Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-993/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız borc məbləğinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız borc məbləğinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən tərtib edilmiş 09 may 2020-ci il tarixli aktın etibarsız hesab edilərək ləğv edilməsi, 745 manat cərimənin ona olan borcla əvəzləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsbəsi, 1-ci Mədən, 18-ci Korpus 11 A saylı evdə məcburi köçkün kimi ailəsi ilə birgə məskunlaşmışdır. Məcburi köçkün kimi onun limiti vardır, işıq sərfiyyatına görə cavabdehin ona 800 manat borcu yaranmışdır. 08.09.2016-cı il tarixdə məskunlaşdığı evdə sayğac dəyişilərkən ona işıq idarəsinin işçiləri bildirdilər ki, işıq sərfiyyatına görə yığılmış borc əsasında mümkün olacaq və işıq sərfiyyatına görə əlavə pul odəməyəcəkdir. Bundan sonra işıq sərfiyyatına görə yeni sayğac qurulduqdan sonra bir ay ödəniş etmədikdə onun işıq xətti ayrılmışdır. Bundan sonra işıq idarəsinin ona borcu olduğu halda hər ay işlətdiyi işığa görə pul ödəməli olmuşdur. Onun işıq sərfiyyatına görə idarənin ona olan borcu silinməmiş və əlavə olaraq pul ödəmişdir. Bundan sonra bu il məlum koronovirus pandemiyası dövründə onun məcburi köçkün kimi maddi vəziyyətinin ağırlaşdığı zaman işıq idarəsindən yığılmış puluna görə işıq sərfiyyatına ödəniş etmədən istifadə etməyini tələb etdikdə ona həmin borc pul verilməmiş və işıq sərfiyyatına görə ödəniş etmədən istifadəyə imkan vermədilər. Sonradan qəzəblənərək işıq xəttinə müdaxilə etmişdir. Bunu işıq idarəsinin işçiləri aşkar etdikdə, bunu etiraf etmişdir, nəyə görə müdaxilə etməyini də onlara bildirmişdir. 09 may 2020-ci il tarixdə onun sayğaca olan müdaxiləsi cavabdeh tərəfindən rəsmiləşdirilmiş və cərimə kimi 745 manat pul yazılmışdır. Yazılmış cərimənin ona olan borcdan silinməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Hətta ondan yazılmış cəriməni tələb etməklə onun məskunlaşdığı evə gələn elektrik enerjisi dayandırılmaqla hədələmişlər. Məcburiyyət qarşısında qalaraq bu aylar ərzində cərimə ilə əlaqədar hər ay ödəniş etməli olmuş, lakin ödəmələr etdikdən sonra da onun ödənişləri dəyişmədən qalmışdır. Onun işıq idarəsinə olan ödəmə qəbzlərə nəzər salsaq qış və yay fəsillərində hər ay 19-25 manat məbləğində ödəmələr etmişdir. Onun əvvəllər də işığa olan ödəmələri kənar xətt ləğv edildikdən sonra da dəyişmədən qalmışdır. Onu da qeyd etməlidir ki, onun evinə kənar xəttdən elektrik enerjisinin daxil olması heç 15 gün davam etməmişdi, dərhal həmin xətt aşkar edilərək ləğv edilmişdir. Sonda iddiaçıların nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin 12.02.2009-cu il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan **********8011A 811,08 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” ASC tərəfindən tərtib edilmiş 09 may 2020-ci il tarixli akt etibarsız hesab edilməli, İddiaçı adına olan **********8011A saylı abonent kodunda qeyd edilmiş 745 (yeddi yüz qırx beş) manat debitor borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən tərtib edilmiş 09 may 2020-ci il tarixli akt etibarsız hesab edilsin, İddiaçı adına olan **********8011A saylı abonent kodunda qeyd edilmiş 745 (yeddi yüz qırx beş) manat debitor borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-993/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-993/2021
12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver