Məhkəmə qərarları › İş №2(006)-878/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-878/2022

09.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-878/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Piralı qızının, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Piralı qızının cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Piralı qızı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 13.11.2004-cü il tarixli 345 manat 60 qəpik, 03.09.2012-ci il tarixli 269 manat 28 qəpik və 17.04.2015-ci il tarixli 55 manat 02 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Piralı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadıqları bina sovetlər dönəmindən tikintisi yarımçıq qalmış MTK-dır. Payçılar tərəfindən bəzi mənzillərdə tikinti-təmir işləri aparılmış, qismən yaşayış şəraiti yaradılmışdır, bu gün də binalarında yalnız giriş qapısı quraşdırılmış tam təmirsiz mənzillər mövcuddur. Binada təbii qazdan istifadə nəzərdə tutulmayıb, ona görə də, elektrik enerjisi bu binada sakinlərin ehtiyaclarını ödəmək üçün tək və əsas yanacaq vasitəsidir. Bundan istifadə edən Nizami rayon ET və Satışı İdarəsinin əməkdaşları tərəfindən tez-tez özbaşınalıqlara, qanunsuzluqlara məruz qalır. Dəfələrlə yazılı və şifahi şikayətləri səmərəsiz olub. Əksinə, təzyiqlər artırılıb, uzun müddət mənzili işıqsız qalıb. Hətta bu səbəbdən başqa yerdə yaşamağa məcbur olmuşdur. Belə ki, ilk dəfə mənzillərinə qeyd olunan dövrdə enerji satışını həyata keçirən Barmek şirkəti tərəfindən 06.10.2005-ci il tarixdə sayğac quraşdırılmışdır. Lakin keçmiş tarixə mənzildə yaşayış olmayan dövrə enerji istifadəsinə görə 13.11.2004-cü il tarixə (akta görə əlavə sərfiyyat) 345 manat 60 qəpik borc yazılmışdır. Qanunsuz borcla bağlı şikayətləri hər hansı müsbət nəticə verməyib, lakin əməkdaşların ona olan münasibətinin kəskinləşməsinə səbəb olmuşdur. 2006-cı il tarixdən "xxxx" ASC-nin fəaliyyəti bərpa edildikdən sonra qalan 240 manat 87 qəpik borc dondurularaq mənzilinin hesabında saxlanılmışdır. Bundan istifadə edən Nizami rayon ET və Sİ-nin rəhbərliyi və əməkdaşları mütəmadi olaraq ona qərəzli mövqe nümayiş etdirib səbəb olduqları enerji itkisini onun kimi abonentlər hesabına ört-basdır etməyə çalışan əməkdaşları daha sonra 2 dəfə də ona cərimə yazmışlar (03.09.2012-ci il – 269 manat 28 qəpik, 17.04.2015-ci il – 55 manat 02 qəpik; abonent kodu **********80071). Nizami rayon ET və Sİ-nin rəhbərliyinə dəfələrlə müraciətlərinə baxmayaraq bir abonent olaraq ona abonent hesabı haqqında cədvəl belə təqdim edilməyib. O, təqaüdçüdür. 71 yaşı var. Qeyd etdiyi qanunsuz səbəblərdən bu gün mənzilinin abonent kodundakı borc onun davamlı olaraq əsəbləşdirilməyinə, təhqir edilərək alçaldılmasına səbəb olur. İddiaçı Piralı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 1 saylı evin 71 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2540 nömrəli reyestr kitabının 236539 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MTK-nın 02 oktyabr 2021-ci il tarixli 206 saylı arayışından görünür ki, Mirzəliyeva X4 Qarayev prospekti 2517/18-ci məhəllə 1 saylı evin 71 saylı mənzilində yaşayır və qeydiyyatdadır. Abunə haqqında kompüter məlumat bazasından çıxarışdan görünür ki, 13.11.2004cü il tarixdə tərtib olunmuş 119878 saylı akta əsasən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 1 saylı evin 71 saylı mənzili üzrə 345 manat 60 qəpik; 03.09.2012-ci il tarixli R1214755 saylı akta əsasən 269 manat 28 qəpik və 17.04.2015-ci il tarixli SN012594 saylı akta əsasən 55 manat 02 qəpik borc hesablanmışdır. İşin faktiki hallarından görünür ki, yuxarıda qeyd olunan aktlar tərtib olunarkən mənzildə yaşayış olmamış, mənzildə faktiki olaraq elektrik enerjisindən istifadə edilməmiş, mənzil yalnız 22 sentyabr 2016-cı il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı real istifadə etdiyi elektrik enerjisinə görə ödəniş etməkdən imtina etmir, faktiki olaraq istifadə etmədiyi elektrik enerjisinə görə ona aktlar üzrə əsassız yazılmış borc məbləğini ödəmək istəmir, bu səbəbdən, əsassız yazılmış borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, aktlar tərtib olunarkən məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzildə yaşayış olmamasına baxmayaraq, mənzildə elektrik enerjisindən istifadə edildiyi qeyd edilmiş və əsassız borc məbləğləri hesablanmışdır. Bu səbəbdən, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 13.11.2004-cü il tarixli 119878 saylı; 03.09.2012-ci il tarixli R1214755 saylı və 17.04.2015-ci il tarixli SN012594 saylı aktlar üzrə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 1 saylı evin 71 saylı mənzili üzrə abunəçi İddiaçı Piralı qızının adına olan **********80071 saylı abunə koduna hesablanmış 345 manat 60 qəpik, 269 manat 28 qəpik və 55 manat 02 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13.11.2004-cü il tarixli 119878 saylı; 03.09.2012-ci il tarixli R1214755 saylı və 17.04.2015-ci il tarixli SN012594 saylı aktlar üzrə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 1 saylı evin 71 saylı mənzili üzrə abunəçi İddiaçı Piralı qızının adına olan **********80071 saylı abunə koduna hesablanmış 345 manat 60 qəpik, 269 manat 28 qəpik və 55 manat 02 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar