Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-850/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X4 arasında 20 may 2022-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı X2 1( bir) ay müddətinə 10.000 ( on min) manat pul vəsaitini borc olaraq almışdır. Daha sonra cavabdeh tərəfindən iddiaçıya icra qeydi ilə bağlı hər hansısa məlumat verilmədən yekun və artıq icra şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş icra vərəqəsi ilə məlum edilmiş haqqında başladılan icra işini qanunsuz və əsassız hesab edir. Cavabdeh tərəfindən icra qeydi iddiaçıya rəsmi qaydada təqdim edilmədən yəni prosessual pozuntularla icra şöbəsinə təqdim edilmişdir ki, artıq bu hal həmin icra qeydinin etibarsız hesab edilməsi üçün mötəbər əsas yaradır. İddiaçı cavabdehin Beyləqan Rayon İcra Şöbəsinə ünvanlanmış olduğu notariat icra qeydini xx.xx.2022-ci il tarixindən rəsmi qaydada əldə etmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, reyestr 8 İ-11299 nömrəli icra qeydinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, X4 ilə aralarında bağlanmış 20 may 2022-ci il tarixli borc müqaviləsinə əsasən X4 ona 10.000 manat borc pul verməyi, o isə həmin borcu bir ay müddətində geri qaytaracağı barədə razılaşma əldə olunmuşdur. Daha sonra ona heç bir xəbərdarlıq edilmədən cavabdeh notarius tərəfindən icra qeydi ilə icra şöbəsinə müraciət olunmuşdur. O, icra ilə bağlı yalnız xx.xx.2022-ci il tarixdə Beyləqan Rayon İcra Şöbəsində məlumat əldə etmişdir. İcra qeydini əsassız hesab edir və həmin icra qeydinin etibarsız hesab ediılməsini xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan 20 may 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış 20 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı X2 1( bir) ay müddətinə 10.000 ( on min) manat pul vəsaitini borc olaraq almışdır.
8. İş materiallarında olan 20 may 2022-ci il tarixli qəbzdən görünür ki, X5 tərəfindən 10.000 ( on min ) manat "xxxx" ASC Mərkəzi Filialı, AZ 13 MUGA**********00001AZM03 hesab nömrəsinə köçürülmüşdür.
9. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanlanmış ərizədən görünür ki, borc alan İddiaçı götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən X1 notariat ofisinə müraciət edərək xx.xx.2022-ci il tarxli 3 M-1587 saylı reyestrlə qeydə alınmış kredit müqaviləsinin icraya yönəldilməsini xahiş etmişdir.
10. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli, 1530 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən borclu İddiaçı bildiriş göndərilərək xx.xx.2022-ci il tarixli 3 M-1587 saylı reyestri kredit müqaviləsi üzrə tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği verilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli reyestrdə 8İ-11299 № ilə qeyd olunmuş İcra qeydindən görünür ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə əsasən ümumilikdə 10.000 (on min) manat pulun iddiaçıdan tutulması qeyd olunmuşdur.
12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli reyestrdə 8İ-11299 № ilə qeyd olunmuş İcra qeydindən görünür ki, həmin İcra qeydi əsasında Beyləqan rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında Qərar qəbul edilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli, reyestr 8 İ-11299 № ilə qeyd olunmuş İcra qeydinin ləğv edilməsini istəyir.
B) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası “Notariat Haqqında” Qanunun 76-cı maddəsinə istinad edərək tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin göndərilməməsini bildirsədə iddia tələbində Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, reyestr 8 İ-11299 nömrəli icra qeydini mübahisələndirmişdir. X1 02 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarxli 3 M-1587 saylı reyestrlə qeydə alınmış kredit müqaviləsinin icraya yönəldilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi aparılmışdır. İddiaçı Beyləqan Rayon İcra Şöbəsinə ünvanlanmış olduğu notariat icra qeydini xx.xx.2022-ci il tarixindən rəsmi qaydada əldə etdiyini bildirsədə iddiaçı notariat icra qeydini xx.xx.2022-ci il tarixində rəsmi əldə etməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbində tələbkar tərəfindən notariat orqanına müraciət etməzdən 20 gün əvvəl ona müraciət edilməməsinə istinad etsə də, tələbkarın notariat ofisinə müraciət etdiyi vaxtdan 2 ay keçdikdən sonra notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Həmçinin iddiaçı icra qeydini xx.xx.2022-ci il tarixdə rəsmi əldə etməsi barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının ( 050-209- 55-73) nömrəli əlaqə telefonuna SMS vasitəsilə bildiriş göndərilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
15. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı).
16. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
17. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, reyestr 8 İ-11299 nömrəli icra qeydi barədə rəsmi məlumatı almadığını qeyd etsədə, mülki işin materiallarından görünür ki, iddiaçı icra qeydin aparılacağı barədə bildirişi həm “SMS” vasitəsilə xx.xx.2022-ci il tarixdə, həm də rəsmi qaydada xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə ona göndərilmişdir. Bu halın özü isə iddiaçını rəsmi qaydada məlumatlandırılmış hesab edilir.
18. Məhkəmə iddiaçının tələbindəki «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad etmiş, və bildirmişdir ki, icra qeydinin aparılması üçün ilk əvvəl tələbkar tərəfindən 20 gün qalmış ona məlumatın verilməməsini bildirsədə, bu hal onu hüquqlarının pozulması ilə nəticələnməmişdir. Çünki icra qeydi xx.xx.2022-ci il tarixdən verilmiş olsada iddiaçının özünə 2 ay qabaqcadan çox müddət keçdikdən əvvəl məlumat verilmişdir. Bu hal isə onu göstərir ki, 60 gündən cox keçməsinə baxmayaraq iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, notariat ofisinə qarşı hər hansı (ödənişin qismən və ya tam icra etməsi barədə) rəsmi məlumat verməmişdir. Odur ki, qeyd olunan «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin mahiyyətinə zərurət qalmamış, iddiaçı məhkəməyə iddia verməklə yalnız icra qeydinin icrasını suni yolla uzatmaq istəmişdir.
19. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı irəli sürdüyü iddia tələbinin hüquqi əsasını təşkil edən hallar əsassız olduğuna görə iddia tələbi təmin edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov