Məhkəmə qərarları › İş №2(006)-936/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-936/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-936/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 28 fevral 2020-ci il tarixli NDQ-007185 saylı akta əsasən yazılmış olan 969 manat 39 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanda yerləşən ev vardır. Həmin mənzili qeyri-yaşayış sahəsi kimi istifadə edir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşdiyindən müqavilə ilə mənzilin altında yerləşən yarımzirzəmini də təmir edərək qeyri-yaşayış sahəsi kimi istifadə edir. İllərdir ki, yarımzirzəmi və zirzəmi qatı ayrı-ayrı şəxslərə icarəyə verilirdi. İlk vaxtlarda iki obyektin sayğacı bir idi. Sonrakı dövrlərdə icarəçilər arasında mübahisələr yarandığı üçün sayğacı ayırmaq qərarına gəlmişdir. Bununla bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Müraciəti qarşılığında "xxxx" ASC-nin nümayəndələri bir neçə il bundan əvvəl gələrək hər iki ünvana ayrı-ayrı sayğaclar quraşdırmışlar. 28.02.2020-ci il tarixdə "xxxx" ASC Satışa Nəzarət Departamentinin əməkdaşları yarımzirzəmidə yerləşən sayğacı yoxladıqdan sonra elektrik sayğacına gələn xəttə müdaxilə olunmasına dair NDQ-007185 saylı akt tərtib etmişlər. Akt onun tərəfindən imzalanmamışdır. Həmin 28.02.2020-ci il tarixli NDQ-007185 saylı akt əsasında 969,39 manat məbləğində borc yazılmışdır. Qeyd etmək istəyir ki, sayğaca onun müdaxilə etməsi həm mümkün deyil, həm də marağında deyil. Belə ki, sayğaca ödənişlər icarədar tərəfindən edilir və ümumiyyətlə sayğacın quraşdırılmasının təşəbbüskarı özü olmuşdur. O, filoloqdur və heç bir vaxt barəsində hər hansı pul tələbinə dair mübahisə olmamışdır. Sayğac quraşdırılarkən elektrik xətləri cavabdehin nümayəndələri tərəfindən çəkilmişdir. Bununla bərabər qeyd etmək istəyir ki, sayğac quraşdırıldıqdan sonra "xxxx" ASC-nin nümayəndələri dəfələrlə yoxlamalar aparmış və heç bir problem aşkar etməmişlər. Bütün bunlardan başqa ən əsası da ondadır ki, sayğac ümumiyyətlə binanın blokunda yerləşir, hətta istədikləri halda ona müdaxilə edə bilməzlər. Sayğacın qapağının açarları "xxxx" ASC-nin nümayəndələrindədir. Xüsusi qutuda olan sayğacın hansının onların olmasından ümumiyyətlə məlumatı yoxdur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarin, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Göstərinlərlə bərabər bildirmək istəyir ki, aktın özü şübhə doldurur. Belə ki, aktı kimlərin imzalaması məlum deyil. Aktı yalnız cavabdehin nümayəndələri imzalamışlar. Bu isə qanunvericilikdə qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Beləliklə, yuxarıda qeyd olunlara əsasən hesab edir ki, cavabdeh "xxxx" ASC-nin 28 fevral 2020-ci il tarixdə tərtib etdiyi NDQ-007185 saylı aktın qanunsuz və əsassız olması səbəbi ilə yazılmış olan 969,39 manat məbləğində borcun silinməsi zəruridir. Qeyd etmək istərdi ki, o, problemin həlli üçün əvvəldəcən cavabdehə yazılı müraciətlər etmişdir və aldığı cavablara əsasən onların probleminin həlli yalnız məlikəmə yolu ilə ola bilər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı borcu vardır buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri yaşayış-sahəsinə (gözəllik salonu) elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********33333 saylı abonent kodu verilmişdir. 28 fevral 2020-ci il tarixdə tərtib edilmiş NDQ seriyalı 007165 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, elektrik sayğacı kənar xətt vasitəsi ilə dövrədən tam kənarlaşdırılıb. Axan yük ampermaşa ilə ölçülmüşdür. Kənar xəttin ləğv olunması barədə tələb qoyulmuşdur. Bundan sonra, iddiaçıya itirilmiş elektrik enerjisinə görə 969 manat 39 qəpik borcu olması barədə müvafiq bildiriş göndərilmişdir. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 969 manat 39 qəpik borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir və bu səbəbdən, akt üzrə İddiaçı adına olan **********33333 saylı abonent koduna hesablanmış 969 manat 39 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 28 fevral 2020-ci il tarixli NDQ-007185 saylı akt üzrə İddiaçı adına olan **********33333 saylı abunə koduna hesablanmış 969 manat 39 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 fevral 2020-ci il tarixli NDQ-007185 saylı akt üzrə İddiaçı adına olan **********33333 saylı abunə koduna hesablanmış 969 manat 39 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar