Məhkəmə qərarları › İş №2(006)-873/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-873/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-873/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində ona məxsus mənzildə quraşdırılmış qaz sayğacının nasaz olmasını aşkar edərək Cavabdeh 104 çağrı mərkəzinə müraciət etmişdir. Müraciət əsasında xx.xx.2022-ci il tarixində "Azəriqaz" İstehsalat Вirliyinin nümayəndələri tərəfindən nasaz olan sayğacı çıxararaq yenisi ilə əvəz etmiş və buna dair “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında’’ xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra oktyabr ayında Nəsimi rayonu qaz idarəsinin əməkdaşları onun 8640 kub metr qaz borcunun olması haqqında rəyin olması barədə ona məlumat vermişdilər. Cavabdeh BRQS Dpartamentindən Metrologiya Departamentinə Dövlət yoxlaması üçün həmin sayğac aparılmış və onun iştirakı və xəbəri olmadan çıxarılmış nasaz sayğacı yararsız hesab edilməsi barədə 29/1710-03223-1 nömrəli akt tərtib edilmişdir. Aktda yoxlamanın nəticəsi barədə 08AZ**********6 zavod nömrəli “Sayğaca baxış keçirildi. Sayğacın klapanı sınıqdır. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın hesablama mexaniziminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində xüsusi işarə yoxdur. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac istismara yararsızdır.” Qüsurura görə nəticə sütununda “qaz itkisi, müdaxilə” kimi qeydlər yazılmışdır. Bundan sonra onun iştirakı və xəbərim olmadan “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Nəticədə güya 8640 kub metr qaz itkisinə yol verilmişdir. Həmin itkiyə görə cərimə hesablanmış, xx.xx.2022-ci il tarixli “Təbii X5nın pozulması haqqında” C36 52 saylı aktını qəbul etmir. Bu 2 otaqlı mənzildə onun anası tək yaşayır, o, qaz sayğacına müdaxilə etməmişdir. Sayğaca müdaxilə etmiş olsaydı, onun dəyişdirilməsi barədə müraciət etməzdir. Cavabdeh təşkilat tərəfindən 8640 kubmetr itirilmiş təbii qaz və həmin miqdarda təbii qazın dəyəri olan 1036.80 manat onun abonent koduna əsassız olaraq işlənmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, bundan hər hansı məlumatı yoxdur. Qaz sayğacına müdaxilənin tərəfindən edilməsi cavabdeh tərəfindən sübuta yetirilməlidir. Göstərilənlərə əsasən Cavabdeh BRQS Departamentinin vəzifəli şəxslərinin “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli tərtib edilmiş akt əsasında hesablanmış 1036,80 AZN cərimənin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X1 nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Eyni zamanda məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00910 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********449 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK- 29/1710-03223-1 saylı Akta əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməsi aşkar olunmuşdur. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 AZN məbləğində dəymiş ziyan 2022-ci ilin oktyabr ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4’nm 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. İddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərindir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əmədaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, mülki işin materiallarından görünür ki, iş üzrə Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8640 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi borc yazılmışdır.

8. Mülki iş materiallarında olan təbii X5nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılmış və nöqsanlar aşkar edilmişdir: “Sayğacın klapanı sınıqdır. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Yivi birləşmələri korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində xüsusi işarə yoxdur. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac istismara yararsızdır.” Dəymiş ziyan kimi hesablanıb ödənilməsi müəyyən edilmişdir.

9. Mülki iş materiallarında olan **********00910 saylı abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin avqust ayının əvvəlinə və sonuna borc yaranmamışdır.

10. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış **********00910 saylı abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayının sonuna 1036,80 AZN borcu yaranmışdır.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən zaman sayğacın klapanının işlək olmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində xüsusi işarənin olmaması, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmaması aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 8640 kub metr əlavə sərfiyyat hesablanaraq borc yazılmışdır. Hazırda İddiaçı cavabdeh X3 tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 1036,80 AZN cərimənin silinməsini məhkəmədən xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

14. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

15. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

16. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən isə istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

17. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 18.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

19. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

20. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qismən qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında ödənilmiş pul məbləği iddiaçıya qaytarılmalıdır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

22. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

23. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X5”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

25. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, Cavabdeh Bakı X7 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 1036,80 AZN məbləğində cərimə borcu Cavabdeh tərəfindən İddiaçı **********00910 saylı abunə hesabından silinməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı X7 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 1036,80 AZN məbləğində cərimə borcu Cavabdeh tərəfindən İddiaçı **********00910 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar