Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-940/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «kommunal xərcin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «kommunal xərcin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 59/61, mənzil 32, sahəsi 105 kv.m və mənzil 33, sahəsi 181 kv.m olan iki mənzilin sahibi Cavabdehdır. O, 32 nömrəli mənzilə yanvar 2023-cü il tarixindən avqust 2024-cü il tarixinə kimi 600 manat, 33 nömrəli mənzilə iyun 2023-cü il tarixindən, avqust 2024-cü il tarixinə kimi 520 manat, hər iki mənzil üçün 1120 manat kommunal xidmət pul vəsaitini İddiaçı MMMC-nin bank hesabına ödəməmişdir. Neçə dəfə şifahi və yazılı surətdə müraciət edilməsinə baxmayaraq heç bir nəticə alınmayıb. Həmçinin, ümumi sahəsi 286 kv.m olan mənzillərin hər kvadrat metrinə 0.24 qəpik pul vəsaiti ödənilməlidir. Cavabdehin kommunal xidmət ödəməməsi kommunal xidmətlərin ödənişində çətinliklər yaradır. Odur ki, kommunal xidmətin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh kommunal xidmətə görə 1430 manat və iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 59/61, mənzil 32 sahəsi 105 kv.m və mənzil 33 sahəsi 181 kv.m olan 2 mənzilin sahibi Cavabdehdır. O, 32 nömrəli mənzilə yanvar 2023-cü il tarixindən yanvar 2025-ci il tarixinə kimi 750 manat, 33 nömrəli mənzilə iyun 2023-cü il tarixindən yanvar 2025-ci il tarixinə kimi 680 manat, hər iki mənzil üçün 1430 manat kommunal xidmət pul vəsaitini İddiaçı MMMC-nin bank hesabına ödəməmişdir. Neçə dəfə şifahi və yazılı surətdə müraciət edilməsinə baxmayaraq heç bir nəticə alınmayıb. O da nəzərə çatdırılır ki, ümumi sahəsi 286 kv.m olan mənzillərin hər kvadrat metrinə 0,24 qəpik pul vəsaiti ödənməlidir. Muxtarovanın kommunal xidmət ödəməməsi kommunal xidmətlərin ödənişində çətinliklər yaradır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildimişdir ki, cavabdehin 2 mənzili var, lakin o, bir mənzilə görə kommunal xidmətlərin pulunu tam ödəyir, digərini isə ödəmir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddiaçıya liftin təmiri üçün əlavə olaraq 150 manat ödədiyini, digər mənzil ilə bağlı yaşamadığından kommunal xərci ödəməkdən imtina etdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları: 8.İş materiallarında olan İddiaçı nizamnaməsindən görünür ki, Cəmiyyət müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadə olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması Cəmiyyətin fəaliyyət növlərindən biridir. 9.İş materiallarında olan Azərbayacn Respublikası Ədliyyə Nazirliyi Qeyrikommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 10.İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********01 nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.İş materiallarında olan İddiaçı üzvləri tərəfindən tərtib edilən xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Cavabdeh 32-33 nömrəli müqaviləni götürməkdən və imza etməkdən imtina etmişdir. 12.İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, kommunal xidmətlərin yığılmasında böyük çətinliklər mövcuddur. Belə ki, dörd sakin hər birinin iki mənzili var, onlar kommunal xidmətləri verməkdən imtina edirlər, bu sakinlərdən biri Cavabdeh 32 və 33-cü mənzillərin sahibəsi. 13.İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, ayrı-ayrı vaxtlarda cavabdehin nümayəndəsi X2 tərəfindən İddiaçınə ümumilikdə 550 manat məbləğində ödəniş həyata keçirilmişdir. 14.İş materiallarında olan İddiaçı 05 yanvar 2025-ci il tarixli iclas protokolundan görünür ki, 2 otaqlı mənzil 105 kv.m üçün 30 manat, 3 otaqlı mənzil 136 kv.m üçün 35 manat, 4 otaqlı mənzil 181 kv.m üçün 40 manat kommunal xidmət haqqı müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, 32 və 33 nömrəli İddiaçı MMMC İdarəetmə müqavilələrinə əsasən cəmiyyət mənzil mülkiyyətçisinə nümunəvi kommunal və mühafizə xidməti göstərməyi, bunun müqabilində mənzil mülkiyyətçiləri cəmiyyətin hesabına mənzilin sahəsindən asılı olaraq cari ayın 1-ci 15 günü ərzində müvafiq qanunvericiliyə uyğun olaraq ödəniş etməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən göstərilmiş kommunal xidmətlərə görə haqq 105 kv.m üçün 30 manat, 181 kv.m üçün isə 40 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya yaranmış borc tam ödənilmədiyindən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı göstərilmiş kommunal xidmətlərə görə cavabdehin ona yaranmış 1430 manat məbləğində borcunun və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə görə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 777.1-777.2-ci maddələrinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-783.3-cü maddələrinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 17.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 38.1-38.2-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdəmülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2 və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq; 136.3-136.4-cü maddəsinə görə, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.9-137.10-cu maddələrinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; 141.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir; 142.8-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə dəyişiklik edilməsi və ya ona xitam verilməsi mülki qanunvericilikdə və müqavilədə müəyyən edilmiş qaydada həyata keçirilir. 18.“Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. 19.İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını cavabdehdən tələb etməkdə qismən haqlıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Cavabdehə məxsus mənzilin yerləşdiyi binanın idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunması, tərəflər arasında müvafiq müqavilənin olması, çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi cavabdehin kommunal xidmətlərə görə haqları iddiaçıya ödəməli olması və hətta əvvəllər müəyyən məbləğdə aylıq ödənişlər etməsi, hazırda da mənzilin cavabdehin mülkiyyətində olması məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin müqavilələri imzalamaqdan imtina etməsi və onları qəbul etməməsi, onun müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi üçün əsas deyildir. Deməli, cavabdehin ümumi binanın saxlanmasına çəkilən xərclərə görə iddiaçıya müəyyənləşdirilmiş məbləğdə ödəniş etməsi onun həm qanundan, həm də müqavilədən irəli gələn vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərlə bağlı yaranmış borcu iddiaçıya ödəməlidir. 20.Beləliklə, məhkəmə hesab edir ki, müqavilə ilə cavabdehə verilmiş 32 nömrəli mənzilin 105 kv.m və 33 nömrəli mənzilin isə 181 kv.m olması müəyyən edildiyindən, 32 nömrəli mənzil üzrə 2023-cü il yanvar ayından 2025-ci il yanvar ayına kimi (24 ay ərzində) cavabdeh iddiaçıya 720 manat (1 ay üçün 30 manat), 33 nömrəli mənzil üzrə isə 2023-cü ilin iyun ayından 2025-ci il yanvar ayına kimi isə (18 ay ərzində) 720 manat (1 ay üçün 40 manat) olmaqla, ümumilikdə 1440 manat ödəniş etməli idi. 21.Cavabdeh isə həmin dövr ərzində 33 nömrəli mənzil üzrə cəmi 550 manat (iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinə əsasən) ödəniş etmiş, bununla da 32 nömrəli mənzil üzrə öhdəliyini ümumiyyətlə icra etməmiş, 33 nömrəli mənzil üzrə isə öhdəliyini lazımi qaydada tam olaraq icra etməmişdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf cavabdehdən lift üçün nəzərdə tutulmuş (ödənilmiş) pulun kommunal xərclərə daxil edilməməsi hissəsi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMMC-nin nizamnaməsinin 2.2.1-ci bəndinə -yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması vəzifəsini öz öhdəsinə götürmüşdür. 22.Beləliklə, cavabdehin iddiaçıya 32 nömrəli mənzil üzrə 2023-cü il yanvar ayından 2025-ci il yanvar ayına kimi (24 ay ərzində) 720 manat, 33 nömrəli mənzil üzrə isə 2023cü ilin iyun ayından 2025-ci il yanvar ayına kimi isə (18 ay ərzində) 170 manat (720- 550=170 manat) olmaqla cəmi borcu 890 manat (720+170=890 manat) təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, tələb qismən təmin edilməli, Cavabdeh 890 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. 23.Məhkəmə tələbin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, tələb həmin hissədə də qismən təmin edilməlidir. 24.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.”Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 26.Hazırki iş üzrə iddia tələbi 890 manat hissəsinə münasibətdə təmin edildiyindən həmin tələb üzrə də ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin iddiaçının iddia predmetinin məbləğini təşkil etmiş dövlət rüsumu 34.3 qəpik təşkil etdiyindən 4,3 (dörd manat 30 qəpik) manat iddiaçının özünə aid edilməli, qalan hissədə hissə iddiaçı dövlət rüsumu artıq ödədiyindən qeyd edilən (artıq ödənilmiş) məbləğ cavabdehdən tutula bilməz. Bu halda yalnız iddiaçı artıq ödənilmiş dövlət rüsumunun ona geri qayarılması ilə bağlı ayrıca ərizə ilə məhkəməyə müraciət edə bilər. 27.Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kommunat xidmət haqqının əvəzi olaraq 890 (səkkiz yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh kommunat xidmət haqqının əvəzi olaraq 890 (səkkiz yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı alınaraq İddiaçı xeyrinə ödənilsin. 4,3 (dörd manat 30 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.