Məhkəmə qərarları › İş №2(006)-873/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-873/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-873/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2018-ci il buraxılışlı, "Qaz 330202-750" yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı, J0902453 mühərrik, X96330202J2738714 ban nömrəli, ağ rəngli avtomobil 25660 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsimin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N93) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 518.42 manat, ümumilikdə isə 35906 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 35906 manatın 25660 manatı əsas məbləğ təşkil edir. İddiaçının mülkiyyətində olan cavabdehin müvəqqəti istifadəsinə verilmiş “Qaz 330202-750” yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2020-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx xxxxxx 2020-cı il tarixdə 540 manat məbləğində olmuşdur. Eyni zamanda cavabdehin xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 531.51 manat gecikdirilmiş əsas, 504.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 333.32 manat dəbbə pulu, ümumilikdə 1369.49 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 531.51 manat gecikdirilmiş əsas, 504.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 333.32 manat dəbbə pulu, ümumilikdə 1369.49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh iddia tələbini qəbul edərək, borcu olduğunu etiraf etdiyini, hazırda ödənişləri həyata keçirə bilmədiyini və maddi vəziyyəti düzələn kimi ödənişlərə davam edəcəyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı 2018-ci il buraxılışlı, "Qaz 330202-750" yük markalı, **- JR-*** dövlət qeydiyyat nişanlı, J0902453 mühərrik, X96330202J2738714 ban nömrəli, ağ rəngli avtomobili illik 17 % olmaqla 60 aylıq muddətə hər ay 518.42 manat sabit məbləğ olmaqla, ümumilikdə 35906 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan "Qaz 330202-750" yük markalı, , X96330202J2738714 ban nömrəli, ağ rəngli avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İşə əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli 349 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya əsas borcu 531,51 manat, mükafat borcu 504,66 manat, cərimə borcu 333,32 manat, cəmi 1369,49 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz 4 geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx xxxxxx 2018ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı 2018-ci il buraxılışlı, "Qaz 330202-750" yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı, J0902453 mühərrik, X96330202J2738714 ban nömrəli, ağ rəngli avtomobili illik 17 % olmaqla 60 aylıq muddətə hər ay 518.42 manat sabit məbləğ olmaqla, ümumilikdə 35906 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mülkiyyətində olan "Qaz 330202-750" yük markalı, , X96330202J2738714 ban nömrəli, ağ rəngli avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin Daxili lizinq müqaviləsi üzrə iddiaçıya əsas borcu 531,51 manat, mükafat borcu 504,66 manat, cərimə borcu 333,32 manat, cəmi 1369,49 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili cavabdehə lizinqə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin və müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə yaranmış 531,51 manat əsas borcu və 504,66 manat mükafat borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 333.32 manat dəbbə pulu məbləği yaranmış 531,51 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 30 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli 3 saylı Əlavəsindən görünür ki, ödəmə qrafiki üzrə aylıq lizinq haqqı mükafat daxil 518,2 manat təşkil edir. Cavabdehin iddiaçıya olan borcu mükafat daxil 1036,17 manat müəyyən olunur ki, bu halda lizinq borcu iki dəfədən artıq dövrü əhatə edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən tərəflər arasında bağlanmış müqavilənin 9.1.4-cü bəndinə əsasən həmin müqavilə ləğv edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsi ləğv edilməli, cavabdehdən xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 531.51 manat gecikdirilmiş əsas, 504.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli MAS-602 saylı saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 531.51 ( beş yüz otuz bir manat, əlli bir qəpik) manat gecikdirilmiş əsas, 504.66 ( beş yüz dörd manat, altmış altı qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 (otuz) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1096,17 (bir min doxsan altı manat, on yeddi qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar