Məhkəmə qərarları › İş №2(007)-1030/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1030/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1030/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “kirayə müqaviləsi və mənzildən çıxarılma” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 11 aprel 2021-ci il tarixdə 01 saylı müqaviləyə xitam verilməsinə, həmin müqavilə üzrə yaranmış 10 810 manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə və mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 1 ünvanından cavabdehin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında "Yaşayış sahəsinin kirayəsi” haqqında 11 aprel 2021-ci il tarixdə 01 saylı müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə kirayəyə verən 1.2-ci bəndində göstərilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ********* saylı çıxarışa əsasən mülkiyyətində olan mənzili yaşayış sahəsi qismində istifadə edilməsi üçün kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun qarşılığında 400 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürür. Kirayə predmeti ünvan 2 ünvanında yerləşir. Həmin müqavilənin 2-ci bəndinə əsasən kirayə haqqının ödənilməsi kirayə münasibətlərinin yaranmasından başlayaraq hər ayın 11-dən 11-dək nəğd qaydada həyata keçirlir. Bu müqavilənin 3.1.8-ci bəndinə əsasən kirayə verən müqavilə müddətinin bitməsinədək müqaviləyə xitam vermək istədikdə bu barədə 1 ay qabaqcadan kirayəçini xəbədar etməlidir. Kirayə müqaviləsi üzrə onun 10 810 manat borcu yaranmışdır. Həmin borcla bağlı tərəfindən ona dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bundan başqa mülkiyyət hüquqi ilə ona məxsus olan mənzildən çıxarılma ilə bağlı dəfələrlə müraciət etsə də, nəticəsiz qalmışdır. Mülkiyyət hüquqi ilə ona məxsus olan mənzildən çıxmasını və müqavilə üzrə yaranmış 10810 manatı ona ödənilməlidir.

İş materialları :

3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən xx.xx.2024-cü il tarixli elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

4. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli kirayə müqaviləsindən görünür ki, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə Kirayəyə verən 1.2ci bənddə göstərilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ********* saylı çıxarışa əsasən mülkiyyətində olan mənzili yaşayış sahəsi qismində istifadə edilməsi üçün kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun qarşılığında hər ay 400 manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

5. İş materiallarına əlavə edilmiş “yaşayış sahəsinin kirayəsi haqqında müqaviləyə 1 saylı əlavə”dən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə aktda qeyd olunan sayda istifadəyə tam yararlı və saz vəziyyətdə yataq dəsti (1 ədəd çarpayı, 1 ədəd dolab, 1 ədəd güzgülü tirmo, 2 ədəd tumba), stol-stul (1 ədəd stol, 4 ədəd stul), soyuducu, 1 ədəd BEKO markalı soyuducu, televizor 1 ədəd, divan 1 ədəd, kondisoner , 1 ədəd LG markalı kondisioner, mətbəx mebeli, aspirator, paltaryuyan, 1 ədəd BEKO markal paltaryuyan, su qızdırıcı, 1 ədəd ariston markalı su qızdırıcı, qaz plitəsi 1 ədəd, çılçıraq (1 ədəd bir gözlü və iki ədəd 5 gözlü), xalça 3 ədəd, yataq örtüyü 1 ədəd, pərdə (1 ədəd, gün keçirməz 4 ədəd ) mebel və digər ləvazimatlara İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Su, qaz və elektrikə görə borc yoxdur. Qaz sayğacının balansında 10 manat balans var.

6. İş materiallarına ***-***-**-** nömrəsi ilə aparılan “whatsapp” yazışmaları əlavə edilmişdir.

7. “Azerishiq.az” saytında İddiaçı məxsus olan **********40005 nömrəli abonent koduna dair məlumatlardan görünür ki, xx.xx.2025-xx.xx.2025 dövr üçün 66.62 manat borc vardır.

8. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, aralarında bağlanılmış 11 aprel 2021-ci il tarixdə 01 saylı müqaviləyə xitam verilməsi, həmin müqavilə üzrə yaranmış 10810 manat pulun ona ödənilməsi və mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 1 ünvanından 2 (iki) həftə müddətində çıxması tələb edilmiş, əks halda tərəfindən yaranmış 10810 manat pulun ödənilməsi, evdən çıxarılma ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərərfindən məhkəməyə müraciət etmək üçün 123 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlanılarkən o izahatında, mənzili 3 aya yaxın bir müddətdir ki, tərk etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında isə cavabdeh bir ildir ki kirayə haqqını ödəmədiyini və ödəməyə imkanı olmadığını bildirmişdir.

12. Belə olan halda, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İşin müəyyən edilmiş halı odur ki, İddiaçı ilə Cavabdeh arasında kirayə müqaviləsi bağlanmışdır.

14. Kirayə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan mənzil bir il müddətinə, hər ay 400 manat kirayə haqqı ödənilməsi şərti ilə Cavabdeh kirayəyə verilmişdir.

15. Kirayə müqaviləsinin müddəti qurtardıqdan sonra kirayə verən olan iddiaçı kirayəçi cavabdehdən mənzilin təhvil verilməsini və kirayə haqqı borcunun ödənilməsini tələb etsədə, cavabdeh tərəfindən mənzil təhvil verilməmiş və kirayə haqqı borcunun ödənilməsi ilə bağlı öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehdən tələb edilən 10810 manat məbləğində kirayə haqqı borcunun hər ay 400 manat məbləğindən hesablandığını bildirmişdir.

17. Cavabdeh təxminən 1 ildir kirayə haqqı ödənişi etmədiyini bildirmişdir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; 692.2.2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; 692.2.3. kirayə hüquq münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən sərfəli istifadə edə bilmədikdə və buna görə xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış otağının başqa şəxslərə kirayəyə verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək haqq almaq imkanı hesaba alınmır. Kirayəyə verən həmçinin buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə verildikdən sonra nəzərdə tutulmuş və ya həyata keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir; 692.2.4. kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda. Bu halda kirayəçi kirayə haqqının ağlabatan dərəcədə azaldılmasını tələb edə bilər. Əgər həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin başlanması uzadılırsa, kirayəçi yardımçı otaqlar barəsində kirayə hüquq münasibətlərinin müvafiq müddətə uzadılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. İddiaçı Cavabdeh qarşı olan “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və mənzildən çıxarılma” tələbini cavabdehin kirayə müqaviləsi üzrə kirayə haqqını ödəməməsi və kirayəyə götürdüyü mənzildən çıxmaması ilə əsaslandırmışdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir.

22. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

23. İşin faktiki halı odur ki, İddiaçı ilə Cavabdeh arasında kirayə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

24. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin kirayə münasibətlərini tənzimləyən maddi hüquq normaları təşkil edir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

26. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən kirayə verən iddiaçı mülkiyyətində olan mənzili bir il müddətinə 400 manat kirayə haqqı müqabilində cavabdehin sahiblik və istifadəsinə vermişdir. Cavabdeh isə kirayə müqaviləsindən irəli öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, onun iddiaçı qarşısında kirayə haqqı borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik lazımi qaydada yerinə yetirilmədiyi üçün iddiaçı cavabdehdən müqavilə müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən sonra evi tərk etməsini tələb etmişdir.

27. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 077 588 36 44 mobil telefon nömrəsi (qeyd edilən nömrə ilə məhkəmə iclasında cavabdeh ilə telefon əlaqəsi saxlanılmışdır, həmçinin məhkəmə tərəfindən cavabdeh göndərilən bildirişin də yazışmalarda öz əksini tapması həmin nömrə ilə aparılan yazışmaların cavabdehlə aparıldığını göstərir) ilə aparılan “whatsapp” yazışmalarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarxidə iddiaçı cavabdehdən müqavilə müddəti bitdikdən sonra evi tərk etməsini tələb etmişdir.

28. Yəni müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə müqavilə münasibətləri bitdikdən sonra kirayə münasibətlərini davam etdirmək ilə bağlı iradəsi olmamış, əksinə evi tərk etməsini tələb etmişdir. Görünür ki, iddiaçının kirayə münasibətlərini davam etdirmək istəməməsinin əsas səbəbi cavabdeh tərəfindən kirayə haqqının ödənilməsi ilə bağlı öhdəliyinin lazımi qaydada icra edilməməsi olmuşdur.

29. Məhkəmə iddia tələbinin kirayə müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 693.2-ci maddəsinə əsasən yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq münasibətləri aşağıdakı hallarda qeyrimüəyyən müddətə uzadılır: 1. əgər kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan istifadəni davam etdirirsə və iki həftə ərzində kirayəyə verən və ya kirayəçi əks niyyətdə olduğu barədə müvafiq olaraq digər tərəfə bildiriş vermirsə. Kirayəçi üçün müddət istifadənin davam etdiyi andan, kirayəyə verən üçün bu davametmənin ona məlum olduğu andan başlanır; 2. əgər ləğvetmə bu Məcəllənin 692-ci maddəsinin göstərişlərinə uyğun həyata keçirilmirsə.

30. Qeyd etdiyimiz kimi işin məhkəmə tərəfindən müəyyən edilmiş halı odur ki, cavabdeh tərəfindən iddiaçı ilə kirayə müanasibətlərini davam etdirmək niyyətində olmaması ilə bağlı iradə ifadəsi bildirilmiş, buna dair iradəsi yazılı formada “whatsapp” mobil tətbiqi vasitəsilə bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, kirayə verən iddiaçı tərəfindən cavabdeh ilə kirayə münasibətlərini davam etdirməmək üçün əsaslı mənafeyi olmuşdur və bu əsas iddiaçı tərəfindən cavabdehə göndərilən yazılı mətnlərdə öz əksini tapmışdır.

31. Belə ki, nəzərə alınmalıdır ki, kirayə verən tərəfindən əmlakın kirayə verilməsində məqsəd gəlir əldə etmək olduğundan, kirayəçi olan cavabdeh tərəfindən kirayə haqqı öhdəliyinin lazımi qaydada icra edilmədiyi halda iddiaçı kirayə münasibətlərini davam etdirmək istəməməklə haqlı olmuşdur. Lakin işin digər faktiki halı odur ki, iddiaçı tərəfindən cavadehdən kirayə müqaviləsinin müddəti bitdikdən sonra mənzili tərk etməsi tələb edilsə də, cavabdeh həmin mənzili tərk etməməmiş və mənzildən istifadəni davam etdirmişdir.

32. Məhkəmə iddia tələbinin kirayə müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında olan kirayə müqaviləsi kirayə müqaviləsinin müddəti bitdiyi vaxtda xitam verildiyindən qeyd edilən tələbə dair qərar qəbul edilməsinə zərurət yoxdur.

33. Məhkəmə qeyd edir ki, kirayə müqaviləsinə xitam verildikdən sonra cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadəni davam etdirməsi üçün qanuni əsaslar olmadığı üçün iddiaçı cavabdehə qarşı mənzildən çıxarılma tələbini irəli sürməkdə haqlı olmuşdur.

34. Məhkəmə iddia tələbinin “mənzildən çıxarılma” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilə məhkəmə iclasında aparılan telefon danışıqları zamanı o, mənzili tərk etdiyini bildirsə də, cavabdeh tərəfindən qeyd edilən hal ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin mənzili tərk etməsi ilə bağlı verdiyi izahat iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasında təsdiq edilməmişdir. Əksinə izahatında bildirmişdir ki, onun özü tərəfindən də cavabdeh ilə telefon danışıqları aparılmasına baxmayaraq o, mənzildən çıxmamışdır.

35. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

37. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Buna görə də məhkəmə həmin cavabdehin hazırkı mübahisədən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə almışdır.

39. İddia tələbinin cavabdehdən kirayə haqqı borcunun tutması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında kirayə haqqı borcunun olması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən hal həm məhkəmə iclasında cavabdeh ilə aparılan telefon danışığı zamanı, həmçinin məhkəmə iclasında tədqiq edilmiş “whatsapp” yazışmaları ilə öz təsdiqini tapmışdır.

40. İddia tələbinin kirayə haqqı borcunun tutulması hissəsində işin mübahisəli halı kirayə haqqı borcunun məbləği və onun hansı dövrdə (yə müqaviləsinin qüvvədə olduğu müddət və ya sonrakı dövrdə) yaranmış borc olması ilə bağlıdır.

41. Belə ki, iddiaçı tərəfindən cavabdehdən 10810 manat kirayə haqqı borcunun tutulması ilə bağlı tələb irəli sürülməsinə baxmayaraq qeyd edilən hal ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehin 10810 manat kirayə haqqı borcu olmasını təsdiq edən yeganə sübut qismində məhkəməyə cavabdeh ilə aparılan “whatsapp” yazışmaları təqdim edilmişdir. Lakin həmin yazışmaların dəqiq hansı tarixdə aparılması, həmin yazışmalara əsasən cavabdehin iddiaçıya 10810 manat borcu olmasını qəbul etməsinə dair hal müəyyən edilməmişdir.

42. Məhkəmə iclasında cavabdeh ilə aparılan telefon danışığı zamanı iddiaçıya bir il kirayə haqqı borcu olduğunu bildirmişdir.

43. Məhkəmə kirayə haqqının məbləği ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanılmış kirayə müqaviləsinə əsasən kirayə haqqı 400 manat olaraq müəyyən edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili 10810 manat kirayə haqqı borcunu aylıq 400 manat olaraq hesabladıqlarını bildirmişdir. Belə olan hada məhkəmə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə bir il üçün 4800 manat məbləğində kirayə haqqı borcu tutulmalıdır.

44. Tərəflər arasında kirayə müqaviləsinə xitam verildikdən sonrakı dövrdə yaranmış kirayə haqqı borcu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

45. Belə olan halda, məhkəmə qeyd edir ki, tərəflər arasında kirayə müqaviləsinə xitam verildiyi dövrdən sonrakı dövr üçün də İddiaçı Cavabdeh qarşı olan kirayə haqqı borcunun tutulması tələbi əsaslıdır.

Məhkəmə xərcləri :

46. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

47. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılmalı və Cavabdeh 4800 manat kirayə haqqı və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılsın və Cavabdeh 4800 manat kirayə haqqı və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar