Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-899/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sayğacın yanması ilə əlaqədar aktda göstərilmiş borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sayğacın yanması ilə əlaqədar aktda göstərilmiş borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qarabağ küçəsində yerləşən 76 nömrəli ev iddiaçının istifadəsindədir. İstifadədə olan evə quraşdırılmış **********80015 abunə kodu olan sayğac mexanika tiplidir. Abonent olaraq sərfiyyat ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. Yaşadıqları ev həyət evidir. İşıq sayğacı küçədə, yəni onların nəzarətindən kənarda quraşdırılıb. 14 iyul 2023-cü il tarixdə saat 15 radələrində sayğacda qısaqapanma nəticəsində yanğın olduğunu gördü və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng edərək məlumat verdi. Az keçməmiş işçi qrupu gələrək ilkin baxış keçirdilər və xətti sayğacdan ayıraraq birbaşa birləşdilər. 10 avqust 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları sayğaca baxış keçirdilər və sayğacın yararsız olmağı barədə R 309670 nömrəli akt tərtib edərək sayğacı laborator müayinə üçün götürdülər. Bundan sonra xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən protokol əsasında başqa sayğac quraşdırıldı və axan yük 2,4A qiymətləndirildi. 24 oktyabr 2023-cü il tarixdə iddiaçının istifadə etdiyi mobil telefonuna SMS göndərildi ki, iddiaçının borcu 85 manatdır. 20 noyabr 2023-cü il tarixdə isə növbəti SMS göndərildi ki, borcu 113 manat təşkil edir. Lakin borcun yaranması barədə iddiaçıya heç bir məlumat vermədilər. Bundan sonra iddiaçı idarəyə gedərək borcun yaranmasını araşdırmağa çalışsa da, iddiaçıya müxtəlif cavablar verdilər. Gah dedilər ki, axan yükə görədir, gah da dedilər ki, yeni sayğacın qiymət haqqı olduğuna görə borc yaranıb. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış borc anlaşılan deyil, həqiqətdən çox uzaqdır. Belə ki, 10 avqust 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları sayğaca baxış keçirərək, sayğacın qısa qapanma nəticəsində yanğından yararsız hala düşməsi barədə akt tərtib edərək sayğacı laborator müayinə üçün götürüblər. Lakin, sayğac çıxarıldıqdan sonra tam yararsız olduğunu gördülər və aparmadılar. Sonra xx.xx.2023-cü il tarixdə isə yeni sayğac qoyublar. Sual olunur ki, 2,4A axan yükü necə hesablayıblar. İddiaçının sərf etdiyi işığın illik ödənişlərinə baxanda bu aylıq təxminən 23 manat təşkil edir. Bundan başqa sayğaca iddiaçının tərəfindən müdaxilənin olması müəyyən olunmayıb və akta dəymiş ziyanın qiyməti manatla qeyd olunmayıb. Həmçinin, yeni sayğac qoyulana qədər müvəqqəti sayğac qoyula bilərdi ki, bugün də bu mübahisə olmazdı. Bildirir ki, həmin evdə həyat yoldaşı ilə yaşayır. Hər ikisi müavinət alırlar. Onlar həmin cəriməni ödəyə bilmirlər. Çünki onların aldığı müavinət onların dərmanlarına ancaq çatır. Həmçinin, onlar özbaşına sayğaca müdaxilə etməmişlər, sayğacda yanğın olan zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng edərək məlumat vermişdir, bu barədə əraziyə nəzarət edən nəzarətçini xəbərdar etmişlər. Göründüyü kimi iddiaçı tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmamışdır. Odur ki, məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********80015 nömrəli abunə koduna tərtib edilmiş 10 avqust 2023-cü il tarixli R 309679 nömrəli aktda göstərilmiş 2,4A axan yükə hesablanmış 133 manat borcun silinməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********80015 nömrəli abunə koduna tərtib edilmiş 10 avqust 2023-cü il tarixli R 309679 nömrəli aktda göstərilmiş 2,4A axan yükə hesablanmış 133 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o və həyat yoldaşı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qarabağ küçəsində yerləşən 76 nömrəli evdə yaşayırlar. Həmin ev həyət evidir və elektrik enerjisi ilə bağlı sayğac küçədə quraşdırılıb. Onlar elektrik enerjisindən istifdəyə görə ödənişləri vaxtlı-vaxtında ödəmişlər. xx.xx.2023-cü il tarixdə sayğacda qısaqapanma nəticəsində alov yarandığını gördülər və cavabdeh şirkətə bununla bağlı məlumat verdilər. Daha sonra cavabdeh şirkətin əməkdaşları gələrək müvafiq tədbirlər gördülər. Daha sonra xx.xx.2023cü il tarixdə cavabdehin əməkdaşları gələrək, sayğaca baxış keçirdilər və sayğacın yararsız olmasını bildirdilər. Daha sonra bununla bağlı akt tərtib edildi. xx.xx.2023-cü ildə isə yeni sayğac quraşdırıldı. xx.xx.2023-cü ildə telefonuna SMS gəldi və orada 85 manat borcu olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə isə borcunun 113 manat olması barədə məlumat gəldi. Lakin həmin borcun olmaması barədə ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, hesablanmış cərimə anlaşılan deyildir və əsassızdır. Buna görə də iddia tələbi təmin olunmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus abunə kodu **********80015 olan ünvan 1 ünvanı üzrə sayğac yanaraq yararsız hala düşmüş, sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın yararsız olduğu aşkar edilərək yenisi ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixə akt üzrə 84,64 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı akt üzrə hesablanmış 133 manat məbləğində borcun silinməsini tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir.
a) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilən 10 avqust 2023-cü il tarixli, R 309670 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda yerləşən elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, sayğac yanaraq yararsız hala düşüb, mənzilə axan yük ampermaşa vasitəsi ilə ölçülmüşdür. Sayğac yenisi ilə əvəz edilmişdir.
8. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilən məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 500795 nömrəli protokoldan görünür ki, 309670 nömrəli Akt əsasında sayğac quraşdırılmışdır. Sayğac yanıb yararsızdır. Axan yük 2,4A-dır.
9. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan bildirişdən görünür ki, 87,99 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir.
10. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, **********80015 nömrəli abunə koduna xx.xx.2023-cü il tarixə 500795 nömrəli akt üzrə 84,64 manat məbləğində borc hesablanmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
13. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
14. Qaydaların 11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır.
15. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
16. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
17. Hazırki iş üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğac yanaraq yararsız hala düşmüşdür və buna görə də sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bundan başqa, işə baxılan zaman elektrik enerjisi sayğacının evdən kənarda, yəni çöldə quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
18. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən akt əsasında yeni quraşdırılan sayğac üzrə hesablanmış borcun 133 manat (bütöv hissəsi barədə) məbləğində olmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus ünvan 1 ünvanında abonent kodu **********80015 olan yanaraq yararsız hala düşmüş sayğacın əvəzinə yeni quraşdırılmış sayğacın üzərinə 84,64 manat pulun köçürməsi barədə hərəkətləri qanunsuz hesab edilərək **********80015 saylı abonent kodunda olan 84,64 manat borc silinməlidir.
19. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
20. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
22. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, cavabdeh "xxxx" ASCdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin ünvan 2 ünvanında abonent kodu **********80015 üzrə olan yanaraq yararsız hala düşmüş sayğacın əvəzinə yeni quraşdırılmış sayğacın üzərinə 84,64 manat pulun köçürməsi barədə hərəkətləri qanunsuz hesab edilərək **********80015 saylı abonent kodunda olan 84,64 (səksən dörd manat, altmış dörd qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.