Məhkəmə qərarları › İş №2(006)-981/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-981/2021

01.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-981/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «müqavilə şərtlərinə birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi və illik 20,6 % dərəcəsi ilə hesablanması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «müqavilə şərtlərinə birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixli «Klassik Əmanət (depozit) hesabı haqqında» müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən əmanətə qoyulmuş 5000 (beş min) ABŞ dolları əmanət üzrə illik faiz dərəcəsi 10,6 faiz olmuş və əmanətin müddətinin 120 ay olmaqla xx.xx.2014-cü il tarixinədək qüvvədə olduğu göstərilmişdir. İddiaçı həmin müqaviləyə əsasən xx.xx.2017-ci il tarixədək hər ay öz hesabından qeyd olunan faizin gəlirini çıxarmışdır. Gələcəkdə qoyduğu əmanət üzrə daha böyük məbləğdə faiz gəlirinin yığılması üçün qeyd olunan tarixdən həmin əmanətdən hər hansı çıxarış eləməmişdir. Bu yaxınlarda iddiaçıın mobil telefonuna yüklədiyi aplikasiyaya daxil olaraq, cavabdeh bankda yığılmış faizləri üzrə gəlirlərinə baxanda faizlərin düzgün hesablanmadığını görmüşdür. Cavabdeh banka zəng vuraraq məlumat almaq istəsə də, bankın filialına yaxınlaşmağı gərəkdiyini söydədilər. Dedikləri kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin Nəsimi filialına yaxınlaşmış və orada ona xx.xx.2017-ci il tarixli bir məktub təqdim edərək, iddiaçının əmanətin üzrə faiz dərəcəsinin onun hər hansı bir formada razılığı olmadan 2 faizə endirildiyini bildirmişlər. İddiaçı buna etiraz etsə də, həmin məktubun guya ki, ona poçt vasitəsilə göndərildiyini bildirmişlər və poçt qəbzini təqdim etdikdə həmin qəbzdə məktubun iddiaçı tərəfindən alınması barədə hər hansı imza və ya qeydin olmadığını bildirdikdə, ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. İddiaçının həmin bankın başqa filiallarında da əmanətin olduğundan, qeyd olunan qanunsuzluğun həmin filiallarda da törədilib-törədilmədiyini müəyyən etmək üçün xx.xx.2020-ci il tarixdə digər filiallara getmişdir. Cavabdeh bankın Səbail filialından iddiaçıya arayış təqdim edərək həmin filialda olan 28.000 ABŞ dolları əmanətin üzrə illik faiz dərəcəsinin dəyişdirilmədən 12 faiz olaraq qaldığı bildirilmişdir. Bankın Qaradağ filialı Nəsimi filialı kimi qanunsuzluq və özbaşınalıq edərək həmin filialdakı iddiaçının əmanəti üzrə 12 faiz dərəcəni ona hər hansı məlumat vermədən 2 faizə endirilmişdir. Bunu hansı əsasla etdiklərini soruşsa da, iddiaçıya hər hansı bir sənəd və ya arayış təqdim olunmamışdır.Həmin günü bankın Mərkəz filialındakı 50.000 ABŞ dolları üzrə 20,6 faiz olan əmanətinin faizinin də 2 faizə endirildiyi bildirilmiş və iddiaçıya Nəsimi filialı tərəfindən təqdim olunmuş məktubun eynisi Mərkəz filialı tərəfindən də təqdim olunmuşdur. Mərkəz filialı tərəfindən xx.xx.2020-ci il tarixdə ona təqdim edilmiş məktubda da müqavilə şərtlərinin cavabdeh tərəfindən xx.xx.2017-ci tarixdən birtərəfli qaydada dəyişdirildiyi və əmanətin illik faiz dərəcəsinin 2%ə endirildiyi qeyd olumuşdur. Faiz dərəcəsinin birtərəfli qaydada azaldılmasının qanuniliyinin əsaslandırılması məqsədilə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinə, yəni şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edilmişdir. Qeyd olunan normanın hazırki münasibətlərə şamil edilməsini qanunsuz hesab edir. Belə ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən və maliyyə vəziyyətinin pisləşməsindən bəhs edərkən cavabdeh ilk növbədə bütövlükdə ölkə iqtisadiyyatındakı vəziyyətin dəyişmiş olduğunu vurğulayır və məktubundan belə aydın olur ki, ölkə iqtisadiyyatı cavabdehi müqavilələri birtərəfli qaydada dəyişdirməyə məcbur edəcək qədər çökmüş bir vəziyyətdədir. Halbuki, ölkə rəhbərliyi tərəfindən dəfələrlə vurğulanmışdır ki, müəyyən iqtisadi çətinliklər olsa da, dövlət bu çətinliklərin öhdəsindən uğurla gəlir. Belə olan halda, iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş məktubu qeyd edilən dövlət səviyyəli bəyanatların təkzibi olaraq qəbul etməlidir. Üstəlik, cavabdeh dediklərini, həm də Azərbaycan Respublikası Prezidentinin Cavabdeh ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» xx.xx.2015-ci il tarixli Fərmanı ilə əsaslandırmağa salışır. Hesab edir ki, bu istinad adı çəkilən Fərmandan sui-istifadədir. Belə ki, Fərmanda yalnız problemli kreditlərdən bəhs olunur. Cavabdehə qoyulan əmanətlərlə bağlı isə tək bir söz belə yoxdur. Hər kəsə məlumdur ki, 2017-ci ildə cavabdeh tərəfindən öhdəliklərin könüllü restrukturizasiyası həyata keçirilmiş, Azərbaycan dövləti cavabdehin 3 milyard ABŞ dolları həcmində borcun ödənilməsini öhdəsinə götürmüş, bununla da cavabdehin maliyyə vəziyyəti xeyli yaxşılaşmışdır. Son 9 aylıq nəticələrindən isə cavabdehin öz fəaliyyətindən mənfəət əldə etdiyi aydın olur. Ümumiyyələ, əgər ölkə iqtisadiyyatının vəziyyətinin pisləşməsini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul etsələr ki, eyni normanı cavabdehə borcu olan şəxslərə də şamil etmək lazım olacaq ki, bu da bütövlükdə bank sisteminin məhvində təkanverici qüvvə rolunu oynayacaq. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehlə əlaqədar olaraq şəraitini əhəmiyyətli dərəcədə dəyişməsindən heç bir söhbət gedə bilməz. Lakin hətta qəbul etsələr ki, şərait doğrudan da əhəmiyyətli dərəcədə dəyişmişdir, yenə də qeyd edilən əsas cavabdeh tərəfindən müqavilə şəraitinin birtərəfli qaydada dəyişdirilməsinə icazə verə bilməz. Belə ki, müqavilənin 1.5-ci bəndinə əsasən müqavilənin müddəti 120 aydır, yəni müqavilə müdddətlidir. Mülki Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin cavabdeh əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı cavabdeh tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Göründüyü kimi, qeyd olunan norma imperativ xarakter daşıyır və mövcud qanunvericilik müddətli əmanət müqavilələri üzrə faizəlrin miqdarının cavabdeh tərəfindən azaldılmasını birmənalı şəkildə qadağan edir. Eyni zamanda müqavilənin 3.6-cı bəndində göstərilir ki, əmanətlər üzrə faizlər dəyişdirildikdə, yəni faiz dərəcələri yalnız müqavilə 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalıdığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanı dərc etməklə əmanətçiləri xəbərdar edir. Beləliklə, müqavilənin özündə də yeni faiz dərəcələrinin dəyişdirilməsinə yalnız müqavilə müddəti uzadıldıqda və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlandıqda icazə verilir. Hazırda isə müqavilə müddəti hələ bitmiş olmadığından belə bir dəyişikliyin edilməsi həm qanunvericiliyə, həm də müqavilə şərtlərinə ziddir.Mövcud qanunvericiliyə müqaviləyə dəyişikliyin edilməsi yalnız qarşı tərəfə dəyişiklik barədə təklifin göndərilməsi yolu tərəflərin qarşılıqlı razılaşması əsasında və ya məhkəmə yolu ilə mümkündür.Cavabdeh tərəfindən isə qeyd edilən qaydalar kobud şəkildə pozulmuş, məlumat xarakterli bir məktubun göndərilməsinə istinad olunsa da, həmn məktubun ona təqdim olunması təmin edilməmiş, həmin məktubun özləri tərəfindən tərtib edilməsi müqaviləyə dəyişiklik edilməsi üçün yetərli hesab olunmuşdur. Sadalananlardan əlavə, məktubda cavabdehin keçmiş rəhbəri Cahangir Hacıyevin qanunsuz əməllərinə və bu əməllər nəticəsində yaranan problemlərə istinad edilmişdir. İddiaçı müqaviləni cavabdehlə bağlanmışdır, mövcud münasibətlərdə iddiaçı ayrıca hüquqi şəxs olan cavabdehin kreditorudur və ona cavabdehin rəhbərliyi, daxili problemləri maraqlı deyildir. Göstərilənlərə əsasən xx.xx.2014-cü il tarixli «Klassik əmanət (depozit)» hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümyəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilərək, xx.xx.2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 20,6% dərəcə ilə hesablanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Cavabdeh ASC-nin Mərkəzi filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 120 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 20,6% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xx xxx 2014-cü il tarixdən qüvvəyə minir, xx xxx 2024-cü il tarixədək qüvvədədir. İşdə olan Cavabdeh ASC-nin Mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, bank onun vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi hadisəsinə istinad edərək xx xxxxxx 2017-ci il tarixindən müqaviləyə əsasən hazırkı faiz dərəcəsinin birtərəfli şəkildə illik 2 (iki) faizə azaldılmasını bildirmiş, xx xxxxxx 2017-ci il tarixinədək depozitə faizlərin həmin tarixdə olan yüksək dərəcələrlə hesablanacağını bildirmişdir. İşdə olan Cavabdeh ASC-nin Nəsimi filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 28000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 84 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xx xxxx 2015-ci il tarixdən qüvvəyə minir, xx xxxx 2022-ci il tarixədək qüvvədədir. İşdə olan Cavabdeh ASC-nin Nəsimi filialı tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, bank onun vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi hadisəsinə istinad edərək xx xxxxxx 2017-ci il tarixindən müqaviləyə əsasən hazırkı faiz dərəcəsinin birtərəfli şəkildə illik 2 (iki) faizə azaldılmasını bildirmiş, bununla yanaşı, depoziti Bankda milli valyutaya (manat) keçirməyi və manatda Bankın hazırkı faiz dərəcəsi ilə (hal-hazırda Bankın manatda olan depozitlər üçün illik faiz dərəcəsi 9-11% təşkil edir) depozit qoymağı təklif etmiş, xx xxxxxx 2017-ci il tarixinədək depozitə faizlərin həmin tarixdə olan yüksək dərəcələrlə hesablanacağını bildirmişdir. İşdə olan Cavabdeh ASC-nin Qaradağ filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 28000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 84 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xx xxxxx 2015-ci il tarixdən qüvvəyə minir, xx xxxxx 2022-ci il tarixədək qüvvədədir. İşdə olan Cavabdeh ASC-nin Səbail filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 28000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 84 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xx xxxxx 2015-ci il tarixdən qüvvəyə minir, xx xxxxx 2022-ci il tarixədək qüvvədədir. İşdə olan Cavabdeh ASC-nin Səbail filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ASC-nin Səbail filialında İddiaçı əmanət hesabı mövcuddur, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi illik 12% faiz təşkil etməklə əmanət üzrə hesabı 28.000 ABŞ dolları təşkil etmiş, göstərilən vəsait 47600 manat təşkil etmişdir. Beləliklə, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilə bağlanmışdır. Respublikada baş vermiş manatın devalvasiyasından sonra cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini əsas gətirərək əmanət məbləğinin illik faiz dərəcəsini birtərəfli qaydada aşağı endirmişdir. Hazırda iddiaçı birtərəfli qaydada edilmiş dəyişikliyi qanunsuz hesab edərək, həmin dəyişikliyin etibarsız hesab edilməsini və faizlərin müqaviləyə uyğun hesablanmasını tələb edir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 948.1-ci maddəsinə bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladıpı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Müqavilənin 3.6-cı bəndində göstərilir ki, əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilənin 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Göründüyü kimi bank əmanəti müqaviləsi üzrə əmanətin məbləği üçün faizlərin dəyişdirilməsi üçün Mülki Məcəllədə konkret hallar müəyyən edilmişdir, belə ki, faizlərin dəyişdirilməsi yalnız müqavilə müddətinin qurtarması və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlanması ilə şərtləndirilmişdir ki, hazırki işin hallarında da qeyd olunan şərtlərin mövcud olması müyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müqaviləyə birtərəfli qaydada dəyişiklik edərkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 422-ci maddəsinə istinad etməsi də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni aplabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qeyd olunan normanın mənasından aydın olur ki, cavabdehin hazırki halda istinad etdiyi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı baş versə belə, buna görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi - müqavilədə ayrı qaydanın nəzərdə tutulmaması və ya onun mahiyyətindən ayrı qaydanın irəli gəlməməsi ilə şərtləndirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin isə 8.1-ci bəndinən görünür ki, müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minərək bu müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin iş materiallarında olan Cavabdeh ASC-nin bank əmanətçisi İddiaçı ünvanladığı məktubdan görünür ki, müqavilənin faizlərlə bağlı şərtləri bank tərəfindən 2017-ci il noyabından etibarən Mülki Məcəllənin 422-ci maddəsinə əsasən birtərəfli qaydada dəyişdirilmiş və müqavilə üzrə ABŞ dolları ilə depozitin illik faiz dərəcəsi 2 faizə endirilmişdir. Göründüyü kimi, müqaviləyə dəyişiklik yazılı formada tərtib edilməmiş, habelə iddiaçının buna rəsmi razılığı alınmadan cavabdeh tərəfindən birtərəfli qaydada edilmişdir ki, bu da həm müqavilənin yuxarıda istinad edilən müddəalarına, həm də qanunvericliyin tələblərinə zidd olmuşdur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllə, 421.1 və 421.2-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxx 2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 20,6 % dərəcə ilə hesablanması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış xx xxx 2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 20,6 % dərəcə ilə hesablanması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar