Məhkəmə qərarları › İş №2(007)-102/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-102/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-102/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə, onun vəkili Vəkil2, X5 Yefimoviçin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : 1.İddiaçı Cavabdeh qarşı olan “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdehy Vitalyeviçə 5000 manat kompensasiya verməklə onun mülkiyyətində olan Bakı şəhəri, R.Rüstəmov küçəsi, ev 35, mənzil 23-ə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən qiymətləndirmə rəyinə əsasən cavabdehə 12600 manat kompensasiya verilməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən o, Bakı şəhəri, R.Rüstəmov küçəsi, ev 35, mənzil 23-də yerləşən ümumi sahəsi 56 kv.m olan yaşayış sahəsinin tam mülkiyyətçisidir. Nizami rayonu, 57 saylı MKTB-nin xx.xx.2024-cü il tarixli, 262№-li forma 2 arayışına əsasən mülkiyyətində olan mənzildə cavabdeh olan oğlu Cavabdehy Vitalyeviç və qızı Nümayəndə rəsmi qeydiyyatdadırlar. Hal-hazırda mübahisəli mənzildə onunla birlikdə qızı Nümayəndə yaşayır. Cavabdeh olan oğlu Anatoliy Belyayev 2005-ci ölkədən çıxıb Rusiya dövlətinə daimi yaşamaq üçün getmişdir və bir daha qayıtmamışdır. Bildiyinə görə, o həmin dövlətin Elektrostal şəhərində ailəsi və uşaqları ilə birlikdə yaşayır. Lakin onunla heç bir əlaqə saxlamır və bir anası kimi maraqlanmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti 7 saylı Tibbi sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli və xxxxxxx0001 №-li rəyinə əsasən o, müddətsiz 2-ci dərəcəli əlildir. Övladları tərəfindən ona heç bir qayğı göstərilmir. Cavabdeh onunla telefon əlaqəsi saxlamır, səhhəti ilə maraqlanmır. Qızı öz həyatını yaşayır. Cavabdeh artıq 9 ildir ki, ölkəni tərk edib və onun mülkiyyətində olan mənzildən istifadə etmir. Bu səbəbdən hazırki, iddia ilə məhkəməyə müraciət edir.

İş materialları :

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən İddiaçı məxsusdur.

4. Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 57 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 262 nömrəli arayışdan görünür ki, ünvan 1-də İddiaçı, Cavabdeh və Nümayəndə daimi qeydiyyatdadırlar.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli çıxarışından görünür ki, İddiaçı müddətsiz 2-ci dərəcəli əlildir.

6. İş materiallarına 8 ədəd fotoşəkil əlavə edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Viltayeviç dövlət sərhədindən xx.xx.2017-ci il tarixdə çıxışı barədə qeydiyyat vardır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2482/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1-dən cavabdeh Nümayəndə qeydiyyatdan çıxarılmasını Bakı şəhəri Nizami rayon polis İdarəsinə həvalə edilməsinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Nümayəndə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 35 saylı evin, 23 saylı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 13491/2019 saylı qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2277/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1244/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13491/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Ramin Qasımovun “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, 2 (007)-1608/2024 nömrəli mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə tədqiqat obyektinə baxış keçirilmiş, lakin aparılmış tədqiqat nəticəsində, həmin ərazi üzrə və tədqiq olunan mənzilin təmir səviyyəsinə uyğun internet saytlarında və eləcə də Mərkəzdə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

13. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzilin orta bazar və orta aylıq kirayə haqqı dəyəri haqqında qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzilin hazırki dövrdən növbəti 3 il üzrə orta bazar və orta aylıq kirayə haqqı aşağıdakı kimidir: 2025-ci il üçün; orta bazar dəyəri-152000 manat, orta aylıq kirayə haqqı-300 manat 2026-cı il üçün; orta bazar dəyəri-159000 manat, orta aylıq kirayə haqqı-350 manat 2027-ci il üçün; orta bazar dəyəri-167000 manat, orta aylıq kirayə haqqı-400 manat

14. ƏXZ/3 seriyalı, 415518 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Vəkil1 tərəfindən 300 manat qiymərləndirmə xərci ödənilmişdir.

15. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 170 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

16. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh mübahisə predmeti olan evdə heç vaxt yaşamamışdır. Oğluna Rusiyada üçüncü övladı olduğu üçün ona pul verilmiş, həmin pulla ev almışdır. Oğlu və gəlininin orada işləyib-işləməməsi barədə məlumatı yoxdur. Hazırda qızı ilə münasibətləri çox pisdir. Qızı onu çox incidir, ona yaşamağa şərait yaratmır.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq izahatında bildirmişdir ki, iş materiallarında olan etibarnamədən də görünür ki, cavabdeh Rusiya vətəndaşıdır, onun rəsmi ünvanı qeyd edilmişdir. Onlar cavabdehə qiymətləndirmə rəyi ilə müəyyən edilmiş 12600 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini xahiş edirlər.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qardaşı 2018-ci il tarixində Rusiyaya getmişdir. Qardaşı Bakıda yaşadığı zaman onun övladı doğulduqdan sonra evdə şərait olmadığından evdən çıxıb başqa yerdə kirayədə yaşamışdır. 2006-cı ildən qardaşı kirayə evdə qalmış, daha sonra isə 2012-ci ildə yenidən gəlib evdə yaşamışdır. Anası 2013-cü ildə qardaşını evdən çıxartmış, qardaşı Rusiyaya gedənə qədər kirayə evdə qalmışdır. Kimsə anasına ona baxacağını demişdir, buna görə də onları evdən qeydiyyatdan çıxartmaq istəyir. Qardaşı Rusiyada icra məmuru işləmir, orada sürücü işləyir. O, iddiaçıdan ən azı 30 min manat kompensasiya məbləği tələb edir. Qardaşı ilə telefon əlaqəsi saxlamış, qardaşı ümumiyyətlə hər hansı kompensasiya məbləği ilə razı deyil, qeydiyyatdan çıxmaq istəmir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin vəkili Vəkil2 izahatında cavabdehlə əlaqə saxladıqlarını, lakin cavabdehin ümumiyyətlə iddia tələbi ilə razı olmadığını, evdən qeydiyyatdan çıxmaq istəmədiyini bildirmişdir. İşin faktiki halı :

20. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzili İddiaçı xx.xx.2009-cu ildə vəfat etmiş əri X1 vərəsəlik qaydasında əldə etmişdir.

21. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzil xx.xx.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

22. Cavabdeh-xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzildə 1994-cü ildə yaşamağa başlamışdır.

23. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzil 1994-cü ildə Dövlət mənzil fonduna məxsus olmuşdur.

24. Cavabdeh xx.xx.2017-ci ilədə Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. 116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarı.

Məhkəmənin mövqeyi :

30. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

31. İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi" tələbini cavabdehin uzun müddətdir mübahisə obyekti olan mənzildə yaşamaması, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşaması, onunla maraqlanmaması ilə əsaslandırmışdır.

32. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə qarşı olan iddia tələbinin hüquqi əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsini bildirməsinə bamayaraq iddia tələbinin hüquqi əsası iddiaçının məhkəməyə bildirdiyi faktiki hallara əsasən məhkəmə tərəfindən müəyyən edilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

35. İşin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzil iddiaçının əri X4 məxsus olmuşdur. Mənzil xx.xx.1996-cı ildə X2 adına qeydiyyatdan keçmişdir. Həmin tarixədək mənzil dövlət mənzil fonduna məxsus olmuşdur. İddiaçı 1994-cü ildə X3 faktiki nikah münasibətlərinə daxil olaraq uşaqları ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. Cavabdeh 2004-cü il tarixdən mübahisəli mənzilə qeydiyyata alınmışdır. X2 ölümündən sonra (xx.xx.2009) iddiaçı mübahisə obyekti olan mənzili miras əmlak olaraq almışdır.

36. Məhkəmə qeyd edir ki, Cavabdeh 1994-cü ildə mənzilin mülkiyyətçisi tərəfindən həmin mənzilə köçürülərək mənzildə yaşamağa başladığından mənzildən istifadə ilə bağlı hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.

37. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.

38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

39. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

40. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

41. Məhkəmə qeyd edir ki, Cavabdeh 1994-cü ildə mənzilin mülkiyyətçisi tərəfindən mənzilə köçürülmüş, həmin mənzildə anası, bacısı və mülkiyyətçi ilə birlikdə yaşayaraq ümumi təsərrüfatı aparmış və digər şəxslərlə bərabər surətdə mənzildən istifadə etmək hüququ əldə etmişdir.

42. İşin müəyyən edilmiş digər faktiki halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2017ci ilədə Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. Ailəsi ilə bildikdə orada yaşayır, 3-cü uşağı orada dünyaya gəlmişdir. Həmin tarixədək isə cavabdehin nümayəndəsinin məhkəməyə bildirdiklərinə əsasən müəyyən edilmişdir ki, cavabdeh 2006-cı ilə evdən köçərək kirayədə yaşamağa bağşlamış, daha sonra 2012-ci ildə evə geri qayıdaraq yaşamağa başlasa da, evdə uşaqların yaşaması üçün şərait olmadığından yenidən köçərək kirayədə yaşamağa başlamışdır.

43. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

44. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

45. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazında cavabdehin evdən iddiaçı tərəfindən çıxarıldığını, cavabdehin ölkəyə gəldikdə həmin mənzildə yaşayacağını bildirsə də, məhkəməyə cavabdehin köçərək evdə yaşamaq istəməsi, iddiaçı tərəfindən evdə yaşamasına icazə verilməməsi, evdən çıxarılmasına dair sübut təqdim edilməmişdir. Digər tərəfdən isə cavabdehin nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, cavabdeh özü evdə uşaqların yaşaması üçün şərait olmadığına görə 2012-ci ildə köçərək kirayədə yaşamağa başlamışdır.

46. Həmçinin cavabdeh tərəfindən nümayəndəsinə verilmiş etibarnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Rusiya DİN tərəfindən pasport verilmişdir. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında izahatında cavabdehin Rusiyada sürücü işlədiyini bildirsə də, əvvəlki məhkəmə iclasında məhkəmə icraçısı işlədiyini bildirmişdir.

47. Müəyyən edilmişdir ki, Cavabdeh mübahisə obyekti olan mənzili könüllü olaraq tərk edərək 6 aydan uzun müddətdir ki həmin mənzildə yaşamır. Özünə daimi yaşayış yeri seçərək ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 23 saylı mənzilə olan istifadə hüququnu itirmişdir.

48. Məhkəmə iddiaçının tələbinin cavabdehə kompensasiya verilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. Məhkəmə qeyd edir ki, mübahisə həll edilərkən ilk növbədə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Müyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi olaraq İddiaçı mülkiyyət hüquqlarını pozduğundan, həmin mənzildən istifadə, sərəncam və digər hüquqlarını həyata keçirməsinə maneçilik törətdiyindən iddiaçı kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsini, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini istəyir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.

50. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh həmin mənzilə olan istifadə hüququnu itirmişdir, lakin iddiaçı cavabdeh onun oğlu olduğu üçün cavabdehə kompensasiya verilməsini istəyir.

51. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququ olub, cavabdehin mənafeyinə zidd deyildir.

52. İddiaçı cavabdehin mənzilə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozduğundan 5000 manat kompensasiya verilməklə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmiş, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq iş üzrə rəy almış və rəydə 3 illik kirayə haqqı 12600 manat olaraq müəyyən edilmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək cavabdehə 12600 manat kompensasiya verilməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

53. Cavabahdehin nümayəndəsi isə izahatında ilk öncə 30000 manat kompensasiya məbləği ilə razı olduğunu bildirmiş, daha sonra isə qardaşı ilə əlaqə saxladığını və qardaşının ümumiyyətlə məbləğdən asılı olmayaraq tələbi qəbul etmədiyini bildirmişdir.

54. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi nəzərə çatdırmağı zəruri hesab edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərar).

55. Məhkəmə qeyd edir ki cavabdeh iddia tələbini qəbul etməsə də, nəzərə alınmalıdır ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqularını pozduğundan iddiaçının tələbi əsaslıdır.

56. Məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd emişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına mülkiyyət hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyəta keçirilməsi imkanının məhdudlaşdıırlması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur.

58. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının həmin evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit edir.

59. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ödənilən kompensasiya məbləği isə cavabdehin mənafeyinə uyğun olub, 12600 manat məbləğində kompensasiya ödənilməsi cavabdehin vəziyyətini pisləşdirməməklə, tam əksinə maddi vəziyyətini yaxşılaşdıracaqdır. Bazar qiymətinə uyğun olaraq müəyyən edilmiş 12600 manat məbləğində pul vəsaiti onun ölkəyə gələcəyi halda davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir.

60. Məhkəmə onu da qeyd edir ki, cavabdehin mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi iddiaçının tələbi olduğundan, cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi kompensasiya ödənilməsi ilə eyni vaxtda icra edilməlidir.

61. Məhkəmə qeyd edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

62. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.

63. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Məhkəmə xərcləri:

64. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına görə müəyyən edilmiş 800 manat xərc ağlabatan məbləğ olmadığından, 300 manat məbləğində müəyyən edilməli və çəkilmiş xərc iddiaçıya aid edilməlidir.

65. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, cavabdehin nümayəndəsinin vəkili Vəkil2 göstərdiyi 12 iş saat hüquqi xidmətə görə 72 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməldir.

Nəticə :

66. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı tərəfindən 12600 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ünvanında yerləşən 35 nömrəli evin 23 nömrəli evdən istifadə hüququna xitam verilməlidir.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 12600 (on iki min altı yüz) manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ünvanında yerləşən 35 nömrəli evin 23 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh 12600 manat məbləğində kompensasiyanın ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ünvanında yerləşən 35 nömrəli evin 23 saylı mənzilə istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Məhkəmə xərcləri (dövlət rüsumu, qiymətləndirmə xərci) iddiaçının özünə aid edilsin. Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil2 göstərdiyi 12 iş saatı hüquqi yardıma görə müvafiq hesablaşma hesabı üzərindən 72 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar