Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-911/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qeyd edilən 720.72 (yeddi yüz iyirmi manat yetmiş iki qəpik) manat borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və iddiaçı hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları iddiaçının mülkiyyətində olan mənzilə dair heç bir səbəb olmadan 720.72 manat borc yazmışdırlar. Bununla əlaqədar "xxxx" ASC tərəfindən iddiaçıya bildirilmişdir ki, guya ki, sayğaca baxış keçirilən zaman quraşdırılan sayğacla bağlı borc yaranmış, bunun nəticəsində 720.72 manat borc yazılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş borc ədalətsizdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi qanunla müəyyən edilmiş qaydada almasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram vuraraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə etdiyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X3 ifadəsində bildirdi ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsində mühəndisdir. xx.xx.2023cü ildə səhər saat 6-da xidməti vəzifəsinin icrası zamanı iddiaçıya məxsus evin elektrik sayğacına baxış keçirərkən sayğacın alt qapaq möhürünün qırılması və kənar xətt qoşulması faktı müəyyən edilmişdir. Faktla bağlı video çəkiliş aparılmışdır. X6 (Mamedov Akiph) ifadəsində bildirdi ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsində mühəndisdir. Rəhbərliyin tapşırığı ilə reyd keçirərkən iddiaçıya məxsus evin qapısını açan olmadığından, abonentin iştirakı olmadan elektrik sayğacına baxış keçirilmiş və sayğacın alt qapaq möhürünün qırılması, kənar xətt qoşulması faktı müəyyən edilmişdir. Məhkəmə teleqramı nəzərdən keçirib, cavabdehi və şahidlərin ifadəsini dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya MA, № 0076701) Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 551 (reyestr nömrəsi: **********79-10301) ünvanında yerləşən 2 mərtəbəli olan fərdi yaşayış evinin 3 otaq y/s-51.2 kv.m, k/s-26.1 kv.m hissəsi (qeydiyyat nömrəsi: **********) xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 17 iyul 2023-cü il tarixli NDM 033363 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********1000B) məxsus Nərimanov rayonu, Daş karxanası ünvanında yerləşən evin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt sayğacın giriş və çıxış faz xətləri ilə eyni yuvaya bərkidilmişdir. Sayğac dövrədən kənarlaşdırılmışdır. Nəticə olaraq Qaydalara uyğun sayğacın sxeminin bərpa olunması barədə qərar qəbul edilmişdir. Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə 18 iyul 2023-cü il tarixli tələblərdən görünür ki, 17 iyul 2023-cü il tarixli NDM 033363 nömrəli akta əsasən abonent İddiaçı (abonent kodu: **********1000B) Nərimanov rayonu, Daş karxanası ünvanında yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması aşkar edilmişdir. Belə ki, həmin kənar xətt sayğacın giriş və çıxış xətləri eyni yuvaya bərkidilmişdir, sayğac dövrədən kənarlaşdırılmışdır. 720,72 manat enerjinin sərfinin və sxemin bərpa edilməsi qərara alınmışdır. İddiaçı məxsus Nərimanov rayonu, Daş karxanası ünvanında yerləşən 551 nömrəli evə (abunə kodu **********1000B) aid abunə haqqında sənədin “Bağlanan aktlar” bölməsindən görünür ki, xx.xx.2023-cü ildə “EİQ pozulması” qeydi ilə NDM033363 nömrəli akt üzrə 720,72 manat məbləğində borc yazılmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, **********1000B nömrəli abunə kodu üzrə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 551 ünvanında yerləşən elektrik sayğacına baxış keçirilərkən, fərdi yaşayış evinə sayğacdan kənar xəttin daxil olduğu aşkar edilərək, NDM 033363 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən “X1 Qaydaları”na uyğun olaraq 1 aylıq hesabat aparılaraq, 5544 kvt.s, 720,72 manat dəyərində itirilmiş elektrik enerjisi sərfiyyatı bərpa edilmişdir. Beləliklə, tərəflərin izahatları, şahid ifadələri və mülki işin materialları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. Evə verilmiş abunə kodunun nömrəsi **********1000B-dir. Həmin abunə koduna xx.xx.2023-cü ildə səhər saatlarında baxış keçirilərək, kənar xəttə qoşulma faktının müəyyən edilməsi səbəbindən 720,72 manat borc hesablanmışdır. Hazırda iddiaçı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən yazılmış 720,72 manat borcun əsassız olduğunu bildirərək silinməsini, cavabdeh tərəf isə iddiaçının müvafiq Qaydaların tələblərini pozaraq sayğacdan kənar qoşulma xətti çəkdiyini bildirərək, borcun əsaslı olduğundan silinməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, aktın iddiaçının iştirakı olmadan tərtib edilməsinin mümkünlüyü evə aid sayğacın evdə və ya həyətdə deyil, evdən kənarda yerləşdiyini deməyə əsas verir. Qanunverciliyin tələbinə görə, evdən kənarda quraşdırılmış sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımır. Buna görə də həmin akt, videogörüntü və şahid ifadələri əsasında sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə, aktda müəyyən edildiyi göstərilən qüsur əsasında iddiaçıya məxsus abunə koduna borcun yazılması məhkəmə tərəfindən əsassız hesab edilir. Cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş videogörüntü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, görüntülərdə iş üçün əhəmiyyət kəsb edən məlumatların heç biri olmadığından məhkəmə tərəfindən həmin videogörüntü iddiaçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilənin edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair sübut kimi qiymətləndirilmir. Şahid ifadələrini digər sübutlarla yanaşı tədqiq edən məhkəmə onlara münasibətdə hesab edir ki, şahid qismində dindirilmiş şəxslər cavabdehin əməkdaşları olduğundan, onların ifadəsi bitərəf hesab oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın: 7.1-ci bəndinə görə, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.10-7.11-ci bəndlərinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17, 8.17-1-8.17-2-ci bəndlərinə müvafiq olaraq, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə görə, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən əsassız yazılmış 720,72 (yeddi yüz iyirmi manat yetmiş iki qəpik) manat məbləğində borc **********1000B nömrəli abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən əsassız yazılmış 720,72 (yeddi yüz iyirmi manat yetmiş iki qəpik) manat məbləğində borc **********1000B nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-911/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-911/2024
20.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver