Məhkəmə qərarları › İş №2(007)-1042/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1042/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1042/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "KATV1" əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində bir aylıq abunə haqqı qismində vurulmuş 10 manat zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 80 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATVT1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MTK tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil yanvar 2016-cıildən iyun 2016-cı ilədək cavabdehə məxsus olub. Həmin ünvandan Zeynalov Ruslan əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Belə ki, son abunə haqqının ödənilməsi xx.xx.2014-cü il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə xx.xx.2014-cü ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Həmin ünvanda yerləşən kabel şəbəkəsinə xx.xx.2016-cı il tarixdə son baxış keçirilmişdir. Sonra isə xx.xx.2016-cı il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunmuş ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6003 N saylı akt tərtib olunmuşdur. Belə olan halda, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində “AG Telekom" MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi xx.xx.2016-cı il tarixdə qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 170 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 51 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Belə ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən admətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirkaı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəməyə gəlməmiş və gəlməmə səbəbi barədə də, məhkəməyə heç bir məlumat göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını nəzərdən keçirib və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - 29 iyun 2016-cı il tarixli, 6003 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X1, İddiaçı MMC KATV1-in əməkdaşı X2 və R.İ.T.N-nin nümayəndəsi X3 iştirakı ilə 29 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 1 ünvanda yerləşən mənzil kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 2 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması müəyyən edilmişdir. - İddiaçı MMC-in 11 noyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət və nəzarət edilməsindən ötrü “Ədalət“ MMC-yə 150 manat məbləğində vəsait ödənilmişdir. - 12 noyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərtəfindən məhkəməyə iddia verilməsindən ötrü 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin mahiyyətindən görünür ki, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2. maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, ünvan 1 mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə akt tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, akt hər hansı hərəkət və faktı təsdiq edən sənəddir və tərtib edilmiş hər akt bir faktı təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 10 manat olduğundan, cavabdehdən həmin abunə haqqı qismində vurulmuş zərər tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi tələb olunan 50 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla bərabər, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurduğu ziyana görə 10 manat abunə haqqı, nümayəndəyə çəkilən xərclərə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 80 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 manat məbləğində abunə haqqı qismində vurulmuş zərər, nümayəndəyə ödənilən hüquqi xidmət haqqı kimi 50 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar