Məhkəmə qərarları › İş №2(006)-966/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-966/2021

31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-966/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlu və onun nümayəndəsi və vəkili FFF oğlunun, müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızının və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətin nümayəndəsi X5 iştirakları ilə İddiaçı AAA oğlunun cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızının cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” QSC (Sumqayıt şəhərində yerləşən filialı) ilə "xxxx" MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 210/168738 saylı “Kredit müqaviləsi”nə (kredit xəttinin açılması barədə müqavilə) əsasən, sonuncuya kredit xətti üzrə 105 000 (bir yüz beş min) manat məbləğində kredit xətti ayrılmış, sonradan tərəflər arasında həmin müqaviləyə dair xx xxxxxx 2015-ci il tarixli 3 saylı Kredit sazişi bağlanmış və cəmiyyətə saziş üzrə 12 ay müddətinə illik faiz dərəcəsi 17 olmaqla 70 000 (yetmiş min) manat kredit verilmişdir. Kredit xəttinə daxil olan həmin kredit məbləği üzrə iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi müəyyən olunmuşdur. Məlum olduğu kimi, bunun üçün onun və birgə nikahda olduğu şəxsin razılığı mütləqdir. Lakin müvafiq əmlakın bu sazişi təmin etməsinə dair əvvəlki kredit üzrə notariat əməliyyatını aparan cavabdeh DDD ofisi və həmin rayon üzrə digər notariat ofislərində hər hansı əməliyyat aparılmamışdır. İddiaçı məsələdən xəbər tutan kimi iş üzrə zəruri sənədlərin toplanılması üçün fəaliyyətə keçmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(060)-771/2018 saylı qətnaməsi ilə "xxxx" MMC, X6 və X3 birgə borcları üzrə tutma iddiaçıya məxsus müvafiq əmlaka yönəldilmişdir. Həmin iş üzrə məhkəmə çəkişməsindən iddiaçının və onun ailə üzvlərinin xəbəri olmamışdır. İddiaçı belə ehtimal edir ki, icra mərhələsində əmlakın “açıq” hərrac vasitəsilə satılması üzrə keçirilən təkrar hərrac baş tutmadığından guya ki, “ipoteka saxlayan” qismində çıxış edən cavabdeh onu əldə etmişdir. Lakin iddiaçının bu məsələlərdən xəbəri də olmamışdır. Həmin mübahisə üzrə birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi və işin faktiki halları üzrə X7 ilə xx xxxxxx 2014-cü il tarixdə (kredit xətti ayrılan tarix), cavabdeh X6 ilə isə xx xxx 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanılması çox müəmmalıdır. Kredit sazişi 2015-ci il tarixdə rəsmiləşdirilirsə, 2017-ci il tarixdə zaminlik müqaviləsinin sənədləşdirilməsinin hüquqi əsası yoxdur. Əgər bu mümkündürsə, o halda qətnamədən göründüyü kimi, iddiaçının əmlakının xx xxxxxx 2015-ci il tarixli kredit sazişi üzrə təminat kimi qoyulması üzrə nəinki onun, habelə birgə nikahda olduğu şəxsin yazılı razılığı alınmalı, hətta əlavə ipoteka müqaviləsi rəsmiləşdirilməli idi. Hər bir halda zaminlik müqailəsinin ikincisinin kredit sazişinin tarixindən iki ilə yaxın müddət keçdikdən sonra imzalanması ağlasığmaz bir haldır, həm də nəzərə alınsa ki, kredit sazişi 12 ay müddətinə bağlanılmışdır. Sözügedən qətnaməni iddiaçının təmsilçisi (atası) Rəis Məmmədov 2019cu ilin dekabr ayında almışdır. Apellyasiya şikayəti üçün bir aydan çox müddətin keçməsinə səbəb hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsinin mövcudluğu barədə iddiaçının sonradan əldə etdiyi məlumat əsasında 2020-ci ilin yanvar ayının ilk on günlüyündə Rəis Məmmədovun müraciəti üzrə həmin qətnamənin götürülməsi üçün sərf olunan vaxt olmuşdur. Qətnaməni əldə etdikdən sonra bəlli olmuşdur ki, apellyasiya şikayəti cavabdeh X4 tərəfindən verilmiş və ona münasibətdə təmin edilməmişdir. Bu hal iddiaçıya məlum olduqdan sonra qısa müddətdə birinci instansiya məhkəməsi olan Sumqayıt Şəhər Məhkəməsinə prosessual müddətin bərpasına dair vəsatətlə müraciət olunmuş (apellyasiya şikayəti və dövlət rüsumunun ödənilməsinə dair qəbz qoşulmaqla), lakin məhkəmə vəsatəti rədd etmiş, həmin qərardaddan iddiaçının şikayəti isə həm adı çəkilən məhkəmə, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməmiş, nəticədə qeyd olunan mübahisə ilə bağlı iddiaçının prosessual imkanları tükənmişdir. Göstərilənlərə əsasən cavabdeh “xxxx” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 3 saylı Kredit sazişini təmin edən, Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünü nəzərdə tutan ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh "xxxx" QSC (Sumqayıt şəhərində yerləşən filialı) ilə digər cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 210/168738 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) əsasən, sonuncuya kredit xətti üzrə 105000 (bir yüz beş min) manat məbləğində kredit xətti ayrılmış, sonradan tərəflər arasında həmin müqaviləyə dair xx xxxxxx 2015-ci il tarixli 3 saylı kredit sazişi bağlanmış və cəmiyyətə saziş üzrə 12 ay müddətinə illik faiz dərəcəsi xx xxxxxxx 70000 (yetmiş min) manat kredit verilmişdir. Kredit xəttinə daxil olan həmin kredit məbləği üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin əri AAA oğlunun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi müəyyən olunmuşdur. Məlum olduğu kimi, bunun üçün müstəqil tələb irəli sürən üçüncü şəxsin və onun ərinin razılığı mütləqdir. Lakin, müvafiq əmlakın bu sazişi təmin etməsinə dair əvvəlki kredit üzrə notariat əməliyyatını aparan cavabdeh DDD Ofisində və həmin rayon üzrə digər notariat ofislərində hər hansı əməliyyat aparılmamışdır. Göstərilənlərə əsasən cavabdeh “xxxx” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 3 saylı Kredit sazişini təmin edən, Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünü nəzərdə tutan ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu və onun nümayəndəsi və vəkili FFF oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi hər iki iddia tələbinə etiraz edərək, hər iki iddianən təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddiaçı xx xxxxxx 2014-cü il tarixdə bağlanmış əqdi mübahisələndirir. Belə ki, iddiaçı AAA oğlu iddia müddətini ötürərək iddia qaldırmışdır. Ona görə də qeyd olunan iddia tələbinə iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər DDD Ofisinin və (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehlər DDD Ofisinin və (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxx 2014-cü il tarixli 210/168738 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit xəttinin ümumi məbləği 105 000 (bir yüz beş min) manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti üzrə ayrılan 35000 (otuz beş min) manat məbləğindəki kredit hissəsi istifadə olunan müddəti 24 ay olmaqla bərpa olunmayan, kredit xətti üzrə ayrılan 70000 (yetmiş min) manat məbləğindəki kredit hissəsi istifadə olunan müddəti 12 ay olmaqla bərpa olunandır. xx xxxxxx 2014-cü il tarixli 210/168738 №-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə) dair borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan "xxxx" MMC arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli 1№-li Kredit sazişinə əsasən bank tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 13,5 % olmaqla 12 ay müddətinə 70000 (yetmiş min) manat kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 210/168738 №-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə) dair borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan "xxxx" MMC arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli 2№-li Kredit sazişinə əsasən bank tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 13,5 % olmaqla 12 ay müddətinə 35000 (otuz beş min) manat kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 210/168738 №-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə) dair borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan "xxxx" MMC arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli 3№-li Kredit sazişinə əsasən bank tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 17 % olmaqla 12 ay müddətinə 70000 (yetmiş min) manat kredit verilmişdir. İpoteka saxlayan\borc verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipoteka qoyan AAA oğlu arasında xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinin 4.1-ci maddəsinə əsasən AAA oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi ipoteka predmeti kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Sumqayıt şəhərində xx xxxxxx 2014-cü il tarixində xx xxxxxx 2018-ci il tarixinədək, 105000 (bir yüz beş min) manat məbləğində bağlanmış 210/168738 nömrəli kredit (kredit xəttinin açılması barədə) müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca saziş(lər) üzrə verilmiş bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka borcalanın öhdəliklərinin icrasının təmin etmək məqsədi daşıyır. İpoteka saxlayan\borc verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipoteka qoyan AAA oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə bağlı 3M/754 reyestr nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka müqaviləsi bağlanarkən BBB qızı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin və 196,3 kv.m fərdi yaşayış evinin ipoteka qoyulmasına etiraz etməyərək notariat qaydasında təsdiq edilmiş razılığını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X6 və X2 müştərək qaydada 64994 manat əsas kredit borcu, 14752,77 manat əsas borca hesablanmış faiz borcu, 300 manat cərimə borcu, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.-dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat və AAA oğluna məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərracdan satılması, ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaiti hesabına 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və 196,3 kv.m fərdi yaşayış evi "xxxx" QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli 210/168738 №-li Kredit müqaviləsi (kredit xətti) əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 105000 (bir yüz beş min) manat məbləğində kredit xətti açılmışdır. Kredit xəttinin ümumi məbləğinin 35000 manatı bərpa olunmayan, 70000 manatı isə bərpa olunan məbləğ olmuşdur. Bank tərəfindən borcalana 1№-li Kredit sazişi ilə 70000 manat kredit məbləği, 2 №-li Kredit sazişi ilə isə 35000 manat kredit məbləği verilmişdir. Borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kredit xəttinin bərpa olunan hissəsi üzrə (1 №-li kredit sazişi) öhdəliyini yerinə yetirdiyinə görə bank tərəfindən kredit xətti daxilində yenidən 3 №-li Kredit sazişi ilə borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 70000 manat kredit məbləği verilmişdir. Eyni zamanda, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və AAA oğlu arasında xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka predmeti yuxarıda qeyd olunan kredit (kredit xəttinin açılması barədə) müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca saziş(lər) üzrə verilmiş bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış etmiş və ipoteka predmeti borcalanın öhdəliklərinin icrasının təmin etmək məqsədi daşımışdır. Həmçinin, ipoteka müqaviləsi bağlanan zaman BBB qızının notarial qaydada razılığı alınmışdır. Sonradan kredit öhdəliyi borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vaxtında icra olunmadığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borc tutulmuş və tutma ipoteka predmetlərinə yönəldilmişdir. Hazırda isə, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs xx xxxxxx 2015-ci il tarixli 3 saylı Kredit sazişininin təminatı olan xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunmasını tələb edirlər. İddiaçının, habelə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Mülki Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı AAA oğlu ipoteka müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdeh xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcalanın öhdəliklərinin icrasını təmin etməklə bağlı öhdəlik götürmüşdür. Hazırkı işə baxılarkən, iddiaçının Bank ilə müqaviləni bağlayan zaman həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Habelə, ipoteka müqaviləsi bağlnan zaman müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızı notarial qaydada razılıq ərizəsini vermişdir. Həmçinin, əlavə kredit sazişləri ilə verilmiş kredit məbləğləri əsas kredit xəttinin açılmasına dair müqavilə ilə müəyyən olunmuş öhdəlik limitini keçməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Eyni zamanda, işin müəyyən edilmiş hallarından göründüyü kimi, AAA oğlu Abşeron rayonu, Masazır kəndində yerləşən 196,3 kv.m fərdi yaşayış evini ipotekaya qoyarkən arvadın - BBB qızının notariat qaydasında təsdiq edilmiş razılığı alındığı üçün, bu əsasla ipoteka müqaviləsi etibarsız hesab oluna bilməz. Bundan əlavə, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs hazırkı iddia ərizələri ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişlər. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Beləliklə işin müəyyən edilmiş hallardan görünür ki, ipoteka saxlayan\borc verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipoteka qoyan AAA oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin hüquqi nəticələrini imzaladığı andan bilmələrinə baxmayaraq, iddiaçı AAA oğlu və müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızı həmin müqaviləni bağlanmasından uzun müddət sonra, müvafiq olaraq 2020-ci və 2021-ci ildə mübahisələndirmişlər. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Buna görə də məhkəmə hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbləri təmin olunmamalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən də göründüyü kimi, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi (4-cü səhifənin 1-ci abzası) ilə müəyyən olunmuşdur ki, ... tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli 210/168738 №-li Kredit müqaviləsi, xx xxxxxx 2015-ci il tarixdə saziş və həmin müqavilələrdən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələri və xx xxxxxx 2014-cü il tarixli, xx xxx 2017-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanılıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı AAA oğlunun cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızının cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizələri təmin edilməməli və məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AAA oğlunun cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs BBB qızının cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, DDD Ofisinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar