Məhkəmə qərarları › İş №2(006)-991/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-991/2021

30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-991/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə (Bakı Regional Qazın Satış Departamentinə) qarşı «aktın ləğv edilməsi və borc məbləğinin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə (Bakı Regional Qazın Satış Departamentinə) qarşı «aktın ləğv edilməsi və borc məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşlarının ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilinə dair tərtib etdiyi 30.03.2018-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və akta görə ona hesablanmış 282 manat 60 qəpik borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(006)-991/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, qiyabi qətnamənin ləğv edilməsini və mülki işə tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(006)-991/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları 30.03.2018-ci il tarixdə yaşadığı Bakı şəhəri Asif Məhərrəmov küçəsi 52 saylı evin 51 saylı mənzilinə aid sayğacda yoxlama apardıqlarını bildirərək, sayğacda plombun olmamasını (ksero surəti verilən aktdakı xətt pis olduğundan dəqiq oxunmur) qeyd etmiş, bu əsasla barəsində ******* saylı akt tərtib etmişlər. Onlar həmçinin həmin akta əsasən ona 282 manat 60 qəpik borc hesablamışlar. O, yuxarıda qeyd olunan aktı və həmin akt əsasında ona 282 manat 60 qəpik borc hesablanmasını düzgün hesab etmir. Belə ki, onun sayğacı mənzilində deyil, binanın girişində quraşdırılıb. Həmin sayğac onun tərəfindən deyil, Cavabdeh İB-nin əməkdaşları tərəfindən quraşdırılmışdır. Göstərilən akt bu barədə 14 avqust 2020-ci il tarixdə ona məlumat verilib. Bu zamana qədər barəsində aktın tərtib olunduğunu bilməmişdir, yəni ona yazılı və yaxud şifahi məlumat verilməmişdir. Bildirir ki, akt onun məlumatı və iştirakı olmadan tərtib edilmişdir. Sayğac binanın girişində quraşdırıldığından, əlçatan olduğundan, sayğacın qutusu olmadığından, onun tərəfindən kilidlənmədiyindən, onun nəzarətində olmamışdır. Yəni, onun sayğacı qorumaq və nəzarət etmək imkanı xaricindədir. Belə ki, həmin sayğaca Cavabdeh İB-nin əməkdaşları özləri nəzarət edir. İki il ərzində borcunun olduğu və barəsində akt tərtib edildiyini ona bildirməmişlər. Hər ay vaxtı-vaxtında ödəniş aparmışdır. O, sayğaca hər hansı müdaxilə etmədiyindən, tərtib olunan aktdan məlumatsız olduğundan aktla razı deyil. Həmçinin, bu akt əsasında ona 282 manat 60 qəpik borc hesablanmasını qanunsuz hesab edir. Bu barədə Cavabdeh İB-nin nümayəndələrinə bildirdikdə, əvvəl borcun silinəcəyini bildirsələr də, sonradan komissiyada baxıldığını, heç bir əsas gətirmədən və məqsədəmüvafiq hesab etmədiklərini 25.08.2020-ci il tarixdə bildirmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30.03.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanda sərf edilən qaz həcminin hesablanması üçün quraşdırılmış G-4 tipli sayğaca baxış keçirilmişdir. Qaz sayğacının flanetsinin (detalları bir-birinə birləşdirən hissə (flanets qazovoqo sçetçika)) plombunun olmaması qeyd edilmişdir. Akt tərtib olunarkən istər abonentin, istərsə də hal şahidlərin iştirakı təmin edilməmiş, formal olaraq abonentin aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Akta əsasən itirilməsi ehtimal olunan qaz sərfiyyatına görə 1512 kub metr hesabı ilə iddiaçıya 302 manat 40 qəpik (1512 m3 x 0,20 manat = 302 manat 40 qəpik) borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, iddiaçıya 302 manat 40 qəpik cərimə hesablanmış və həmin məbləğ abonentin saldosuna, müvafiq qrafaya əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda İddiaçı adına olan sayğacın flanetsinə vurulan plombun aşkar edilmədiyinə görə tərtib olunmuş 30.03.2018-ci il tarixli ******* saylı akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv edilməli və hesablanmış 282 manat 40 qəpik cərimə silinməlidir. Məhkəmə iddiaya tələb həcmində baxdığından və iddia tələbindən kənara çıxa bilmədiyindən, tətbiq olunmuş 302 manat 40 qəpik cərimənin qalan 20 manat hissəsinə hüquqi qiymət verə bilməz. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tətbiq olunmuş cərimənin məhz bildirişdə göstərilən 282 manat 40 qəpik hissəsinin silinməsini tələb edir. Bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda İddiaçı adına olan sayğacın flanetsinə vurulan plombun aşkar edilmədiyinə görə tərtib olunmuş 30.03.2018-ci il tarixli ******* saylı akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv edilməli və hesablanmış 282 manat 40 qəpik cərimə silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda İddiaçı adına olan sayğacın flanetsinə vurulan plombun aşkar edilmədiyinə görə tərtib olunmuş 30.03.2018-ci il tarixli ******* saylı akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv edilsin və hesablanmış 282 manat 40 qəpik cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar