Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-998/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh BOKT ASC ilə Əliyev Mübariz Əli oğlunun arasında bağlanmış, 28 yanvar 2016-cı il tarixli, 212/16/NF/PB nömrəli və 28 yanvar 2016-cı il tarixli 212/16/NF-PK nörməli kredit müqavilələrinin, həmin kredit müqavilələrinin təminatı olaraq onlar arasında bağlanmış 29 yanvar 2016-cı il tarixli, 03 nömrəli və 29 yanvar 2016-cı il tarixli 11 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Əliyev Mübariz Əli oğlu ilə 1987-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdeh onun xəbəri və razılığı olmadan digər Cavabdeh BOKT ASC-dən 28 yanvar 2016-cı ildə kredit müqaviləsi bağlanmış, cavabdeh cəmiyyətdən 236.428 ABŞ dolları və 50.000 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh Mübariz Əliyevdən bunu soruşduqda isə həmin kreditin başqa adamın adına götürüldüyünü, onun zamin durduğu barədə yalan söyləmişdir. Əslində isə cavabdeh Mübariz Əliyevlə 5 ildir ki, faktiki bir yerdə yaşamırlar. Onun kredit götürməsinə səbəb ondan ayrıldıqdan sonra borcu ondan tələb etmək olmuşdur. Yəni, bankla Mübariz Əliyev görünüş üçün müqavilə bağlamışdır. Bundan başqa, cavabdeh Mübariz Əliyev birgə nikah dövründə əldə olunan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,01191 ha torpaq sahəsində yerləşən bağ evini və ünvan 1 ünvanında olan 0,02572 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 28 yanvar 2016-cı ildə həmin kredit müqaviləsinin təminatı olaraq 29 yanvar 2016-cı il tarixli, 11 və 03 saylı əlavə ilə kredit təşkilatına ipotekaya qoyulmuşdur. Ancaq, bunu edərkən iddiaçının notarial qaydada razılığını almamışdır. Bu səbəbdən də iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada qabaqcadan məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, işə mahiyyəti üzrə baxıb, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 28.01.2016-cı il tarixli kredit (borc) müqaviləsinin surətindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, “borcverən” krediti “borcalana” 50.000 ABŞ dolları məbləğində pul vəsaitini verir, “borcalan” isə həmin kredit məbləğini “borcverən”ə hissə-hissə olmaqla 24 ay müddətinə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 28.01.2016-cı il tarixli, 212/16/NF/PB nömrəli kredit (borc) müqaviləsinin surətindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, “borcverən” krediti “borcalana” 236.428 ABŞ dolları məbləğində pul vəsaitini verir, “borcalan” isə həmin kredit məbləğini “borcverən”ə hissə-hissə olmaqla 84 ay müddətinə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 03 iyul 2008-ci il tarixli, 324/08 PBN nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kreditin qaytarılması üçün təminat kimi ipotekaqoyan şəxs sayılan Əliyev Mübariz Əli oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əhmədov Elman küçəsində istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 26C nömrəli 2 mərtəbəli 191 kv.m yaşayış, 254,3 kv.m köməkçi sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi tərəflər arasında razılaşmaya əsasən 250.000 manat məbləğində qiymətləndirilmişdir. Daşınmaz əmlakı ipotekasaxlayan kredit müqaviləsinin təminatı kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilən ərizələrin təsdiq olunmuş surətlərindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürdüyünü, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7600/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsilə iddiaçı Cavabdeh BOKT ASCnin cavabdeh Əliyev Mübariz Əli oğluna qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsindən Mübariz Əliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Mübariz Əliyevdən 2016-cı il 28 yanvar tarixli kredit müqaviləsi üzrə Cavabdeh BOKT ASC-nin xeyrinə 30.775,28 ABŞ dolları faiz, 1500 ABŞ dolları dəbbə pulu, 2016-cı il 28 yanvar tarixli, 212/16/NF-PK №-li kredit müqaviləsi üzrə 715,81 ABŞ doloları faiz borcunun tutulması hissələrində dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5380/2021 saylı, 16.11.2021-ci il tarixli qərarı ilə cavabdeh Əliyev Mübariz Əli oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7600/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Əliyev Mübariz Əli oğlu ilə 1987-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Əliyev Mübariz Əli oğlu iddiaçının xəbəri və razılığı olmadan Cavabdeh BOKT ASC-dən 28 yanvar 2016-cı ildə kredit müqaviləsi bağlamış və cəmiyyətdən 236.428 ABŞ dolları və 50.000 ABŞ dolları kredit götürmüşdür. İddiaçı Mübariz Əliyevlə 5 ildir ki, faktiki bir yerdə yaşamır, faktiki boşanıblar. Bundan başqa, cavabdeh Mübariz Əliyev birgə nikah dövründə əldə olunan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,01191 ha torpaq sahəsində yerləşən bağ evini və ünvan 1 ünvanında olan 0,02572 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 28 yanvar 2016-cı ildə həmin kredit müqaviləsinin təminatı olaraq 29 yanvar 2016-cı il tarixli, 11 və 03 saylı əlavə ilə kredit təşkilatına ipotekaya qoyulmuşdur. Cavabdeh BOKT ASC ilə Əliyev Mübariz Əli oğlu arasında müxtəlif müqavilələr bağlanmışdır. Müqavilələr bağlanarkən onun mühüm şərtlərinə əməl edilmiş, tərəflərin imzası ilə təsdiq edilmişdir. Hazırda İddiaçı (Əliyev Mübariz Əli oğlunun yoldaşı) məhkəməyə müraciət edərək, 28 yanvar 2016-cı il tarixli 212/16/NF/PB nömrəli və 28 yanvar 2016-cı il tarixli, 212/16/NF-PK nömrəli kredit müqavilələrinin, həmin kredit müqavilələrinin təminatı olaraq onlar arasında bağlanmış 29 yanvar 2016-cı il tarixli, 03 nömrəli və 29 yanvar 2016-cı il tarixli 11 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsini tələb edir. Lakin, iddiaçı sözügedən müqavilələrin etibarsızlığına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirmədi. Ümumiyyətlə, iddiaçı tərəflər arasında imzalanmış mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsini tələb etsə də, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-998/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-998/2022
15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver