Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-882/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən ona məxsus, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən əmlakına tutma yönəldilməsi barədə reyestrdə 8İ- 9060 nömrə ilə qeyd edilmiş 18.08.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 BOKT MMC-nin müraciətinə əsasən, 18.08.2021-ci il tarixli icra qeydi aparılmış, icra edilməsi üçün Nəsimi rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 18.08.2021-ci il tarixli icra qeydinə əsasən, öhdəliklə müəyyən edilmiş 970 saylı kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55.437,83 manat əsas borc, 20.765,64 manat faiz, 7.277 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı pul məbləğinin 76.276,24 manat olduğu qeyd edilərək, bu tutmanın ona məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən əmlaka yönəldilməsi qeyd edilmişdir. Aşağıda qeyd edilən əsaslara görə, Bakı şəhəri 43 saylı Notariat Ofisinin 18.08.2021-ci il tarixli icra qeydi ləğv edilməlidir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 18.08.2021-ci il tarixli icra qeydi aparılması üçün tələbkar Cavabdeh1 BOKT MMC tərəfindən qanunun tələblərinə riayət edilməmiş və bu da notarius tərəfindən nəzərə alınmamışdır. Belə ki, tələbkarın icra qeydi alınması üçün notariusa təqdim etdiyi sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmir. Tələbkar tərəfindən müqavilə üzrə ödənişlər təqdim edildiyi təqdirdə icra qeydində göstərildiyi vaxtında ödənilməmiş öhdəliyin 76.276,24 manat olmadığı müəyyən olunur. Belə olan halda, notarius tərəfindən mübahisəli hallar üzrə öhdəliklərə dair icra qeydi verdiyi məlum olur. Bundan əlavə, qanunun tələblərinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciətindən əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacığı barədə bildiriş göndərməmişdir. Belə ki, bu barədə onlara tələbkardan hər hansı bildirişə dair məktub daxil olmamışdır. Əksinə, onun tərəfindən tələbkara 2021-ci ilin iyun ayında rəsmi məktub göndərərək, öhdəliklər barədə məlumatın verilməsi barədə məlumat istənilmiş, lakin buna heç bir cavab verilməmişdir. Göründüyü kimi, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 BOKT MMC-nin müraciətinə əsasən, aparmış olduğu 18.08.2021-ci il tarixli icra qeydi əsassız və mübahisəli olmuşdur. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı həmin ünvanda qeydiyyatdadır. Həmin ünvana 3-4 dəfə bildiriş göndərilmişdir. 4-cü ayda artıq icraya göndərmişdirlər. İddiaçı öhdəliklərini vaxtlı-vaxtında icra etməmişdir. Qanunauyğun şəkildə qiymətləndirmə olmuşdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ünvan 2 ünvanlayaraq, iş həcminin çoxluğu ilə əlaqədar nümayəndələrini məhkəmə iclasına göndərə bilməyəcəklərini qeyd etmiş, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq, mülki işə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 BOKT MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 12 avqust 2021-ci il tarixli 8İ-9060 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi vermişdir. İcra qeydinə əsasən - öhdəliklə müəyyən edilmiş 970 saylı kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55.437,83 manat əsas borc, 20.765,64 manat faiz, 7.277 manat dəbbə pulu olmaqla, cəmi 76.276,24 manat həcmində tələb üzrə tutma İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 7 saylı evin 211 saylı yönəldilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının 1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın «İpoteka haqqında» Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. İşin faktiki hallarından göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyil, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və Siyahının 1-1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, həmin əsas borc və faiz iddiaçı tərəfindən aidiyyatı məhkəmədə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, borc məbləği iddiaçı tərəfindən aidiyyatı məhkəmədə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-882/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-882/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver