üzləşmiş, həmin yanğında eyvanda olan digər əşyalarla yanaşı qaz sayğacı da yanmışdır. Yanğın iddiaçının təqsirli hərəkət və yaxud hərəkətsizliyi səbəbindən yaranmamışdır. İddiaçının qaz sayğacına ziyan vurmaq, ona müdaxilə etmək, yandırmaq və s. bu kimi niyyəti olmamışdır. Cavabdeh tərəf iddiaçıya müdaxilə etmədiyi, digər qaydada yararlanmadığı qaz sayğacına görə 2.737 manat 25 qəpik cərimə tətbiq edərkən haqlı olmamışdır. Bu səbəbdən, 100 manat ödəniş nəzərə alınmaqla, 2.637 manat 25 qəpik ünvan 1 ünvanı üzrə **********05480 saylı abonent kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanı üzrə **********05480 saylı abonent koduna hesablanmış cəmi 2.637,25 manat borc əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə **********05480 saylı abonent koduna hesablanmış cəmi 2.637,25 manat borc əsassız sayılaraq silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev