Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-880/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu SÄ**********391 olan “Xiaomi Redmi 8” markalı telefon üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə; 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, “İmmergas” kombi və 2 ədəd kombi stabilizatoru üçün 1274 manat ödənilməmiş hissə, 127 manat cərimə, ümumilikdə 1440 manat borc, 34.40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx"-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 01.11.2019-cu il və 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu 86**********391 olan “Xiaomi Redmi 8” markalı telefon, “İmmergas Kombi” 2 ədəd Kombi Stabilizator almış və nəticədə 1445 (min dörd yüz qırx beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz dili altı) manat (12 ay x 38 manat - 0 manat ilkin ödəniş) İMEİ Kodu 86**********391 “Xiaomi Redmi 8” markalı telefon üçün ümumilikdə, 44 (qırx dörd) manat olmaqla ondan, 40 (qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə; 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1967,4 (min doqquz yüz altmış yeddi manat, qırx qəpik) manat (18 ay x 109.3 manat + 0 manat ilkin ödəniş) “İmmergas Kombi” 2 ədəd Kombi Stabilizator üçün ümumilikdə, 1401 (min dörd yüz bir) manat olmaqla ondan, 1274 (min iki yüz yetmiş dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127 (yüz iyirmi yeddi) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1109.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 01.11.2019-cu il tarixdə ümumi dəyəri 456 manat təşkil edən İMEİ kodu olan 86**********391 “Xiaomi Redmi 8” markalı telefonu, 24.05.2020-ci il tarixdə isə ümumi dəyəri 1967,4 manat təşkil edən “İmmergas” kombi, 2 ədəd kombi stabilizatorunun hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 01.11.2019-cu il tarixli və 24.05.2020-ci il tarixli əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının 01.11.2019-cu il tarixli müqavilə üzrə cərimə borcu olaraq tələb etdiyi məbləğ 4 manat, 24.05.2020-ci il tarixli müqavilə üzrə isə 127 manat təşkil edir. 01.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01020602 nömrəli müqaviləyə əsasən İMEİ Kodu 86**********391 olan “Xiaomi Redmi 8” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 24.05.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20302393 nömrəli müqaviləyə əsasən “İmmergas” markalı kombi və 2 ədəd kombi stabilizatoru tam qüsursuz halda təhvil almışdır. 06.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 34,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələriə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 19.11.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 24.05.2020-ci il tarixli müqavilə üzrə 1.274 manat əsas borc, 127 manat cərimə borcu, 01.11.2019-cu il tarixli müqavilə üzrə isə 40 manat əsas borc, 4 manat cərimə borcu, cəmi 1.445 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 01.11.2019-cu il tarixli müqavilə üzrə 4 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətli olsa da, 24.05.2020-ci il tarixli müqavilə üzrə 127 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan deyildir və bu məbləğ 50 manatadək azaldılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.05.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.274 manat, cərimə borcu üzrə 50 manat, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 40 manat, cərimə borcu üzrə 4 manat, ümumilikdə hər iki müqavilə üzrə 1.368 manat borc və dövlət rüsumu kimi ödənilmiş 34,45 manatın 33 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.11.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 40 manat, cərimə borcu üzrə 4 manat, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.274 manat, cərimə borcu üzrə 50 manat və dövlət rüsumu kimi ödənilmiş 34,45 manatın 33 manatı, cəmi 1.401 (bir min dörd yüz bir) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-880/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-880/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver