Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-929/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Novruz oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Novruz oğluna qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Novruz oğluna qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanının altında cavabdehin inşa etdiyi qurğunun onun hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Nəsimi Rayonu, Asif Məhərrəmov küçə, ev 42 mənzil 46-nin xüsusi mülkiyyətçisidir. Mənzili satın aldığı zamandan etibarən fasiləsiz və etirazsız ondan istifadə və sahiblik edir. Mənzilinin altında olan zirzəmini cavabdeh satın alaraq müxtəlif işlər üçün istifadə edir. 2023 cü ilin yay aylarında o, ailəsi ilə birgə başqa yerə müvəqqəti yollanmışdır. Sonra mənzilə geri qayıtdıqda mənzilinin pəncərəsi altında cavabdehin zirzəminin üstündə isə dam quraşdırmışdır. O, evdə heç kəsin olmamağından sui-istifadə edib və mənzilinə aid tərkib hissəsinə- beton plitənin üzərində şveller bərkidərək, onun üzərində 3*4 ölçüdə damı quraşdırmışdır. Dam düz onun pəncərəsinin altında quraşdırılmışdır. Onun araşdırması üçün ondan və hər hansı digər dövlət orqanlardan rəsmi icazəni almamışdır. Cavabdeh mülkiyyəti üzərində hüquqlarını həyata keçirməsinə mane törədir və hüququnu pozmuş olur. Bundan başqa cavabdeh mənzilinin ön divarıyla həm sərhəd, ümumi divarları deyil, onun iddiaçı ilə yalnız pol divarları ümumi istifadəsindədir. Yəni polun üstündə onun mənzili altında isə cavabdehin qeyri yaşayış sahəsidir. Mübahisəli divarda ondan başqa isifadəçəsi yoxdur. Həmin damın üzərində zirzibil, toz-torpaq yığılır, qonşular tərəfindən atılan məişət tulantıları ifunət verir, yay aylarından pəncərəni açmaq mümkünsüzdür. Quraşdırılan damın altında mərkəzi istilik sisteminin nəqil xətləri keçir, onun üçün quraşdırılan dam maneçilik yaradır. Cavabdeh Novruz oğlu "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qaldırılan iddia üzrə cavabdeh tərəfindən pəncərənin qarşısında olan dam örtüyünün tikililər tikilərkən və həmçinin yüngül konstruksiyalı dam örtüyü qoyularkən heç bir qanun pozuntusu olmadığı ekspert tərəfindən müəyyənləşdirilmişdir. Digər əsas isə ondan ibarətdir ki, iddiaçının ümumiyyətlə bu iddianıı qaldırmağa heç subyektiv hüququ yoxdur. Bina müvafiq İcra Hakimiyyətinin balansında olduğundan və tikinti normalarına həmçinin FHN baxdığından həmin dam örtüyünün sökülməsini yalnız müvafiq icra hakimiyyəti tələb edə bilər. İddiaçı mülkiyyətçi olaraq ona məxsus mənzilin daxilinə hər hansı maneə törədildiyi halda subyektiv hüquq əldə edə bilər. Təqdim edilən FHN nin (iddiaçı özü müraciət edib və cavab alıb) məktubundan da göründüyü kimi tikilidə hr hansı qanun pozuntusu mövcud deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Novruz oğlunun nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin, cavabdeh isə həmin ünvanda yerləşən qeyri-yaşayış sahələnin mülkiyyətçiləridirlər. Cavabdeh Novruz oğlu tərəfindən iddiaçının pəncərəsi altında dam quraşdırmışdır. İddiaçı Cavabdeh Novruz oğlundan ünvan 2 ünvanında inşa etdiyi damın sökülməsini tələb etmiş və daha sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov keçəsi, ev 42, 46 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov keçəsi, ev 42-da yerləşən qeyri-yaşayış sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov keçəsi, 140 E) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/2638 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 42 (Yeni qaydalarla: AZ 1102, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş Texniki Pasport sənədində öz əksini tapan giriş-çıxış qapısının qarşısında tikinti işləri aparılaraq əlavə pilləkən inşa edildiyi və yüngül konstruksiyalardan uzunluğu 3,25 m., eni 2,9 m olan dam örtüyü quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində olan qeyriyaşayış sahəsi uzun müddətdir ki istismar olunur. Hal-hazırda binanın zirzəmi mərtəbəsində heç bir qazıntı və ya tikinti işləri aparılmır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarına fotoşəkillər əlavə edilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, baxış zamanı Texniki Pasport sənədində göstərilənlərlə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman qeyri-yaşayış sahəsinin pilləkən qəfəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, baxış zamanı Texniki Pasport sənədində öz əksini tapan girişçıxış qapısının qarşısında tikinti işləri aparılaraq əlavə pilləkən inşa edildiyi və yüngül konstruksiyalardan uzunluğu 3,25 m., eni 2,9 m olan dam örtüyü quraşdırıldığı müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sonuncu iclas zamanı cavabdeh pəncərənin qarşısında olan dam örtüyü quraşdırılarkən heç bir qanun pozuntusu olmadığı ekspert tərəfindən müəyyənləşdirildiyini bildirsə də, ekspert rəyinin tədqiqat hissəsinə diqqət yetirildiyi zaman müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin pilləkən qəfəsi və dam örtüyü Texniki Pasporta uyğun olmamış, giriş-çıxış qapısı Texniki Pasport sənədində öz əksini tapsa da, tikinti işləri aparılaraq əlavə, yəni artıq Texniki Pasporta uyğun olmayaraq pilləkən inşa edilmiş və yüngül konstruksiyalardan uzunluğu dam örtüyü quraşdırılmışdır. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun məlumatları ilə qeyri-yaşayış sahəsinə aid dam öz əksini tapmamış, həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov keçəsi, ev 42-da (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov keçəsi, 140 E) yerləşən qeyri-yaşayış sahəsində yerləşən damın inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, 11 mart 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən mənzilə yerli baxış keçirlənmiş, yerli baxış zamanı həmin icazəsiz tikilinin (damın) üzərində yağış (çirkab) sularının, zir-zibilin yığılması müəyyən edilmiş, bu isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, ekspertin rəyinin digər sübutlarla birgə qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, qeyd olunan damın mövcud olması iddiaçının mənafeyinə, onun əmlakına xələl gətirir və qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə qeyd edir ki, quraşdırılmış damla bağlı cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsinin texniki pasportu mövcud olmaqla, həmin texniki pasportda dam öz əksini tapmamış və ekspert rəyi ilə də həmin damın inşasında qanunsuzluq (uyğunsuzluq) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən mənzilin altında Cavabdeh Novruz oğlu tərəfindən inşa edilmiş (uzunluğu 3,25 m., eni 2,9 m olan dam örtüyü) qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulmalıdır. Bu halda müəyyən edilmişdir ki, iddia tələbi tam əsaslı hesab edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh Novruz oğlundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən mənzilin altında Cavabdeh Novruz oğlu tərəfindən inşa edilmiş (uzunluğu 3,25 m., eni 2,9 m olan dam örtüyü) qanunsuz tikili cavabdehin öz hesabına sökülsün. Cavabdeh Novruz oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 100 (yüz) manat məbləğində pul tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh Novruz oğlundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-929/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-929/2024
04.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver