Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-862/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı oğlunun cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın və həmin akt əsasında hesablanmış borcun silinməsi, protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18/5 fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İddiaçı bu ünvanda yaşadığı müddətdə həmişə işıq pulları daxil olmaqla dövlətin bütün kommunal xərclərini vaxtlıvaxtında ödəmişdir. 2016-cı ildən 2020-ci ilin iyun ayının ortasınadək onlar ailəsi qeyd olunan mənzilində yaşamamışlar. Rayonda olan evlərində yaşamışlar. Onlar evlərinə gəldikdən sonra «xxxx» ASC-nin nümayəndəsi tərəfindən onların xəbərləri olmadan kod nömrəsi **********0043 olan onlara məxsus işıq sayğacına baxış kesirilərkən müəyyən olunmuşdur ki, onların həmin sayğac üzrə 2648 manat borcları yaranmışdır. Bunun əsasında da NDM ******* nömrəli akt tərtib olunmuşdur. Yəni bu pulun yaranması onun günahı nəticəsində olmamışdır. Akt tərtib olunan vaxt borcun çoxluğu nəzərə alınaraq işıqları «xxxx» ASC tərəfindən söndürülmüşdür. Evdə körpə uşaq olmasını və soyuducudan istifadə edə bilməmələrini nəzərə alaraq onların tərəfindən birinci dəfə 1000 manat, ikinci dəfə isə 600 manat ödənilmişdir. Ümümilikdə «xxxx» ASC-yə 1621 manat borc qalmışdır. Bu borc «xxxx» ASC-nin əməkdaşı Afiq adlı şəxsin səhlənkarlığı nəticəsində yaranmışdır. Göstərilənlərə əsasən iddiaçının ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18/5 fərdi yaşayış evinə quraşdırılmış kod nömrəsi **********80043 oln sayğac üzrə müəyyənləşdirilmiş 1621 manat borcun «xxxx» ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət onunla «xxxx» ASC arasında bağlanan 06.08.2020-ci il tarixli, NDM 019467 nömrəli aktın və akt üzrə hesablanmış 2647,69 manat borcun silinməsi və həmçinin bunların əsasında 16.09.2020-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz etmiş və tələbin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xətai rayon MKTB-nin 85 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 30.09.2020-ci il tarixli arayışa əsasən X4 Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən 18/5A saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş üzrə «xxxx» ASC-nin 06.08.2020-ci il tarixli NDM № 019467 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçının yaşadığı ünvanında yoxlama keçirən zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin elektrik sayğacının baxışı tablosu olunmur, impuls lampası vurmur, sayğac sxemindən keçən yünü tam qeyd etmir, sayğacın alt qapaq möhürünün simi qırıqdı. İş üzrə «xxxx» ASC-nin məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı, 03.09.2020-ci il tarixli protokolundan görünür ki, 019467 №-li akta əsasən sayğac yenisi ilə əvəz edilmişdir. İş üzrə «xxxx» ASC-nin icra vərəqəsindən görünür ki, abonent İddiaçı NDM 019467 saylı 06.08.2020-ci il tarixli akt əsasında sayğacın baxış tablosunun olunmaması, impuls lampasının vurmaması, keçən yükün qeyd etməməsi, alt qapaq mbhürünün mininin qırıq olması aşkar olunmuş, itirilmiş elektrik enerjinin bərpası üçün əlavə olaraq 2647,69 manat əlavə sərfiyyat hesablanmışdır İş üzrə «xxxx» ASC ilə Cümşüd Fərzəliyev (kod **********80043) arasında bağlanmış 16.09.2020-ci il tarixli razılaşma protokolundan görünür ki, 1.istehlakçının istehlakı zamanı itirilmiş enerjinin bərpasına görə NDM 019467 nömrəli dəyərləri cəmi 2648 manat olan akt tərtib olunmuqdur. Aktdan qalan 2648 manat debitor borcunu nəzərə alaraq 1000 manat ödəniş etdikdən sonra X2 «xxxx» ASC-nin fəaliyyəti dövründə hər ay istehlak edilmiş elektrik enerjisinə görə aparılmış ödənişlərdən əlavə qalıq debitor borcun (2221 manat) 16.11.2020-ci il tarixədək ödəməyi və bu məsələ ilə bağlı «xxxx» ASC-nə qarşı gələcəkdə hər hansı iddia qaldırmamağı öz öhdəsinə götürmüşdür. 2. X2 qeyd olunan borcu 16.11.2020-ci il tarixə qədər 3 aylıq müəyyən edilmiş qrafikə uyğun və hər hesabat ayında istehlak olunan elektrik enerjisinin dəyərinə əlavə olaraq razılaşdırılmış qrafikə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür: sentyabr 2020 - 600 manat, oktyabr 2020 - 800 manat, noyabr 2020 - 821 manat. 3. İstehlakçının bu razılaşma protokolu ilə müəyyən edilmiş şərtləri pozması öhdəliyini icra etməməsi kimi qiymətlənciriləcək və onun elektrik enerjisi təchizatı «xxxx» ASC tərəfindən dayandırılacaqdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır, habelə, onun tərtibi və bu akt əsasında borcun hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübut etmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cümaddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan, onun tərtib edilməsinin əsaslarına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qanuni hesab oluna bilməz. Bu səbəbdən də cavabdeh tərəfindən tərtib edilmiş 06.08.2020-ci il tarixli NDM 019467 saylı akt etibarsız hesab edilməklə onun əsasında hesablanmış borc (2647,69 manat) silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. İşin materiallarından göründüyü kimi sayğac həyətdə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. AR Mülki Məcəllənin 386.1-cı mdəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir(maddə 443.2). AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə və prinsiplərinə ziddir və yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “xxxx” ASC ilə Cümşüd Fərzəliyev arasında bağlanmış 16.09.2020-ci il tarixli razılaşma protokolu da etibarsız əqd hesab edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, razılaşma protokulunun özü istehlakçı ilə deyil, digər şəxs Cümşüd Fərzəliyev ilə bağlanmışdır. Belə olan halda hazırki iş üzrə iddiaçıistehlakçı iddia ərizəsi ilə müraciət edərək qeyd olunan razılaşma proktokulun etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuş və razılaşma protokolu iddiaçının bir başa mənafelərinə toxunmuşdur. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 06.08.2020-ci il tarixli NDM 019467 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc (2647,69) ünvan 1 ünvan üzrə **********80043 abunə hesabından silinməli, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Fərzəliyev Cümşüd arasında bağlanılmış 16.09.2020-ci il tarixli razılaşma protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 06.08.2020-ci il tarixli NDM 019467 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 2647,69 ( iki kin altı yüz qırx yeddi manat, altmış doqquz qəpik) manat borc ünvan 1 ünvan üzrə **********80043 abunə hesabından silinsin. «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Fərzəliyev Cümşüd arasında bağlanılmış 16.09.2020ci il tarixli razılaşma protokolu etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-862/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-862/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver